Eldar Sabiroğlu: Əbdül də şəhiddir!

Əbdülün ölümü məni çox sarsıtdı. O, vətən qazisi idi, şəhidlik zirvəsini də qət etdi.  Mən onu bü cür də qəbul edirəm.  Düşmənə qarşı ağır döyüşlərdə əsl qəhrəmanlıq göstərərək adını ölümündən əvvəl  tarixə həkk etdirmişdi. Müqəddəs döyüşdə aldığı ağır yara 25 il onunla bərabər oldu. Amma o, yenə də vətən, torpaq sevdalısı olaraq sınmadan həyatını davam edərək vüqarını uca tutdu. Belə atadan da Rasim kimi oğul yetişə bilərdi.
Yataq xəstəsi olmasına baxmayaraq, Əbdül vətənə məhəbbətini bir an belə unutmadı.  Ömrünün sonlarına yaxın oğlu Rasimin torpaq uğrunda canını fəda etməsi onu daha da qürurlandırdı.   O, bu itkini dərd kimi özünə yaxın buraxmadı. Əlil arabasında gəzişən Əbdül Rasimin şəhadətə qovuşduğu gün hərbi libasa büründü. Bu, ata-balanın düşmən üzərində qələbəsini göstərən və həyacansız seyr edilməsi mümkün olmayan təkrarsız mənzərə idi. Eşitdim ki, yeri cənnət-məkan olan Əbdül oğlunun şəhidlik zirvəsinə yetişməsini göz yaşı ilə  yox,  fəxarətlə qarşılayıb.  Belə qəhrəman ata və igid oğlu olan vətən torpağı   tapdaq altında qala bilməz. Onlar axirət dünyasında da öz müqəddəs ruhları ilə düşmənə qarşı duracaqlar! Əbdül yəqin ki, indi çox rahatdır. Canı qədər istədiyi qəhrəman oğlu Rasimə qovuşmuşdur. Hər ikisinin də yeri cənnət -məkandır.
Mən Əbdülün  ailəsinə, qardaşı Sərdar, Qurban və Süleymana dərin hüznlə baş sağlığı verir və dərdlərinə şərik olduğumu ifadə edirəm.  Allah rəhmət etsin.
   Eldar Sabiroğlu