Eldar Mahmudovun prezidentlik ssenarisi və “kölgə kabineti”

Ləğv edilən MTN-nin sabiq şefi Eldar Mahmudovun xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda əsas məqsədinin prezident kreslosuna yiyələnmək və bu yolda həmin dövlətlərin imkanlarından yararlanmaq olduğundan bəhs etmişdik
Bu günlərdə moderator.az-a E.Mahmudovun prezidentlik ssenarisi ilə bağlı maraqlı informasiya daxil olub.
Sən demə, E.Mahmudov öz məqsədinə çatmaq üçün prezidentlik postuna bir addım da yaxınlaşmaq üçün ilkin olaraq baş nazir kreslosunu ələ keçirməyi planlaşdırıbmış:
“E.Mahmudovun prezidentlik ssenarisi onun öncə baş nazir postuna təyinatını nəzərdə tuturdu. Sabiq nazir hesab edirdi ki, baş nazir kreslosu onu bütün nazirlərə “qanuni çərçivədə” nəzarət etməyə, onların hamısına hökm etməyə imkan verəcək. Başqa sözlə desək, E.Mahmudov Azərbaycanda mövcudluğu bəlli olmayan baş nazir institutunu işlək bir mexanizmə çevirməyi planlaşdırırdı. Lakin bu mexanizm dövlətin deyil, onun maraqlarına xidmət etməli idi. Bu məsələdə onun nazir işlədiyi dönəmdə hər bir nazirlə bağlı əldə etdiyi kompromatların hesabına hamını özünə tabe etdirmək niyyəti dayanırdı.
A.Rəsizadənin kreslosunu əlindən almaq, onu ya dövlət maraqlarına qəsd edən, yaxud öz işinin öhdəsindən gələ bilməyən bir şəxs kimi gözdən salmaq, ictimai rəyi, eləcə də siyasi elitanı bu ruhda kökləmək E.Mahmudov üçün heç də çətin olmayan məsələlərdən idi. Bunun üçün E.Mahmudova sadəcə ölkə başçısının A.Rəsizadəyə olan inamını zədələmək lazım idi ki, sabiq nazirin bu məsələdəki peşəkarlığı nə dünən, nə də bu gün kimsədə şübhə doğurmur”.
Mənbənin sözlərinə görə, E.Mahmudov baş nazir postuna keçməklə yanaşı, özünün MTN-dəki bütün yaxın çevrəsini tədricən müxtəlif nazirliklərin başına keçirməyi planlaşdırırdı:
“Bu məqsədlə MTN-dəki ağalığının son dönəmlərində yaxın ətrafı arasında açıq şəkildə danışan nazir xüsusilə güc orqanlarının rəhbərliyinə özünün sadiq adamlarını yerləşdirməkdə maraqlı idi. E.Mahmudovun “kölgə kabineti”nə əsasən, MTN-də müavin və idarə rəisi postunda təmsil edilən bəzi şəxslər güc orqanlarının rəhbərliyinə gətirilməli, onun prezidentliyi yolunda yaranacaq isənilən əngəli aradan qaldırmağa hazır olmalı idilər. Başqa sözlə desək, E.Mahmudov elə bir atmosfer formalaşdırmağa çalışırdı ki, sabah prezidentlik iddiasını ortaya qoyan zaman kimsə onun bu istəyinə qarşı çıxa bilməsin. Əgər kimsə buna cəsarət edərsə, o zaman rəhbəri olduğu komanda həmin maneəni asanlıqla ortadan qaldıra bilsin”.
Mənbənin sözlərinə görə, E.Mahmudovun “kölgə kabineti”ndə hazırda həbsdə olan bəzi sabiq MTN yetkililəri ilə yanaşı, bu gün özünü sabiq nazirin qurbanları kimi təqdim edən bəzi şəxslər də var ki, oların oynadıqları qurban rolu sadəcə maskalanmağa, məsuliyyətdən yayınmağa xidmət edirmiş.
P. S. Mövzunu diqqətdə saxlayacağıq və Eldar Mahmudovun kölgə kabinetində yer alan şəxslərin konkret kimliyi barədə əlavə yazımız olacaq...