Eldar Mahmudovun “nurçu ovu”: qarşıdurmadan işbirliyinə gedən yol... - ÖZƏL

 
 
Sabiq nazir nurçu kəsimini hansı texnologiya əsasında idarə edib?
 
Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun ölkə daxilindəki bəzi dini kəsim nümayəndələri ilə müəyyən əlaqələrə malik olması ilə bağlı mediada zaman-zaman müəyyən informasiyalar səslənib. Bugünlərdə Politika.Az-a keçmiş MTN rəhbəri E.Mahmudovla bağlı daha bir ilginc informasiya daxil olub. E.Mahmudovun Azərbaycanda fəaliyyət göstərən nurçu kəsimi üzərində söz sahibi olduğunu bildirən mənbə, sabiq nazirin buna hansı yolla nail olması ilə əlaqədar maraqlı fikirlər səsləndirib.
 
“Göyçay əməliyyatı” və ya qızıldan baha informasiya...
 
Mənbənin bildirdiyinə görə, E.Mahmudovun nurçu kəsimi ilə əməkdaşlığının tarixçəsi MTN-nin illər öncə başlatdığı “Göyçay əməliyyatı”na gedib çıxır:
“İllər öncə Azərbaycandakı nurçuların bölgələrdə, xüsusilə də Göyçayda ciddi aktivlik nümayiş etdirdiyi kimsəyə sirr deyil. Buna səbəb paytaxta nisbətən bölgələrdə nəzarətin zəif olması, habelə bəzi məmurların nurçu kəsimini bölgələrdə daha rahat himayə etməsi idi. Bu baxımdan nurçuların Göyçaydakı aktivliyi xüsusi ilə diqqət çəkirdi. Odur ki, ümummilli təhlükədən fərdi maraqları baxımından faydalanmaqda heç bir problem görməyən sabiq MTN rəhbərliyi Göyçayda nurçulara qarşı irimiqyaslı əməliyyat təşkil etdi. Nəticədə nurçu kəsiminin bir neçə üzvü MTN-nin əlinə keçdi. MTN zirzəmisində ağır işgəncələrə məruz qalan nurçular öz şəbəkələri, idarəetmə sistemləri, Azərbaycandakı rəhbərləri və s. ilə bağlı çoxlu sayda informasiyanı E.Mahmudovun dəstəsi ilə bölüşmək məcburiyyəti qarşısında qaldılar”.
 
Nurçu rəhbərliyi ağ bayraq qaldırır: Yaşasın əməkdaşlıq!”
 
Qızıldan qiymətli informasiyaya yiyələnən, nurçu kəsiminin rəhbərliyi ilə bağlı bütün lazımi bilgilərə malik olan və həmin şəxsləri nəzarətə götürən E.Mahmudov komandası qısa zamandan sonra sözün həqiqi mənasında analoqu olmayan addım atır. Belə ki, nurçuların Azərbaycandakı rəhbər şəxslərinə qarşı əməliyyat təşkil edən E.Mahmudov, həbs edilən şəxsləri istintaq idarəsində ələ keçən nurçuların ifadələri, habelə digər kanallar hesabına əldə edilən müəyyən foto-video sübutlarla tanış edir. Burada həmin şəxslərə izah edilir ki, MTN-nin əlində onların uzunmüddətli həbsinə nail olmaq üçün kifayət qədər əsas var. Lakin əgər onlar MTN rəhbərliyi ilə əməkdaşlıq etsələr, daha doğrusu E.Mahmudov komandasının təlimatlarını icra etsələr, azad edilə, hətta MTN tərfindən himayə belə edilə bilərlər.
 
Mənbənin bildirdiyinə görə, bundan sonra vəziyyətin çıxılmaz olduğunu görən nurçu rəhbərliyi MTN rəhbərliyi ilə əməkdaşlığa razı olur. Beləliklə də, Azərbaycandakı nurçu kəsiminin idarəçiliyi faktiki olaraq MTN tərəfindən həyata keçirilməyə başlayır.