Eldar Mahmudovun çetesinin yarım milyon aldığı iş adamı özünü asdı

Mərhumun dəfnində rəzalət yaşandı - borc sahibləri iş adamının torpağa tapşırılmasına mane olublar!!!
MTN-in sabiq şefi Eldar Mahmudovun çetesi tərəfindən saxlanılaraq yarım milyonu əlindən alınmış iş adamı özünü asıb. Sabunçu rayonu, Maştağa qəsəbə sakini, iş dünyasında Əlihüseyn Maştağalı kimi tanınan iş adamı mayın 11-nə keçən gecə özünü asıb. Buna səbəb iş adamının külli miqdarda borca düşməsi olub.
Məlumata görə, 1995-ci ildən iş dünyasında olan 46 yaşlı Əlihüseyn əvvəllər “kolbasa  işi” ilə məşğul olub. Daha sonra siqaret və spirtli içki alverinə girişib. Əlihüseyn əsasən xarici ölkələrdən ölkəyə spirtli içkilər və siqaret gətirməklə məşğul olub və iş adamları arasında da xeyli hörmətə sahib olan şəxs imiş. O, ölkədə fəaliyyət göstərən digər iş adamları üçün də siqaret və spirtli içkilər gətirməklə məşğul  olub. Ancaq MTN-in sabiq şefi Eldar Mahmudovun ölkədəki digər iş adamları kimi incitməsi bu şəxsdən də yan keçməyib. Deyilənə görə, ilyarım bundan öncə E.Mahmudovun adamları Əlihüseynin nə az, nə çox düz yarım milyon manatını alıblar. Əldə edilən məlumat bundan ibarətdir. İddialara görə bundan əlavə olaraq, bir neçə dəfə ondan külli miqdarda pul alınıb. İş bununla bitməyib, E. Mahmudovun adamları onun biznes fəaliyyətinə mane olmağa başlayıblar.  Ə.Maştağalı ölkəyə təkcə özü üçün deyil, digər iş adamları üçün lazım olan spirtli içki və siqaret gətirib. İş adamları ona külli miqdarda pul veriblər ki, onlarla mal gətirsin, ancaq onun fəaliyyətinə maneçilik törədildiyindən iş adamlarına vaxtında mal gətirə bilməyib. Əlində olan pulu isə məcburiyyətdən başqa işlərə xərcləyib. Bundan sonra Əlihüseyn müflisləşib və borca düşüb. Yarım milyon manatlıq soyğuna məruz qalmış iş adamı banklardan külli miqdarda kredit götürüb, sonradan isə borcu ödəyə bilməyib. Moderator.az yazır ki, mərhum iş adamının dəfn mərasimində onun borclu olduğu şəxslər toplanaraq ölənin yaxınlarından  borclarının taleyinin necə olacağına dair hesabat tələb ediblər. Hətta vəziyyət o həddə çatıb ki, borclular mərhumun dəfninə imkan vermirmişlər. Axund və kənd ağsaqqallarının işə qarışmasından sonra mərhum dəfn edilib.
İş adamı ailəli olsa da övladı olmayıb. Bacıları və qardaşı da dünyasını dəyişib. Bacısı oğlanlarından başqa kimsəsi yoxdur. Həyat yoldaşı da evdar qadın olduğundan onun işlərindən xəbərsizdir.