Eldar Mahmudovdan sonra həbs edilən nazirlik işçiləri azadlığa buraxıldı – müəmmalı qərar

 
Ötən ilin sonunda Eldar Mahmudovun MTN rəhbərliyindən uzaqlaşdırılmasından sonra sabiq nazirə yaxınlığı ilə bilinən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da postunu itirdi.
 
Əli Abbasovun vəzifədən uzaqlaşdırılması ilə onun bəzi yaxın adamları həbs edildi. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını  mənimsəmədə təqsirləndirilərək həbs edilənlər arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) yüksək vəzifəli şəxsləri də var idi.
 
Onlardan ikisi bu gün azadlığa buraxılıb. Həmin şəxslər "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və qovşağın baş mühasibi işləmiş Rəşad Məmmədovdur.
 
Musavat.com-un əldə etdiyi məlumata görə, bu gün adı çəkilən şəxslərin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesinin keçiriləcəyi gözlənilirdi.
 
Ancaq saat 14:00-a təyin edilən məhkəmə prosesinin sonradan təxirə salındığı elan edilib. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, əslində məhkəmə prosesi baş tutub və adı çəkilən şəxslər məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
 
Məhkəmə prosesində baş verən digər hallar barədə dəqiq məlumat yoxdur. Təqsirləndirilən şəxslərin hansı şərtlə azadlığa buraxılması da müəmmalıdır.
 
Xatırladaq ki, bir neçə gün əvvəl musavat.com-da təqsirləndirilən şəxslərin sonuncu məhkəmə prosesindən geniş şəkildə məlumat dərc etmişdik.
 
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan ittiham aktında qeyd edilirdi ki, Fətullah Seyidov və Rəşad Məmmədov dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində, qovşağa daxil olan müəssisələrdə təmir işlərinə ayrılan xərclərin bilərəkdən şişirdilməsində, tenderlər zamanı öz yaxın adamlarına məxsus şirkətləri qanunsuz yollarla qalib elan edilməsində suçlanırlar. Bununla da onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyiblər.
 
İttihamda o da qeyd edilirdi ki, ümumilikdə 12 milyon manatdan çox vəsait təmir işlərinin görülməsinə, 3 milyondan artıq vəsait isə təmir-tikinti işləri zamanı alınan mallara ayrılıb. Ümumi məbləğ isə 16 milyon 853 min manat olaraq göstərilib. İttihamda göstərilir ki, təqsirləndirilən şəxs Fətullah Seyidov ümumi məbləğin 5 faizini öz şəxsi ehtiyacları üçün xərcləyib. Rəşad Məmmədov isə görülən işlərin 0.5 faizindən qazanc əldə etməkdə təqsirləndirilir.
 
Məhkəmədə Fətullah Seyidov ifadəsində bildirmişdi ki, ondan işləri necə tələb ediblərsə, o cür də yerinə yetirib. O, ürək xəstəliyindən əziyyət çəkdiyini, ittiham aktında qeyd edilən dəymiş zərəri ödədiyini bildirmişdi. Həmin məbləği də atadan qalma əmlakını sataraq ödədyini elan etmişdi.
 
Digər təqsirləndirilən Rəşad Məmmədov isə ifadəsində qeyd etmişdi ki, tenderlərdə qalib gələn şirkətlərin kimlərə məxsus olmasından xəbərsiz olub və əlavə qazancı yalnız rəhbərliyin bayramlarda verdiy 100-200 manat olub.
 
Məhkəmədə şahid qsimində BTRİB-in sabiq direktoru, hazırda həbsdə olan Beytulla Hüseynov da ifadə vermişdi.
 
O, BTRİB-in rayonlardakı qovşaqlarında görülən təmir-tikinti işlərinə ayrılan xərclərin 20-25 faiz artırılması ilə bağlı deyilənləri təsdiqləyərək nazirlikdə dövlət büdcəsindən ayrılan pulların necə mənimsədiyini təsdiq etmişdi.
 
Onun bu ifadəsini ilginc edən məqam isə bu idi ki, B.Hüseynov etiraf etmişdi ki, bu göstərişi onlara birbaşa Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilirdi:
 
“Deyilirdi ki, 23 faiz üzərinə qoyularaq işlər görülsün. Qovşaqlarda da bu şəkildə işi icra edirdlər” - deyə sabiq direktor həmin ifadəsində bildirmişdi.
 
Beytulla Hüseynov mühasib və digər şəxslərə paket şəklində qeyri-rəsmi pul verildiyini də təsdiqləmişdi: “Bütün Azərbaycanda belədir. Bizdə də paket şəklində pul verilirdi”.
 
Məhkəmədə şahid qimində BTRİB-in keçmiş baş mühasibi Anar Mustafayev də ifadə verərək görülmüş işlərdən, aparılan təmir-tikinti işlərinə görə lazım olan xərclərin 20-25 faiz artırılmasından danışmış  və alınan puldan qovşaq rəsilərinin və qovşaqların mühasiblərinin xəbəri olmadığını deyərək həmin məbləğlərin bir başa nazirliyə verildiyini söyləmişdi.
 
Anar Mustafayev nazirliyin “əlavə qazanc mənbəyi” haqda etirafedici çıxışına bunları əlavə etmişdi:
 
“Bu 20-25 faiz dərəcəsini mən şəxsən göstəriş vermişəm. Məndən də belə tələb olunub. Müəssisələrdən alınan 20-25 faiz pullarından qovşaq rəsilərinin və mühasiblərin xəbəri olmayıb. Təmir-tikinti işlərini görən şirkətlərdən alınan pullar BTRİB-lə işi görən müəssisələr arasında olurdu. Mühasiblər isə sadəcə olaraq göndərilən sənədlərə qol çəkirdilər. Onların sənədlərə qol çəkməməsi mümkün deyildi. Etiraz edə də bilməzdilər. Hər hansı bir yolla onlar barəsində tədbir görülərdi. 3 gün mühasib işləyən şəxsin belə səhvi olur. Bu səhvlərdən istifadə edərək həmin mühasibləri cəzalandırmaq olardı. Buna görə də heç kim işi üçün etiraz etmirdi” - deyə A.Mustafayev ifadəsində söyləyib.
 
Xatırladaq ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs edilmişdilər. Onlar Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdular.