​“Eldar Mahmudov şeyxdən pul almaq istəyirdi bilirdi ki…” – Aslan İsmayılovdan ŞOK açıqlama

 
“Eldar Mahmudovun dəstəsi doğru adamlardan, halal qazananlardan pul almayıblar”
 
Həbsdə olan Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafaoğlu məhkəməsində rezonans yaradan bir çıxış edib. İlahiyyatçı deyib ki, MTN-də ondan Allahşükür Paşazadənin əleyhinə ləyaqətsiz şeylər yazmağı tələb ediblər. Eldar Mahmudovla Allahşükür Paşazadənin hansı toqquşan maraqları ola bilərdi ki, belə şey istənilsin?
 
“AzPolitika”nın məlumatına görə, tanınmış hüquqşünas Aslan İsmayılov modern.az saytına müsahibəsində bu barədə suala cavab verərkən bildirib ki, Eldar Mahmudov şeyxdən pul qoparmaq istəyirmiş:

 
“Eldar Mahmudov yaxşı bilirdi ki, kimin çoxlu pulu var. Məncə Eldar Mahmudov ondan pul qoparmaq istəyirdi. Məndən heç kim istəməyib. Çünki bilirlər ki, Aslan İsmayılovun haram pulları yoxdur. Mən Eldar Mahmudovun dəstəsinin cinayətkar olduğunu bilirəm və hesab edirəm ki, onlara ən ağır cəza verilməlidir.
Amma onlar da doğru adamlardan, halal qazananlardan pul almayıblar. Bu yaxınlarda eşitmişəm ki, keçmiş MTN-in rəhbərliyi Vəkillər Kollegiyasının sədrindən 700 min manat pul alıbmış. Halbuki, həmin sədr 1000 manat maaş alır.
Mən Vəkillər Kollegiyasında olanda oranın özündən 1 qəpik də kömək görməmişəm, hərçənd ki, hər ay ora pul ödəyirdim. Demək bizdən oğurlayıb yığıbmış, Eldar Mahmudov da gəlib başından vurub əlindən alıb.
Prokurorluqda işləyəndə geyimin çox ucuz idi. Ən ucuz siqaret – “Vikeroy” çəkirdim. Başqa həmkarlarım isə bahalı geyinir, bahalı siqaretlər çəkirdi. Mən isə lağ-lağı obyekti idim.
İndi isə şəhərin mərkəzində ofisim var. Onların əksəriyyəti isə bir tikə çörəyə möhtacdırlar. İlahi ədalət budur. Allahın ədalətinin nə olduğunu gözümlə gördüm. Nə qədər çox haqsız, qansız olub, nə qədər pul yığıb sonra onun altını çəkənləri görmüşəm.
1989-cu ildə mən Azərbaycana gələndə Ali Məhkəmənin bir hakimi var idi. Ən qansız rüşvətxorun biri idi. Deyirdilər ki, onun pulunun sayı-hesabı yoxdur. Bu yaxınlarda mən həmin şəxslə maraqlandım. Dedilər ki, indi 1 qəpiyə də ehtiyacı var. Onu tanıyan bir adam mənə həmin hakim haqqında danışdı. Deməli, 1991-ci ildə 50 və 100 manatlıqlar dövriyyədən çıxarıldı. Bankda cəmi 5 min dəyişmək olardı. Sən demə bu da çamadanlara 50 və 100-lüklər yığıbmış. Bir dəfə pulu belə batıb. Sonra bu başa düşür ki, pulu dollarda saxlamaq lazımdır. Sonra yenə pul yığıb onu “Xəyal Bank”a qoyur. Sonra da “Xəyal Bank” da batır. Baş kəsib, cib kəsib o qədər pul yığmışdı. Axırı da belə oldu.
Mənim tanıdığım prokurorluq işçiləri var idi. Şərik olub şəhərin mərkəzində 1 milyon manata obyekt aldılar. Sonra lazım olanda həmin yeri heç 100 minə sata bilmədilər. Mən isə 1997, 1998-ci illərdə Sulutəpədə biri 300 dollardan 4 torpaq sahəsi almışdım. Sonradan o torpağın birini 40 min, 2-ni isə 50 min dollara satdım. Biri hələ də mənimdir. Maştağa-Buzovna yolunda 3 min dollara 40 sot torpaq almışdım. Bu yaxınlarda onu da 350 min dollara satdım.
Budur ilahi ədalətin təcəssümü. Pula can atmaqla deyil. İnsan Allah qarşısında düz olmalıdır. Hələ mən həmin adamların ailələrində olanlarını demirəm. Balaları narkoman, qızları pis yoldadır. Allah uzaq eləsin, bəziləri şikəstdir. Allah bəndə deyil ki, yerə düşə barmaq soxa, göz çıxarda. Allahı əsl mənada sevmək lazımdır”