Eldar Mahmudov hakimiyyətlə anlaşıb? - təfsilat

Keçmiş MTN şefi ölkədən çıxmağa çalışır
Ötən ilin oktyabrından davam edən Eldar Mahmudov müəmması davam edir. Politika.Az xəbər verir ki, keçmiş MTN şefi işdən çıxarıldıqdan sonra ətrafındakı adamlarının hamısı həbs olunsa da, ona hələ də güldən ağır söz deyən yoxdur. Hətta belə iddialar da var ki, özünün bahalı villasında əyləşərək, bəzən özünə eyş-işrət məclisləri də qurur.
Düzdür, gələn xəbərləri çeşidlədikdə belə başa düşülür ki, Mahmudovun durumu heç də yazılanlardakı kimi deyil. Yəni, hakimiyyət dairələrinin təzyiqləri üzərindədir və kənar heç bir addım ata bilmir. Lakin o da deyilir ki, sabiq MTN rəhbərinin hakimiyyətdə təsir edə biləcəyi fiqurlar da var.
Politika.Az xəbər verir ki, gələn son xəbərlərə görə, Eldar Mahmudov hakimiyyət dairələri ilə anlaşıb. Təkcə öz məsələsini deyil, həmçinin qudasının. İddialara görə, Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev artıq azadlığın bir addımlığındadır. Onunla bağlı keçirilən məhkəmə prosesində hakimlər artıq tərəfini saxlamağa başlayıblar. Üstəlik, onun azadlığa çıxmasının xahişini elə Eldar Mahmudov edib.
Məlumatlarda vurğulanır ki, sabiq nazirin hakimiyyət dairələrində yaxın adamları var və onların əliylə hakimiyyətə təsir edərək, Hacıyevin azadlığa buraxılmasını istəyir. Amma keçmiş MTN şefinin planının təkcə bundan ibarət olmadığı deyilir. Bildirilir ki, Mahmudovun əsas hədəfi qudasını həbsdən xilas etmək, ardından «xainlik» damğasını üzərindən atmaqdır. Ardından isə xarici ölkələrdən birinə gedərək, qalan ömrünü də orada yaşamaq istəyir.
Politika.Az-a verilən məlumatda deyilir ki, Eldar Mahmudov artıq bu məsələdə hakimiyyət dairələri ilə razılaşıb. İddia olunur ki, keçmiş MTN şefinin azad olunaraq, ölkədən çıxmasını təmin etməyə çalışır. Və məsələ də qətiləşib.