Elçin Qurbanov:“Dövlət Statistika Komitəsi profisiti düzgün hesablamayıb”

 
“Büdcə xərclərinin icrası ilə bağlı (yanvar –may ayları arasında) yaranmış profisit ÜDM-in 0.6 faizi həcmində deyil. Dövlət Statistika Komitəsinin irəli sürdüyü məlumatda qeyri-dəqiqlik var”.
Strateq.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Elçin Qurbanov Dövlət Statistika Komitəsinin (DSK) cari ilin ilk 5 ayı üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı göstəricilərini şərh edərkən, bildirib.
Qeyd edək ki,  DSK-ın “Azərtac”a verdiyi məlumata görə, yanvar-may aylarında “büdcədən 5316,1 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 137,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizi səviyyəsində olub”. Ekspert isə Azərbaycan hökumətinin 2016 –cı il üçün ÜDM-in həcmini 57,7 – 57,8 mlrd manat proqnozlaşdırdığını deyir: “DSK-nın profisit məbləği kimi göstərdiyi 137,8 milyon manat isə proqnozlaşdırılan ÜDM-ın təxminən 0.23 faizi deməkdir”.
Əməkdaşımızın “onsuz da xeyli daralan dövlət büdcəsindən qənaət edilməsi ölkə iqtisadiyyatında geriləməni daha da tətikləyə bilərmi” sualına cavab verən iqtisadçı deyib:
“Büdcə profisitinin yaranması daraldıcı fiskal siyasət modelidir. Bu da öz növbəsində daxili və xarici borcların qaytarılması üçün tələb olunan iqtisadi siyasətdir. Büdcənin  xərcləməyə hazır olduğu məbləğlə, faktiki xərclənən məbləğ arasında yaranan profisit heç də pis hadisə deyil. Ümumiyyətlə iqtisadi durğunluğun başladığı ilk dövrdə mən də büdcə xərclərinin icrasında israfçılığa yol verilməməsini, bunun isə xüsusilə tikinti abadlaşdırma sahəsində diqqətdə saxlanması barədə təkliflər vermişdim”.
Devalvasiyadan sonra ÜDM-in dollardakı nominalının kəskin aşağı düşdüyünü bidirən iqtisadçı BVF-in 2016-cı il üçün Azərbaycanla bağlı proqnozunu xatırlatdı. Onun bildirdiyinə görə, BVF Azırbaycan ÜDM-nin 63.4 mlrd dollar səviyyəsində olacağını proqnozlaşdırmışdı: “Devalvasiyadan əvvəl bu rəqəm köhnə kursla müqayisədə, təxminən, 50 milyard manat təşkil edirdi. Bu rəqəm devalvasiyadan sonra  təxminən 95.1 milyard manat olmalı idi. Deməli, yalnız valyutanın dəyəri ilə münasibətdə real iqtisadi gücümüz, təxminən, 90 faiz azalıb”.  
ÜDM –in hazırkı nominalının idxalın məhdudlaşdırılması ilə tənzimlənəcəyinə inanan Elçin Qurbanova görə, makroiqtisadi göstəricilərin dövrlər üzrə fərqləndirilməsində ən mühüm göstərici ÜDM-ə aiddir: “ÜDM-in hesablanmasında isə ixrac və idxalın fərqi nominala birbaşa təsir edir. Odur ki, hazırda idxalın məhdudlaşdırılması ilə iqtisadi göstəricilərə təsir metodu qeyri-leqal formada olsa da tətbiq edilir. Bu gün gömrük problemləri kimi anlaşılan bir çox məhdudiyyətlər buradan qaynaqlanır. Xüsusi, antidempinq və kompensasiyaedici rüsumların tətbiqi ilə yerli istehsalı idxal edilən xarici eynicins xüsusiyyətli əmtəə və xidmətlərlə (mallar, məhsulların və xidmətlər) rəqabətdən qorumaqla yerli istehsalın inkişafını təmin etmək və stimullaşdırmaq, məşğulluğun səviyyəsini artırmaq və bununla da sosial göstəricilərdə yüksələn dinamika əldə etmək nəzərdə tutulur. Ona görə də iqtisadi siyasətin əsas tələblərindən biri ixracın stimullaşdırılmasıdır”.
İqtisadçı ölkənin iqtisadi inkişafı üçün həyata keçirilən bu siyasətin vətəndaşlarının sosial vəziyyətinə mənfi təsir göstərəcəyini də istisna etmədi:
“Yəni idxalı məhdudlaşdırmaqla ÜDM nominalında ixracla idxal arasında fərqi böyüdürüksə, başqa sözlə, ixracı artırmaq üçün idxalı məhdudlaşdıraraq, yüksək rüsumlar tətbiq ediriksə və bunu məcmu tələbi nəzərə almadan həyata keçiririksə əlbəttə ki, sosial duruma mənfi təsir göstəririk. Çünki yerli istehsal olmayan, lakin tələb olan əmtəə məhsulların qiymətləri yüksək rüsumlara görə artır. Qiymət artımı əhalinin sərəncamında olan pul kütləsinin kəskin azalmasına, ölkədə investisiya siyasətinin müsbət proqnozlaşdırılmasına mənfi təsir edir. Çünki məcmu tələbin aşağı düşməsi istehlak xərclərinin azalması, xərclərinin azalması isə iqtisadi aktivliyin sıradan çıxması deməkdir. İqtisadi aktivliyin azalması, həmçinin, əhalinin yoxsullaşmasına, ölkədə ucuz əmək bazarının formalaşmasına və yerli investorların fəaliyyətsizliyinə, xarici investorların fəaliyyətinin isə daxili bazarı nəzərə almadan xarici bazara köklənməsinə şərait yaradır. Beləliklə, ixracın stimullaşdırıldığı və iqtisadi durğunluğun olduğu mühitdə ölkə sərvətinin xarici investorlar vasitəsilə xaricə daşınması prossesi başlayır. Ucuz işçi qüvvəsi isə bəzi Afrika ölkələrindəki əmək bazarının xüsusiyyətlərini yarada bilər. Bu təbii baş verə biləcək iqtisadi hadisədir.
İqtisadçı ekspert Azərbaycanda aparılan iqtisadi islahatların dünyada təcrübədən keçirilmiş bir-biriylə uzlaşmayan modellərə əsaslandığını, ona görə də bəzən bu cür problemlərin ortaya çıxdığına inanır:
“Biz hər hansı modeli tətbiq edərkən, həmin model üçün nəzərdə tutulan digər tələbləri də reallaşdırmalıyıq. Məsələn yerli istehsalçılara dövlət subsidiyalarının verilməsi, xarici şirkətlərin ölkə iqtisadiyyatına  mənfi təsirinin qarşısının alınması üçün hökmən vergi məcəlləsinə əlavə dəyişikliklərin edilməsi və.s.”
Azərbaycanda iqtisadi islahatların siyasi istinad nöqtəsinin olmamasının da həyata keçirilən prosesi ləngitdiyini deyən ekspert xüsusilə qanunvericilik faktoru üzərində dayandı:
“Ölkənin ümumilikdə inkişafı üçün onun güclü parlamenti olmalıdır. Parlament daim aktiv fəaliyyət göstərməli, zamanın ruhuna, dünyada baş verən iqtisadi və siyasi hadisələrə uyğun qanun və qərarlar qəbul etməlidir. İcra hakimiyyətindən asılı olmamalıdır. Belə olduqda ölkədə həm maraqlı siyasi mühit, həm də dinamik inkişaf nəzərə çarpar. İnsanlar üçün yaşamaq daha maraqlı olar. Yeni fikir, yeni iradə və mühit formalaşar. Mən 1650-ci ildə radkal Britaniya parlamenti tərəfindən əcnəbi tacirlərə xüsusi icazələrin və yüksək rüsümların tətbiqi ilə bağlı (bir çox fəaliyyətlərini məhdudlaşdıran) qanun qəbul etdiyini misal çəkmək istəyirəm. Nəzərə almalıyıq ki, belə qanunun qəbul olunması Britaniya sənayeçilərinin o zaman ən ciddi rəqibi Niderland sənayeçiləri üzərində üstünlüyünə şərait yaratdı. Hesab edirəm ki, dövlət ölkənin təsərrüfat fəaliyyətinə (iqtisadiyata)  bu şəkildə müdaxilə etməlidir.