"Elə bil avtobus deyil, hamamdır" - Tələblərə cavab verməyən avtobuslar xətdən çıxarılacaq - FOTOLAR

Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının böyük hissəsində soyuducu sistemlər yoxdur. Sərnişinlər isti yay günlərində tərləyə-tərləyə yol getməli olurlar. Bu vəziyyət illərdir ki, belə davam edir, amma artıq bu problem öz həllini tapa bilər.
Musavat.com xəbər verir ki, əsasən yay aylarında gündəmə gələn marşrut avtobuslarındakı havalandırma sistemi illərdir ki, həll edilmir. Problem danışılır, mətbuat yazır, hamı narazılıq edir, lakin heç nə dəyişmir.
Ölkəmizdə fəaliyyət göstərən sərnişindaşıma şirkətlərindən sadəcə "BakuBus" tələblərin böyük hissəsini qarşılayır. Geridə qalanlar isə bir-birilərindən heç də fərqlənmirlər.
Bütün şirkətlərin avtobuslarını idarə edən sürücülər kobud, avtobuslar köhnə, xidmət aşağı, təmizlik isə sıfıra bərabərdir. İstənilən marşrut avtobusuna minib, oturacaqlardakı çirk, pəncərə kənarındakı toz-torpağı görmək olar.
Qanunla sürücülər maksimum 8 saat işləməli olsalar da, buna əməl edən olmur. Çünki sürücülər hər gün plan verirlər, bu planı da ödəmək üçün bəzən 12 saat, bəzən isə 15-16 saat işləyirlər. Belə olduğu təqdirdə sürücülərin yorğun və diqqətsiz olması normaldır. Nəticədə tez-tez marşrut avtobuslarının öncülük etdiyi qəzalar baş verir.
Problemlər bununla da bitmir. Avtobuslar dayanacaqda, günün altında dayanıb, zaman intervalı əsasında hərəkət edirlər. Bu müddət ərzində avtobusun salonunda olan temperatur şəhər hamamlarını xatırladır.
Elə sərnişinlər də bunu deyirlər: "Marşruta mindinsə gərək özünlə ya yelpik, ya da dəftər götürəsən. Olmasa istidən nəfəs almaq olmur. Düşünün ki, günün altında dayansanız, bu qədər isti olmaz. Pəncərə açmaqla iş düzəlmir. Müasir avtobuslar və onları idarə edə biləcək normal adamlar lazımdır. Hazırkı sürücüləri isə bazara göndərsələr, yaxşı olar. Bağırmağı əla bacarırlar".
Amma deyəsən, bütün bu problemlər Bakı Nəqliyyat Agentliyi tərəfindən həll olunacaq. Ən azından bunu mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyir: "Avtobuslar üçün nəzərdə tutulan yeni konsepsiya hazırlanır. Konsepsiyaya uyğun yay aylarında daşıyıcı şirkətlərin qarşısına konkret tələblər qoyulacaq. Avtobusları tələblərə cavab verməyən şirkətlərin xidmətlərindən imtina ediləcək.
Sərnişindaşıma ilə məşğul olan şirkətlərə 3 ay vaxt vermişik. Bu üç ay ərzində həmin şirkətlər tələbləri qarşılamalıdırlar. Tələblər nədən ibarətdir: İlk olaraq avtobusların havalandırma, soyuducu və isidici sisteminin olması, sürücülərin maksimum 8 saat işləməsi, onların planla yox, maaşla işləməsi, davranış qaydaları, təmizliyə maksimum riayət edilməsi və s. Biz bu tələblərin yerinə yetirilməsi üçün maksimum çalışırıq. Mütəmadi olaraq əməkdaşlarımız sürücülərə hiss etdirmədən reyd keçirirlər. Üstəlik cəza tədbirləri də görüləcək".
N.Allahyarovanın sözlərinə görə, problemlər mərhələli formada həll ediləcək: "Lakin 3 ay ərzində qoyulan tələblərdə birinci həll edilməli olan şeylər var. Məsələn, sürücülərin davranış formalarının düzəldilməsi, təmizlik, salon daxilindəki təmirlər üçün böyük vaxta ehtiyac yoxdur. Bunu tez bir zamanda həll etməlidirlər. GPS sistemlərinin qoyulması, avtobusların ancaq dayanacaqda saxlanması, havalandırma sisteminin qurulması mümkün olan avtobuslarda bu işin yerinə yetirilməsi şirkətlər önündə qoyulan əsas məsələlərdir. Yay aylarında bu işlər görüləcək. Bütün şirkətlərin maaşlı sistemə keçməsi üçün isə vaxt lazımdır. Bu vaxt isə nağdsız, yəni kartla ödəniş sisteminə keçilməsi üçün sərf ediləcək vaxtdan asılıdır. Biz bunun üzərində işləyirik. Əlimizdən gələni edəcəyik ki, problemləri qısa zaman ərzində həll edək".
"Cəza tədbirləri necə olacaq" sualına isə agentliyin sözcüsü belə cavab verdi: "Tələbləri yerinə yetirməyən şirkətlər ən sərt şəkildə cəzalandırlacaqlar. Ehtiyac olarsa, həmin avtobuslar xətdən çıxarılacaq, yerinə alternativ avtobuslar ayrılacaq, ya da həmin xətt üzrə hərəkət başqa şirkətə veriləcək. Biz birdən-birə şirkətdən bütün avtobuslarını dəyişməyi tələb edə bilmərik. Amma bu zamanla olmalıdır. Çünki çoxusu müasir tələbləri ödəmir. Bizə sərnişinlər tərəfindən daxil olan şikayət və əməkdaşlarımızın reydləri zamanı aşkar etdikləri problemlərə görə 8 sürücü işdən azad edilib. Bunlar, 24, 51, 18, 204, 184 nömrəli marşrut avtobuslarının sürücüləridir. Onların işdən azad olunmasına səbəb, kobud davranış, avtobusu düzgün idarə etməmə, manevr qaydalarını pozmaları olub. Biz əgər tələb qoyuruqsa, bunun yerinə yetirilməsini də izləyirik. Bakı Nəqliyyat Agentliyi vətəndaşlarımızın yüksək xidmət görməsi üçün çalışır".