Ekspertlər: ​OPEC ləğv oluna bilər

Doha sammitində nef hasilatının dondurulması ilə bağlı razılaşmanın əldə olunmaması OPEC təşkilatının ləğv olunmasına gətirib çıxara bilər.
"Report" ABŞ-ın Kolorado ştatında yerləşən IHS konsaltinq şirkətinin müdir müavini, energetika sahəsi üzrə tarixçi, "neft qurusu" Daniel Yerginin sözlərinə istinadən xəbər verir ki, OPEC artıq heç nəyə qadir deyil: "Kartel neft bazarında vahid güc kimi çıxış etmir və onun üzvləri öz maraqlarını güdür".
Bundan başqa, OPEC son illərdə öz məhdudiyyətlərinə belə əməl edə bilməyib. Belə ki, 2015-ci ilin dekabr ayına qədər OPEC təşkilatı gündəlik 30 mln. bareldən çox neft hasil etməmək barədə qərar qəbul etsə də, bu limit hər zaman pozulub və neft hasilatı 31-32 mln. barelə çatıb.
Ekspertlər neft bazarında hasilatın artması durumunda vəziyyətin daha da pisləşəcəyini bildirirlər. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya şirkətləri mart ayında hasilatı daha 220 min barel/gün artıraraq 10,91 mln. barel/günə yüksəldiblər. Belə ki, Rusiya Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, fevralda bu ölkədə hasilat yanvar ayı ilə müqayisədə 5,3% artıb. "Vygon Consulting" şirkətinin təhlillərinə görə, hətta neft hasilatının azaldılması belə bazarda tarazlığın bərpasına gətirib çıxara bilməz. Tarazlığın yaranması üçün OPEC təyin etdiyi limitlər çərçivəsində hərəkət etməlidir. Şirkətin təhlillərinə əsasən, Kartel, İran da daxil olmaqla gündəlik hasilatı 500 min barel, İran olmadan isə 800 min barel azaltmalıdır. Hazırda neft hasilatçıları arasında konsensusun əldə olunması mümkün görünmədiyindən neft bazarında tarazlığın yaranması ancaq neftə tələbatın artması nəticəsində baş verə bilər. Bu da qlobal iqtisadiyyatın gözləniləndən daha sürətlə inkişaf edəcəyi təqdirdə mümkündür.
Beynəlxalq Valyuta Fondu isə son hesabatında qlobal iqtisadiyyatın 2016-cı il üçün artım proqnozunu azaldaraq 3,2%-ə salıb. Çin iqtisadiyyatının 2016-cı ilin ilk rübündə 6,7% artması (proqnozdan az) əsas neft istehlakçısı olan bu ölkədə tələbin azalmasına səbəb olub və bu ilin sonuna qədər vəziyyətin müsbət istiqamətdə dəyişəcəyi gözlənilmir. Məhz bu səbəbdən Rusiya Bankı (Mərkəzi Bank) illik neft qiymətlərinin orta hesabla 30 dollar/barel olacağını düşünür.