Ekspert şərh edir: Benzin, spirtli içki və siqaretin qiyməti...

Baxış sayı: 
286


İqtisadçı Vüqar Bayramov Nazirlər Kabinetinin ölkəyə idxal olunan və aksiz vergisinə cəlb edilən mallarla bağlı son qərarını Teleqraf.com-a şərh edib.
 
- Vüqar müəllim, Nazirlər Kabineti ölkəyə daxil olan və aksiz vergisinə cəlb edilən mallar üçün vergi dərəcələrini artırıb. Bunu necə şərh edərsiniz?
 
- Nəzərə alsaq ki, Azərbaycana idxal olunan benzin premium markalı benzin məhsullarıdır, 92 markalı benzin və dizel yanacağı isə yerli istehsaldır. Təbii ki, bunlar idxal edilmədiyi üçün son qərar 92 markalı benzinə və dizel yanacağına təsir göstərməyəcək. Nazirlər Kabinetinin son qərarı əslində əvvəllər azaldılan aksiz dərəcələrinin yenidən artırılmasına hesablanıb.
 
Bir daha qeyd edirəm ki, bu artım heç bir halda 92 markalı benzinə və dizel yanacağının qiymətinə təsir göstərməyəcək. Çünki onlar yerli istehsaldır. Tələbat isə yerli istehsal hesabına ödənilir. Əslində bu qərar premium markalı benzinin də qiymətinə təsir etməməlidir, çünki onlara tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib.
 
Nazirlər Kabinetinin son qərarı nəticə etibarı ilə Azərbaycan daxili bazarında satılan benzinin xərcinə ciddi təsir göstərmir. Adətən, 92 markalı benzin o zaman ölkəyə idxal edilir ki, zavodda təmir işləri olsun və ya zavod tələbatdan az istehsal etsin. İndiki halda istehsal tələbatı ödəyir. Odur ki, ölkəyə 92 markalı benzin idxalı olunmur.
 
Bu mənada Nazirlər Kabinetinin son qərarı ölkədə satılan benzinin xərci və qiymətinin artmasına gətirib çıxarmamlıdır. Əgər hansısa bir markalı benzinin qiymətində artım baş verəcəksə, təbii ki, bunun iqtisadi baxımdan əsaslandırılması olmayacaq.
 
- Nazirlər Kabinetinin qərarı ilə həm də ölkəyə gətirilən və tərkibində spirtli maddə olan içkilərin və tütün məmulatlarının aksiz vergiləri artırılır. Bu, hansı reallıqlar yarada bilər?
 
- Bu, artıq idxal edilən spirtli içkilərin və tütün məmulatlarının qiymətini artıracaq. Son qərardan sonra yanvarın 1-dən idxal olunan tütün məmulatları və spirtli içkilərin qiymətində artım baş verməsi gözlənilir.
 
Ancaq yerli istehsalda qiymət artımları proqnozlaşdırılmır. Ölkəyə xaricdən, xüsusilə Rusiyadan gətirilən spirtli içkilərin və tütün məmulatlarının qiymətində isə artım qaçılmazdır.
 
- Məsələn, tütün məmulatlarında neçə faiz artım gözləyirsiniz?
 
- Xaricdən ölkəmizə idxal olunan tütün məmulatlarının qiyməti növündən asılı olaraq 15-20 faiz baş verə bilər.
 
- Bəs xaricdən gətirilən spirtli içkilərin fərdi satışı zamanı qiymət artımı nə qədər ola bilər?
 
- Bizim proqnozlarımıza görə, spirtli içkilərin növündən asılı olaraq təxminən 20 faizlik qiymət artımı gözlənilir. Bir daha vurğulayım ki, söhbət xaricdən gətirilən spirtli içkilərdən gedir. Hesab edirik ki, yerli istehsala qiymət artımı gözlənilmir.
 
- Nazirlər Kabinetinin məlum qərarı yerli istehsalatın stimullaşdırılması baxımından nə dərəcədə effektiv ola bilər?
 
- Güman edirik ki, yerli spirtli içkilərə tələbat artacaq. Çünki qiymət fərqi böyüyəcək. Bu zaman daha çox yerli istehsala diqqətin və tələbin artması ehtimalı böyükdür. Son nəticədə bu qərar yerli istehsalı stimullaşdıracaq. Fikrimizcə, bu qərardan sonra istehlak edilən spirtli içkilərin daxilində yerli məhsulların çəkisi artacaq. Bu, sözsüz ki, yerli istehsalın genişləndirilməsinə səbəb ola bilər.
 
- Demək istəyirsiniz ki, Nazirlər Kabinetinin bu qərarı ilə valyutanın xaricə çıxarılmasının da qarşısı hansısa şəkildə dayandırılır?
 
- Təbii. Bir tərəfdən də xaricdə istehsal olunan spirtli içkilərə tələb var. Fikrimcə, xaricdə istehsal olunan spirtli içkilərin ölkəyə idxalı davam edəcək. Güman edilir ki, yerli içkilərə maraq güclənəcək. Bu baxımdan idxal nə qədər az olursa, valyuta bir o qədər ölkə daxilində qalır.
 
- Bu qərar sizin üçün gözlənilən idimi?
 
- Belə bir qərarı gözləyirdik, bu haqda açıqlamalarımız da olmuşdu. Çünki benzinə tətbiq edilən aksiz vergisi azaldılmışdı, il də başa çatmaq üzrədir. Növbəti ildə bunun artırılması gözləniləndir. Bir daha deyirəm, bu, ölkə daxili tələbata ciddi təsir göstərməyəcək.
 
Spirtli içkilər və tütün məmulatları ilə bağlı məsələ isə bir qədər fərqlidir.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...