Ehtiraslı rəqslər, göz yaşı və 30 İLLİK TARİX: Aygünün konsertində BAŞ VERƏNLƏR - FOTO/VİDEO

Dünən Xalq artisti Aygün Kazımovanın sənət fəaliyyətinin 30 illiyinə həsr etdiyi konsert proqramı “Crystal Hall”da baş tutub.
Publika.az xəbər verir ki, anşlaqla keçən konsertdə incəsənət və media nümayəndələri də iştirak edib. Konsert proqramı Milli musiqi alətlərimizin əks-sədası ilə başlayıb. Daha sonra səhnəyə ABŞ, İtaliya və Fransadan gələn rəqqaslar çıxıb. İki saata yaxın bir vaxt ərzində səhnədə olan Xalq artisti 5 fərqli geyim dəyişib. Rəşad Haşımovun rəhbərliyi ilə “Rast” qrupunun müşayiəti isə gecəyə xüsusi rəng qatıb.
Müğənni stilist Rüfət İsmayılın hazırladığı geyimlər hər mahnıya görə əlavələr edilməklə fərqli şəkildə dəyişilib. İfaçı bütün mahnılarını yeni aranjimanda təqdim edib. 30 il ərzində oxuduğu hitləri səsləndirən A.Kazımova, yalnız Rəşad Haşımovun oğlu ilə “Kölgə ol” mahnısını duet şəklində səsləndirib.
Konsertdə yaşanan digər maraqlı məqamlar isə ifaçının xüsusi qurğu ilə havaya qalxması, Namiq Qaraçuxurluya aid olan “Yenə tək” mahnısını ifa edərkən ağlaması olub.
Xüsusi ssenari əsasında qurulan səhnələrdə rəqqaslar və Aygün Kazımova əsl aktyor oyunu göstəriblər.
Xalq artisti konsertdən sonra mətbuat konfransı keçirərək, konsert təəssüratlarını bölüşüb:
“İlk dəfədir konsertdən sonra mətbuat konfransı keçirirəm. Hətta, deyərdim bu bir konsert yox, defiledir. Elə nüanslar var ki, kənardan gözəl görünürdü, ancaq çətin məqamları var idi. Soyunma-geyinmə prosesi mənim üçün çox çətin oldu. Bugünkü konsertimdə çox arzularımı həyata keçirdim. Bir neçə saniyə həyəcanım oldu. Səhnədə improvizasiyalar etdim, amma bundan sizin xəbəriniz yoxdur. Səhnədə doğmalıq yaranırsa, bu, tamam başqa effekt olur. Əgər bəyənilibsə, bu, mənim üçün çox xoşdur”.
A.Kazımova səhnədə ağlamasından da söz açıb:
“Hər insanı kövrəldən hisslər məni kövrəltdi. Bir dəfə ağladım yaxşı qurtardınız. Məşqlər zamanı o qədər ağlamışam, sevinin ki, bütün konsert boyu ağlamadım. Söhbət lirik mahnıdan getmir, ritmik mahnı da belə hərdən elə sözlər olur ki, adam kövrəlir. Bu layihə məni kövrəltdi. Bu sənətimə, tamaşaçıma olan sevgimdən irəli gəlir. Səhnədə xoşbəxt olduğum qədər heç yerdə xoşbəxt deyiləm. Niyə xoşbəxt olduğum yerdə, həm ağlayıb, həm gülməyim?”
Qeyd edək ki, ifaçı sonda “Crystal Hall”da konsert verən müğənnilərin imzası yer alan kitaba ay və gün şəkli çəkib.

Загрузка...
Загрузка...