Ehey, heyvansevərlər, səsiniz gəlmir…

Ötən il Bakıda keçirilmiş 1-ci Avropa Oyunları ərəfəsində şəhərdə bir-iki it öldürmüşdülər. Doğrudan da qınanası məsələ idi. Qınadıq da. Amma bəziləri bundan belə sui-istifadə edərək Azərbaycanı gözdən salmaq üçün gecəli-gündüzlü çalışdılar. Düzdür, istədiklərinə sonadək nail ola bilmədilər, amma bizim enerjimizi bir az da olsa istismar edə bildilər.
Bu “heyvansevərlər” dünyanın ən aparıcı media orqanlarına yol tapa bilmişdilər onda. Nə hikmətsə, dünya mediası da onlara həvəslə efir verirdi. Hər nə qədər olsa da heyvanlara qarşı “qeyri-insani” münasibətdən söhbət gedirdi. Özü də bu “qeyri-insani” olanlar Azərbaycanlılar idi.
Sözümüz yox, bu işdə doğrudan da bir heyvansevər kimi davrananlara hətta “halal olsun!” deyirik. Çünki biz də heyvansevərik. Heyvanlara qarşı zalım münasibəti biz də həzm edə bilmərik. O üzdən elə o günlərdə həmin it öldürənləri biz də qınadıq, etiraz səsimizi ucaltdıq. Amma o sözdə heyvansevərlərdən fərqli olaraq bunu Azərbaycan dövlətinin rəsmi siyasəti kimi yozmadıq. Çünki mümkün deyildi. Dövlət heyvan düşməni ola bilməz ki.
İndi də heyvanlar öldürülür. Özü də kütləvi şəkildə. Bu dəfə heyvanları öldürən ermənilərdir. Yəqin hər kəs son günlər cəbhə xəttində işğalçı Ermənistan ordusunun dinc sakinləri və onların təsərrüfatlarını atəşə məruz qoymasının sonuclarını fərq edir. Bütün media orqanlarımız bu haqda xəbərləri paylaşır, göstərir, dünyaya çatdırmağa çalışır. Yalnız bir fərqlə.
Ötən il 1-ci Avropa Oyunları zamanı bir-iki itin öldürülməsinə görə dünyanı üzərimizə qaldıranlar vardı ha. Bax, nəsə onlardan səs-soraq yoxdur. Yəni bizim dinc insanlarımızın şəxsi təsərrüfatlarında bəslədiyi onlarla heyvanın düşmən tərəfindən bir anın içində məhv edilməsi, doğrudanmı bu “heyvansevərlər”in ürəyinə rəhm salmağa yetmir? Axı bir neçə günün içində görün nə qədər heyvanımız öldürülüb? Haradasınız, səsiniz niyə çıxmır? Niyə eyni həvəslə dünya heyvansevərlərini və onlara dəstək verən medianı hərəkətə gətirmirsiniz? Anlamıram, bu qədər qoyun, inək, at o bir-iki it qədər də deyil? Sonunda bunlar da heyvandır axı! Deyilmi yoxsa?
Bəlkə o heyvanları Bakıda təsadüfi bir adam deyil də, işğalçı erməni əsgərləri öldürür deyə səsiniz çıxmır? Axı biz bir il öncə deyəndə ki, o it ölülərinin “təəssübünü çəkənlər” ermənilər və onların uzantılarıdır, söyülürdük. Buyurun, zaman bizim dediyimizi təsdiq etdi. İndi heyvanları öldürən tərəf ermənilərdir və ötən il Azərbaycanı ittiham edənlərin səsi gəlmir. Əlavə şərhə gərək varmı?