Efirimiz işğal edilib: ölkəmiz əleyhinə təbliğat... – Açıqlama

Baxış sayı: 
153

Tanınmış jurnalist Azər Həsrət Azərbaycanın bölgələrində xarici radio kanallarının asanlıqla efir məkanımıza daxil olduğu və efirimizi işğal etdiyini bir daha gündəmə gətirib.
 
Məlumata görə, Astara, Lənkəranda İran kanalları, Ermənistana yaxın ərazilərdə erməni kanalları, Gürcüstanla sərhəd olan rayonlarda gürcü kanalları efirimizi zəbt edib. Bu kanalların bəzilərində ölkəmizin əleyhinə verilişlər də yayımlanır.
 
Bununla bağlı Kult.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti Zamira Adilova FM yayımların Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edildiyini bildirib:
 
“FM diapazonundakı proqramların relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində yayımı normal qəbul olunur. Digər ölkələrin FM radio proqramları ölkəmizdə qəbul olunduğu kimi, müvafiq olaraq, Azərbaycan Respublikası ərazisindən yayımlanan FM diapazonundakı radio proqramlar da qonşu ölkələrin ərazisində qəbul edilir. Buna görə də sərhəd bölgələrində və mərkəzdən uzaq ərazilərdə FM diapazonunda yayımlanan xarici radioları rahatlıqla dinləmək mümkündür”.
 
Z.Adilova qeyd edib ki, bu kimi hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsinə əsasən tənzimlənir:
 
“Müvafiq sərhədyanı ölkələr arasında koordinasiya protokolları imzalanır ki, sərhədyanı ərazidə yerləşən yayımlar bir-birinə interferensiya təsiri göstərməsin. Digər diapazonlar kimi, FM radio və TV yayım diapazonu da Dövlət Radiotezliklər İdarəsinin efirə radionəzarət məntəqələri tərəfindən daim nəzarətdə saxlanılır. Bu barədə məlumatlar mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Teleradio” İB-yə təqdim edilir. Ölkəmizə əks-təbliğat xarakterli radio proqramları aşkar edildikdə onlara qarşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərişinə uyğun olaraq “Teleradio” İB tərəfindən müəyyən texniki tədbirlər görülür”.
 
Z.Adilovanın sözlərinə görə, son aylarda Dövlət Radiotezliklər İdarəsinə bu barədə heç bir müraciət daxil olmayıb.

Загрузка...
Загрузка...