“Efirə çıxırsan elə bilirlər, qaz vurub, qazan doldurursan, pul səndədir” – Rahil Sayadoğlu

 
Hər həftənin bazar günü “Facebook” səhifəmiz üzərindən yayımlanan “Sualım var” verilişində tanınan gənc similar qonaq olur.
Minval.İnfo-nun canlı yayımının növbəti qonağı tanınmış teleaparıcı Rahil Sayadoğlu olub.
Həm əməkdaşımızın, həm də canlı yayımı izləyən sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran R.Sayadoğlu maraqlı fikirlər səsləndirib.
Həmin müsahibəni həm yazılı, həm də video görüntü şəklində sizlərə təqdim edirik:
Özünü tanınmış aparıcı kimi hiss edirsən?
–        Yox, ümumiyyətlə tanınmış aparıcı təqdimatı məni utandırır. Düzdür, tanıyırlar məni, ancaq “tanınmış”, “məşhur” aparıcı sözləri mənə yarlıq kimi tam da yapışmır. Bəlkə də, bu lazımsız təvazökarlıqdır. Mən daha çox televiziya əməkdaşıyam,  nəinki tanınmış aparıcı.
Verilişi təqdim edən zaman çox çaşırsan, tez-tez özün öz sözlərini düzəldirsən
–        Üzdə olan simaların bəziləri ona görə çaşır ki, söz tapa bilmirlər, iki sözü ard-arda qoşub demək çox çətin məsələdir. Amma mən söz bolluğundan çaşıram, söz ağzıma yerləşmir. Bir mövzuya başlayıram, bir də görürəm gedib dünyanın o başından çıxıram. Bir söz deyəndə onun izahını verirəm, rəhmətlik Zəlimxan kimi sinonimləri düzürəm. Bu da məni çaşdırır. Özüm-özümə irad tuturam ki, “bunu qısa de, sözü niyə uzadırsan?”
 
Bu söz bolluğu çox mütaliə etməkdən gəlir, ya qandan?
–        Bunun səbəbkarı krasvordlardır. 4-5-ci sinifdə oxuyanda krasvord alırdıq, bacı-qardaş döşənib yazırdıq. Beləliklə yaxşı söz bazası yığdım, uşaqlıqda elə sözləri işlədirdim ki, müəllimlər təəccüb edirdilər, sən bu sözü haradan bilirsən? Kitab oxumağa isə 9-10-sinifdən başladım. Yalan deməyəcəm, dəhşət kitab oxuyucu deyiləm, vaxt olduqca oxuyuram.
Sən özün “Juventus” azarkeşisən, paylaşımlarından görürük ki, həyat yoldaşın da sənin kimi “Juventus” forması geyinib matçlara baxır. Əvvəlcədən “Juventus” azarkeşi idi, ya sənə görə oldu?
–        Futbolla maraqlanırdı, ancaq digər xanımlar kimi xüsusi bir azarkeşliyi, çılğınlığı yox idi. İndi mənimlə həmrəylik nümayiş etdirir. Yoldaşım mənim  “Juventus” sevgimi gördükdən, mən də ona forması hədiyyə verəndən sonra, onda da bir həvəs yarandı, indi də bu yolda birlikdə addımlayırıq.
Bildiyimə görə, sən ailənə çox bağlısan, hətta indi yaşadığın evi də ailənə yaxın tutmusan. Yəqin ki, öz həyat yoldaşına da belə bağlısan. Bəs belə icazə almaq məsələsi var? “Yazıb sizə bildirirəm ki” cümləsi ilə başlayan icazə kağızı yoxdur ki?
–        Bizdə icazə almaq yox, xəbər vermək ənənəsi var. Öz ailəmdən də görmüşəm ki, hesabatlılıq yaxşı şeydir. Hesabatlılıq xəbər verməkdir. Sən doğmana xəbər verirsən ki, məlumatlı olsun. Mən öz atama da xəbər verirəm ki, bu gün nə etmişəm, daha doğrusu dostcasına bölüşürəm onunla. Yazıram ki, axşam uşaqlarla görüşəcəm, sənə lazımdırsa indidən alım.
Adətən evlənəndən sonra ancaq ailəli olanlarla görüşlər keçirilir, subay dostlarınla görüşmək problem olmur ki?
 
–        Qətiyyən, biz hətta evlilərlə də subayca görüşürük (Gülür).
Keçən həftə müsahibim olan Hüseyn Əzizoğlu dedi ki, “Facebook”-a girəndə mənfi yüklənirəm, hətta özümü öldürmək istəyirəm. Sən sosial şəbəkələrin bu mənfi yükündən bezmirsən?
–        “Facebook”-un mənfi yükü var. Amma bu insanın özündən asılıdır. Vəziyyət elə yerə gəlib ki, baxırsan bir insanla mindən çox ortaq dostun var, az qala uzaq qohum çıxırsan. Onu dostluqdan çıxara bilmirsən. Amma ya onu “unfollow” edirsən, ya sonda  qəti qərar verib dostluqdan silirsən. İstəsən dostluqdan çıxararsan, kefsiz olanda maraqlı videolar izləyib əhvalını yüksəldə bilərsən. Sosial şəbəkələrin üstünlüyü də bundadır ki, bu mexanizmi özün idarə edirsən. Hüseyn Əzizoğlu elə bir sahədədir ki, o istəsə də, istəməsə də tənqidə məruz qalmalıdır və qalacaq.  Heç vaxt gözləməsin ki, onu 99 % hamı tərifləyəcək.
 
Bildiyin kimi Mirşahin Ağayevin yeni telekanalı “Real TV” fəaliyyətə başlayır. Yenidən o komandaya qayıtmağı düşünməzsən? Sənə dəvət gəlib?
–        Açığı, mənə dəvət gəlməyib. Amma dəvət alsam da, getmərəm. ARB TV-də hər şey qaydasındadır, yeni layihəyə də başlamışam. Digər telekanalların qəlibləşmiş qaydaları var, çox da standartdan kənara çıxa bilmirlər. ARB isə yeniliyə açıqdır. Burada daha çox yenilik tətbiq etməyə imkan verirlər.
“Mən hələ o mərtəbəyə çatmamışam ki, Allahı inkar edim, amma dindar da deyiləm”
“Facebook”-da az-az yazırsan, uzun yazırsan. Bir çox məsələyə mövqeyini qoyursan, ancaq dini məsələlərdə heç bir fikir bildirmirsən.
–        Dostlar arasında insan rahat danışır, ancaq sosial şəbəkələr elə böyük kütləyə açılır ki, müəyyən mövzularda insanların qəzəbini çəkmək istəmirəm. Mən etiraf edirəm ki, kütləvi tənqiddən çəkinən adamam. Hər kəs mənim üzərimə düşsə narahat olaram. Dəfələrlə olub ki, statusu silmişəm. Hətta iki nəfər də “ayıbdır, sil bunu” yazsa, özümə deyirəm ki, “bəlkə doğrudan da, ayıbdır, yeri yoxdur”. Dinə gəldikdə ateist deyiləm, mən hələ o mərtəbəyə çatmamışam ki, Allahı inkar edim, amma dindar da deyiləm. Ədalət Ziyadxanova bir dəfə sual verdik ki, “Allah varmı, müəllim”. Cavabı belə oldu ki, “Allah fiziki varlıq deyil ki, mən onun varlığını sənə göstərim, oradadır, get, bax deyim. Bu inanc məsələdir, inanırsansa var, inanmırsansa yoxdur”. Mən Allahın varlığının sübutunun tərəfdarı deyiləm. Bu çox fərdi məsələdir, inanırsansa, sənin üçün var.
 
Hər nə qədər qəbul etməsən də, tanınan aparıcısan. Sənin digər teleaparıcılardan fərqin nədir ki, onların avtomobili var, sən isə ictimai nəqliyyatdan istifadə edirsən.
–        Fərqi odur ki, onların pulu var, mənim yoxdur (gülür). Ancelina Coli metroya minsə hər kəs şəklini çəkər, amma inanmıram o, özü bunu “xalq arasındayam”- deyib, paylaşsın. Özünə hörmət edən adam bunu eləməz.
Məsələn, teleaparıcı Zaur Baxşəliyev bunu etmişdi
–        Yox, ona demirəm bu sözləri. Zaur kifayət qədər tanınmış aparıcıdır. Onun ictimai nəqliyyatdan istifadə etməsi fərqli addımdır. Bunu ictimailəşdirməsi də pis bir şey deyil, amma təqdimetməsi bir az insanlarda qıcıq yaradır. Məncə, özü də tənqidlərdən sonra etiraf edəcək ki, onun təqdimetməsi bir az uyğunsuz alınıb. Mənim də avtobusdan şəkil paylaşdığım vaxtlar olub, amma bunu “baxın mən də minirəm” – deyə, paylaşmıram.
 
Sualımız havada qalmasın, niyə hələ də maşının yoxdur?
–        Bu lap ürəyimcə olan sualdır. Nə vaxtsa mənim də maşınım olacaq. Amma metro və avtobusun yerini heç nə vermir. Bir televiziya işçisi üçün ictimai nəqliyyatdan yaxşı canlı reytinq ölçən yoxdur. Min metroya, gör səni nə qədər adam tanıyır. Mən də camaatdan qopub nə vaxtsa maşına minəcəyəm. Efirə çıxırsan elə bilirlər, qaz vurub, qazan doldurursan, pul səndədir.
Elə deyil?
–        Əlbəttə, elə deyil. Elə olmadığı görünmür? (Gülür)
Son dövrlər gənc yazarlar, şairlər ciddi tənqid edilən paylaşımlar edirlər. Az qala hər həftə bir gənc şair sosial şəbəkələrdə kütləvi linç edilir. Sənin onların fikirlərinə münasibətin necədir?
–        Bu açıq fikirlilikdir. Heç nəyi bütləşdirmək lazım deyil. Bu adamlar mövqelərini sosial şəbəkələrdə belə deyə bilməyəcəksə, bəs harada deyəcək? Əvvəlcə yazıb, sonra üzr istəmək də normaldır. Kəramət Böyükçöl, məsələn, 2 həftədən bir üzrxahlıq edir. Kəramət çox açıqsözlü, maraqlı adamdır. Sadəcə onu dəqiqləşdirə bilmirəm ki, bu onun səmimi fikirləridir, ya nəyinsə təsiri altında yazır. Gərək, özünsən soruşum. Bəzən elə adamlardan, elə status görürsən ki, deyirsən “axı bu həyatda belə insan deyil”. Kəramətə aid eləmirəm, amma bəlkə sərxoş olub belə yazırlar, ya da nədən isə ürəyi dolub, qəzəblənib. Mən demirəm səhv deyirlər, ya da düz, amma deməyin də təhəri var.
Dəniz

Загрузка...
Загрузка...