“Dəyirman”la hər kəsin tanıdığı məşhur REPER: “Məişət haqq-hesabları yaradıcı insanı göydən yerə çırpır” - MÜSAHİBƏ/FOTO

Baxış sayı: 
128

 
Aramızda ciddi yaş fərqi olmasa da, redaksiyamızın sonbeşiyi kimlə müsahibəyə getdiyimi soruşanda ona zarafatla “Sən tanımarsan, köhnə Dəyirmançıdır”, - dedim. Əvəzində iş yoldaşımın kəsərli cavab atəşiylə susduruldum: “Uşaqlığımız onların repləriylə keçib. Dəyirmanı tanımamaq olar?”
Və bu cavabdan onu anladım ki, nə “Dəyirman” qrupu, nə onun üzvləri, nə də onların ifaları hələ də unudulmayıb.
Əziz oxucuların səbir kasasını çox daşırmadan müsahibimizi təqdim edim. Keçmiş “Dəyirman” qrupunun üzvü, hazırda isə solo fəaliyyət göstərən rep ifaçısı Elmir Məhərrəmov Publika.az-a müsahibə verib.
Kəskin mətnlərin və aqressiv qafiyələrin müəllifi kimi tanınan reper bizə yumşaq üzünü göstərdi. Daha doğrusu, məlum oldu ki, o, kənardan göründüyü kimi sərt insan deyil. Əksinə, ən xırda bir şeydən təsirlənən həssas ürəyi var.
 
 
- Xoş gördük, Elmir bəy. Necəsiniz?
- Çox sağ olun, yaxşıyam.
- Xəstələnməyinizlə bağlı çıxan xəbərlər dinləyicilərinizin çoxunu narahat etmişdi. Hazırda səhhətiniz nə yerdədir?
- Şükürlər olsun ki, artıq sağalmışam. Müalicəm bitib, sadəcə, soyuqdan qorunmalıyam, bir də vitaminlər qəbul edirəm.
- Sağaldığınıza biz də sevindik. Yeni trekləriniz çıxsa da, çoxdandır ki, nə efirlərdə, nə də mətbuatda görünmürdünüz. İlk sualım “Dəyirman” qrupuyla bağlıdır. Bu qrupun yaranmasından, hətta dağılmasından da artıq illər ötüb. Sizin fəaliyyətiniz dövründə bu janr kifayət qədər sevilir və dinlənilirdi. Bəs sizcə, rep bu gün azərbaycanlı gənclərin həyatında hansı yeri tutur?
- Gənclərlə tez-tez ünsiyyətdə oluram və özümü hələ də gənc hesab edirəm. Tanıdıqlarımın 90 faizi repə qulaq asır. Lakin bu gün repin forması bir qədər dəyişib. İndiki rep bizim 90-cı və 2000-ci illərin əvvəllərində dinlədiyimiz replərdən fərqlidir. Başqa cür səslənir, başqa cür ab-hava var, buna baxmayaraq, hələ də dinlənilir.
Məsələ ondadır ki, bu gün xaricdə dəbdə olan rep bizdə az dinlənilir və az istehsal edilir. Azərbaycanda reperlər ya klassik formada nə isə edir, ya da nadir hallarda trap yazırlar. Elə özüm də 95 faiz klassik rep yazıram və oxuyuram. Ancaq fikrim var ki, gələcəkdə trap üslubunda da nə isə edim.
Trap mətnlərinin tipik mövzuları səfalət, küçə həyatı, qəddarlıq, ağır şəhər mühiti barədədir. Bundan başqa trap musiqisinin mətnləri sənətçidən asılı olaraq davakar, sərt, təhdidedici məzmunu, musiqisi isə aqressiv tərzi ilə seçilir. Son illərdə trap müxtəlif sənətçilər tərəfindən pop və elektron rəqs musiqisi ilə birləşdirilir.
- Mətn yazarlarının, o cümlədən sizin də əsas vəzifələrindən biri odur ki, cəmiyyətdə gördüyü nöqsanları özünəməxsus şəkildə ifadə etsin. Bunu mahnılarınızda da görürük. Maraqlıdır ki, replərində hamıya dərs keçən Elmir Məhərrəmovun özü necə insandır?
- Şərt deyil ki, sözlərinlə hamıya dərs keçəsən. Sən təsvirçi ola, nəyisə gözəl şəkildə təsvir edə, yaxud öz hisslərini rep vasitəsiylə çox təsirli formada ifadə edə bilərsən. Replərimdə bir çox məqamlarda öz hisslərimi aqressiv formada bildirirəm. Buna baxmayaraq, həyatda daha sakit və mülayim insanam.
 
 
- Hisslərinizi həmişə cilovlaya bilirsiniz?
- Bəzən elə vəziyyət yaranır ki, hisslərin cilovlanmasından söhbət gedə bilmir, mən də hamı kimi hirslənirəm, emosiyalarıma hakim ola bilmirəm. Amma ümumilikdə sakit xarakterə malikəm.
- “Atasız uşaq” repi sizin həyatınızdan danışır?
- Bu sualı tez-tez eşidirəm, hətta sosial şəbəkələrdə geniş müazakirələrə səbəb olmuşdu. Şərh yazanların bir neçəsi etiraf etmişdi ki, mahnıdakı hekayə onların öz başına gəlib. Repdə danışılan hekayə həyatımda baş verməyib. Birinci bəndində uşaqlığımı, getdiyim yerləri təsvir etmişəm, qalan hissəsi fantaziyamın məhsuludur.
Hətta yaxınlarda bir dostumun tanışı bu hekayənin onun həyatından götürüldüyünü dedi. Dostumdan soruşmuşdu ki, Elmir bunu necə bilib. Halbuki, xəbərsiz yazmışam.
- Növbəti sualım mahnıdakı sözlərlə bağlı olacaq. Orada belə ifadə var: “Qayğısız uşaq, sevgisiz uşaq, məhəbbətə uzaqdan baxan uşaq....”. Necə düşünürsünüz, məhəbbətə ehtiyacı olan uşağın təsəllisi nə ola bilər?
- Çox çətin və ciddi sualdır (düşünür). Buna düşünmədən cavab versəm, səhv başa düşülə bilər. Onu deyə bilərəm ki, bütün insanlar göyə baxıb təsəlli tapa bilirlərsə, yəqin ki, bu, uşaqlar üçün da təsəlli olar.
- Keçmişdə yaşadığınız əzabların bu gününüzə təsir etməsinə imkan verirsiniz?
- Əzab çəkdiyimi haradan bilirsiniz? (Gülür)
 
 
- Heç kim ömür boyu yağ-bal içində yaşamır axı. Buna əsaslanaraq sual verdim...
- Uşaqlıq illərində üzləşdiyin müəyyən çətinlikləri həyata hazırlıq məktəbi və sınaq kimi qəbul etmək lazımdır. Bəlkə qarşılaşdığın çətinliklər olmasaydı, indi nailiyyətlər qazana bilməzdin və ya güclü olmazdın.
- Başqa bir repinizdə yuxarıdan baxanda insanları qarışqaya bənzətmisiniz. Bəs yaxından baxanda insanlar necə görünür?
- Burada onu demək istəmişəm ki, yuxarıdan baxandan bütün insanlar eynidir. Hamımız cılız görünürük. Yəqin ki, bizə yuxarıdan baxanlar da bizim gözümüzdə böyütdüyümüz problemləri çox xırda görürlər. Yaxından baxanda təbii ki, hər şey böyüyür, onda qarşındakının problemlərini də daha yaxından hiss edirsən.
- Hədəflərinizə yaxınlaşmaq üçün özünüzdə nələri dəyişmək məcburiyyətində qalmısınız?
- Özümdə heç vaxt məcburən nəyisə dəyişdirməyə çalışmamışam. Ola bilsin ki, gənclik illərimdə dostlar və yaxınlarım tərəfindən sadəcə qəbul olunmağımı istəmişəm.
- Yaxşı xüsusiyyətlərinizin üstündən nə zaman xətt çəkirsiniz?
- Yaxşıdırsa, niyə üstündən xətt çəkmək lazım olsun ki? Məsələn, mülayim olmaq müsbət cəhətdir, amma hamıya qarşı lazım olduğundan artıq yumşaq davranmaq müsbət keyfiyyət deyil. Bu, mənfilər cərgəsinə yazılır.
- Sizcə, sənət adamları digərləri ilə müqayisədə öz davranışlarına daha çox sərbəstlik verməlidir və onların yaradıcı şəxsiyyətinə hər şeyi bağışlamaq olar?
- Bu, insanın daxili dünyasından asılıdır. Hər kəsin ilham və enerji mənbəyi fərqlidir. Kimsə sərbəst olanda özünü xoşbəxt və azad hiss edir. Elələri də var ki, çox istedadlıdır, lakin özünəbağlı insandır. İkincilərin ilham mənbəyi təklik olsa da, verdiyi mesajlar çox düşündürücü və vacib əhəmiyyət kəsb edə bilər.
Səhvləri isə peşələrə ayırmaq olmaz. Burada insan faktoru, insani keyfiyyətlər önəm daşıyır.
- Yaradıcılıqla məşğul olan kişilərin ən böyük arzusu odur ki, məişət problemlərindən azad olsun və işi ilə rahat məşğul olsun. Siz buna nail ola bilirsiniz?
- Bu, mif deyil, həqiqətən də belədir. İncəsənət sahəsinin adamları öz xəyallarında azad bir quş kimi istədiyi səmtə uçmaq istəyir. Məişət haqq-hesabları səmalarda uçan yaradıcı insanı göylərdən yerə çırpır. Bu məsələdə özümü şanslı sayıram, həyat yoldaşım məni gözəl anlayır.
- Taleyinizlə dil tapa bilirsiniz? Yoxsa, işiniz həmişə daşdan keçir?
- İnsan gərək həyatda naşükür olmasın. Allaha və bu günə şükür etməyi bacarıram. Ancaq hə, işlərim daşdan keçir (gülür).
- Sizcə, bunun səbəbi, yaxud da günahı kimdədir?
- Günahkar axtarmıram. Düzdür, başımı yuxarı qaldırıb suallar verirəm. Lakin bir az başqa cür yanaşıram. Yəqin ki, bu kiməsə lazımdır və belə də olmaldır deyə düşünürəm.
- Dostlarınız tez-tez sizə kələk gəlir?
- Yox, amma olub. Desəm ki, dost kələyi ən yaralı yerimdir, yalan olar.
- Bəs yaralı yeriniz nədir?
- Oyy... Bu barədə heç danışmaq istəməzdim.
- Qorxursunuz ki, zəif nöqtələrinizdən kimsə istifadə edər...
- Əsla. Yaradan nə qədər az danışsan, bir o qədər tez sağalar. Böyük təcrübəmə əsasən deyə bilərəm ki, dərd baş verdiyi an insan onu kiminləsə bölüşmək istəyir. Biz həmişə ünsiyyət qurmağa ehtiyac duyuruq, ümumiyyətlə, dərdi paylaşmaq insana xas olan xüsusiyyətlərdir. Lakin zamanla hər şey köhnəlir, hətta ən ağır yaralar, dərdlər və itkilər də. Yəni vaxt keçdikcə yara da öz aktuallığını itirir.
 
 
- Pula daha çox ehtiyacınız var, yoxsa zamana?
- Zamana! İllər ötdükcə daha çox hiss edirəm ki, reallaşdırmaq istədiyim nələrisə yerinə yetirməyə vaxt tapa bilmirəm. Ən bəsit nümunə çəkim. Məsələn, gün ərzində 6-7 insanla görüşmək istəyirdimsə, onun 3-4-ünə zaman ayıra bilirəm, qalanlarına yox.
- Qolunuz qüvvətlidir, yoxsa qələminiz?
- Qələmim.
- Yazdıqlarınızı hər kəsin anlaması sizin üçün nə dərədəcə əhəmiyyətlidir?
- Kütləvi olaraq belə bir məqsədim olmayıb. Hər halda anlamasalar, yazmağımın heç bir mənası da olmazdı. Əgər mahnıda sətiraltı mənalar varsa, deməli, yazanın istəyi olub ki, onu kimsə tutsun. Dinləyicilərin belə məqamları tapması müəllifdə xoş təəssüratlar yaradır.
- Yazdıqlarınız məğbuliyyətinizin məhsuludur, ya hədəfə atılan addım və mübarizə üsulu?
- Əslində belə hesab olunur ki, ən yaxşı yaradıcılıq nümunələri uğursuzluqdan doğur. Məyus olanda içində bütün emosiyalar baş qaldırır və nə isə yaratmaq həvəsi yaranır. Mənim üçün rep həmişə fikirlərimi çatdırmaq üçün vasitə olub.
- Replərinizlə kimi və nəyi xilas etmək niyyətindəsiniz?
- Xilas deməzdim, örnək, xəbərdarlıq, yaxud yol göstərmək funksiyasını daha çox yerinə yetirir. Mahnıların sözlərini yazanda çox vaxt uşaqlarımı düşünürəm. Övladlarıma sözlə deyə bilmədiklərimi treklərim vasitəsiylə çatdırmağa çalışıram.
- Siz də bir çox azərbaycanlı reperlər kimi başqa işdə çalışırsınız, qazancınız ancaq bu sahədən deyil. Hip-Hop sənayesindən Azərbaycanda nə zamansa yaxşı pullar qazanmaq mümkün olacaq?
- İndi də etmək olar, bunun təməlini biz qoymuşuq. Hətta deyərdim ki, təməlini qoyub kənara çəkilmişik ki, yeni nəsil reperlər nə isə etsin. Amma edənlər olmadı. Əgər rep Azərbaycanda nə vaxtsa uzun müddət janr kimi sevilibsə, deməli, ona tələbat olub və bunu indi də etmək olar. Sadəcə ortaya keyfiyyətli məhsul çıxartmaq lazımdır. Bunu niyə bacarmadıqlarını və ya etmək istəmədiklərinin səbəbləri mənə məlum deyil.
- Yaşa dolduqca özünüzü əsərin müsbət qəhrəmanı, ya mənfi obrazda görürsünüz?
- Yəqin ki, müsbət. Alınıb-alınmadığını daha dəqiq ətrafımdakı deyə bilər.
- Rep stereotipləri aradan qaldırmaq gücünə malikdirmi və “Dəyirman” qrupunun bu məsələdə nə kimi rolu olub?
- Sözsüz ki, repin auditoroyası çox böyükdür. Bu da o deməkdir ki, onun təsir qüvvəsi də dərindir. 90-cı illərin sonlarında da, 2000-ci illərdə də repin əsas dinləyicilərini gənclər təşkil edirdi. “Dəyirman” onu elə səviyyəyə çatdırdı ki, repi böyüklər də sevməyə başladı. Məsələn, “Ya Qarabağ, ya ölüm”ü bütün ölkə sevdi. Bu, repin stereotipləri qırmasına dair sadəcə bir nümunədir. Rep o qədər məşhurlaşmışdı ki, hətta millət vəkilləri və dövlət məmurları da ondan danışmağa başlamışdı.
- Repdə peşə etikası anlayışı mövcuddur?
- Bəli, var. Reperlərin buna nə dərəcədə əməl etdiyini dəqiq deyə bilmərəm. Yaşca böyük olanlara həmişə hörmət bəslənilir. Bu da bir qaydadır.
- Repin küçə mədəniyyəti olduğunu nəzərə alsaq, tərbiyəvi tərəfləri nədən ibarətdir?
- Ümumiyyətlə, oğlan uşaqlarını müəyyən yaşa çatdıqdan sonra onları məktəb və valideynləri deyil, küçə tərbiyələndirir. Valideynlər demək olar ki, 14 yaşından sonra oğullarını bu baxımdan “itirirlər”. Oğlanlar küçədə böyüyür, səhvlər edə-edə başa düşür ki, nələri etmək olar, nələri yox.
- Bu peşədə yaş məhdudiyyəti var? Məsələn, 60 yaşında da səhnəyə çıxıb rep oxumaq olar?
- Buna oxşar sualları illər boyu özüm-özümə çox vermişəm.
- Və gəldiyiniz qənaət...
- 20 yaşım olanda həmişə “30 yaşımda da rep oxuyacam, ya yox?”, - deyə fikirləşirdim. 30 yaşımda da eyni sual üzərində düşünmüşəm. Artıq başa düşdüm ki, oxumağa davam edirəmsə, bu suala son qoymaq lazımdır.
- Bu yaxınlarda sosial şəbəkədə paylaşdığınız fotoya “Bizim rejissorlar kordur”, - yazmışdınız. Bu fikirdən onu başa düşdüm ki, filmə çəkilmək arzusundasınız. Rejissorların sizi bu vaxta qədər kəşf etməməsinin səbəbi nədir?
- Bəli. Çox istəyirəm ki, filmə çəkilim. Uşaqlıqdan arzulamışam ki, hansısa filmdə rol alım. Əslində bunu ərk edib yazmışam, çoxlu rejissor dostlarım və yaxınlarım var. Mənə də maraqlıdır ki, rejissorlar filmə yaraşan belə bir adamı niyə görmürlər və filmə çəkmirlər. (Gülürük)
- Özünüzü hansı rolda görürsünüz?
- Əlbəttə ki, baş rolda, mənfi rol da olsa, öhdəsindən gələrəm.
 
 
- Gələcək planlarınızda nələr var?
- Hazırda yaradıcı fəaliyyətim ikinci plana keçdiyi üçün onunla çox məşğul ola bilmirəm. Odur ki, əvvəlcədən heç bir söz deyə bilməyəcəm. Birmənalı şəkildə onu deyim ki, karyeramla vidalaşmamışam, sadəcə olaraq vaxt tapdıqca mahnı yazıram. Şərait və vaxt imkan verirsə, klip çəkdirirəm. Belə deyək, dinləyicilərimi mütəmadi olaraq sevindirməyi xoşlayıram.
Vaxtımın çoxunu digər işimə və ailəmə həsr edirəm. Həyatımda bu ikisi daha vacib yer tutur.
- Son vaxtlar gördüyünüz hansı səhnə hələ də gözünüzün önündən silinmir?
- Beynimdə öz həyatımdan o qədər səhnələr var ki, başqa hadisələrə çox fikir vermirəm. Son 5-10 ildir istər sosial şəbəkələrdə, istərsə də televiziyalarda neqativ xəbərləri izləmirəm. Əhvalıma şüuraltı pis təsir edir. Həssas insanam, özümü maksimum dərəcədə qorumağa çalışıram. Halbuki, cavanlıqda belə deyildim. Gənc ikən hər şeyə diqqət etmirsən, dalğa səni aparır və sən gedirsən... Yaşa dolduqca həyatı özün idarə edirsən. Nəzarət öz əlində olur.
- Bu yaxınlarda 107.7 Avto FM radio stansiyasının kreativ direktoru seçilmisiniz. İlk növbədə təbrik edirəm və istərdim ki, bu işiniz haqqında danışasınız...
- Çox sağ olun. Ümumiyyətlə, televiziyadan çox həmişə radioya rəğbət bəsləmişəm. Formatı tam dəyişmişik, bizim stansiyada yalnız və yalnız hit mahnılar səslənir. Yavaş-yavaş yeni verilişlər ərsəyə gətirməyə başlamışıq. Səhərlər işə gecikənlərə həsr etdiyimiz “Gecikmən” verilişi artıq efirdə gedir. Həmçinin “Şəhər şousu” da dinləyicilər üçün maraqlı veriliş olacaq.
- Kollektiv sizi qane edir?
- Bəli, yaradıcı heyətdir. Onlar arasında illərdir ki, tanıdıqlarım var. Əsas məqsədimiz odur ki, dinləyiciləri sevindirək, onları darıxmağa qoymayaq və sakinlərə daha yaxın olaq. Biz həmçinin istəyirik ki, Avto FM şəhərdə baş verən vacib hadisələrdə, keçirilən bayramlarda, konsertlərdə iştirak etsin.
- Müsahibə üçün minnətdaram. Həyatda və sənətdə sizə bol şans arzu edirik. Ən əsası həmişə sağlam olun.
- Təşəkkür edirəm.

Загрузка...
Загрузка...