​Duqinin təklifi: Bakı niyə “5 rayon”dan imtina edir?

Baxış sayı: 
197

Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin Dağlıq Qarabağ ətrafındakı işğal altında olan 7 rayondan beşinin 2018-ci ildə Azərbaycana qaytarılmasının zəruri olduğunu bir daha bildirib. Report-a açıqlamasında bununla bağlı qərarın 2016-cı ildə razılaşdırıldığını xatırladan rusiyalı ideoloq əks halda, göstərilən səylərin və danışıqlar prosesində əldə olunan bütün nailiyyətlərin əhəmiyyətini itirəcəyini qeyd edib.
 
Axar.az xəbər verir ki, ictimai fikrə təsir etmək gücünə malik olan Kremlin ideoloqu bundan öncə də dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 rayondan beşinin Azərbaycana qaytarılmasını təklif etmişdi.
 
Rusiyalı ictimai-siyasi xadim, filosof mayın 1-də Bakıya səfəri əsnasında bildirmişdi ki, Qarabağ və qalan iki rayonla bağlı vəziyyət “daha mürəkkəbdir” və çox vaxt tələb edə bilər.
 
Maraqlıdır, BMT qətnamələrində “qeyd-şərtsiz” azad olunması tələb edilən Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ikisi – Laçın və Kəlbəcər – niyə “daha mürəkkəb” sayılmalıdır:
 
Azərbaycan işğalda saxlanılan rayonların qaytarılması məsələsinin Dağlıq Qarabağın statusu ilə eyni vaxtda həllinə qarşı olduğunu birmənalı şəkildə bəyan edib. Həm də bu münasibət 5 deyil, 7 rayona aiddir.
 
Hətta BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsi də 7 rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılmasını və işğalda saxlanılan rayonlardan Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana təzyiq kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü özündə ehtiva edir.
 
Duqinlə paralel, Lavrov da vaxtilə 5 rayon məsələsini gündəmə gətirmişdi. Ancaq “güzəşt olaraq” danışıqlar prosesinin predmetinə çevrilməsinə cəhd göstərilən bu təklifdən Bakı imtina etdi.
 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Axar.az-a açıqlamasında bildirmişdi ki, Azərbaycan beş rayon təklifini heç bir halda qəbul etməyəcək:
 
“Açıq başa düşməliyik ki, Ermənistanın mövqeyi belədir: Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin bir qismini qaytarır və Dağlıq Qarabağ, Laçın, Kələbəcər ya Ermənistana birləşdirir, ya da Dağlıq Qarabağda “müstəqil” dövlət yaradılır. Artıq həmsədrlər 6 dəfə bu və ya digər şəkildə Madrid prinsiplərini açıqlayıblar”.
 
Politoloq qeyd etmişdi ki, danışıqların bu baza üzərində davam etdirilməsi Azərbaycanın maraqlarına cavab vermir:
 
“Hətta bunu sübut etməyə də hazıram. Bilirsiniz, Azərbaycanın ölkə prezidentinin simasında qəti mövqeyi tam fərqli format diqtə edir, Lavrov bazası üzərində danışıqların davamını inkar edir. Narahatedici məqam odur ki, Lavrov bir müddət öncə beş rayonun status müqabilində azad oluna biləcəyini bəyan etdi. Bu, bir növ, Madrid prinsiplərinin tamamilə dəyişməsi deməkdir. Çünki Azərbaycan üçün əsas məsələ rayonların qeyd-şərtsiz azad olunması, status məsələsinin ən sonda həll olunmasıdır. Bakı qəti şəkildə rayonların qaytarılması ilə status məsələsinin eyni mərhələdə müzakirəsini rədd edir”.
 
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə vurğulamışdı ki, beş rayonun geri qaytarılması ilə bağlı ortaya atılan plan Azərbaycan tərəfindən çox sərt qarşılığını alıb:
 
“Kazan variantının sonradan Lavrov tərəfindən mənimsənilmiş hissəsində dövriyyəyə girən həll planında Rusiya Azərbaycana qarşı müəyyən şərtlər irəli sürür. Bu məsələ 10 ildir ki, gündəmdədir. Ona görə də beş rayon məsələsinin “Lavrov planı” adlandırılmasının heç bir əhəmiyyəti yoxdur. Çünki Bakı 5 rayonun geri qaytarılması ilə bağlı ortaya atılan bu köhnə planı və oradakı şərtləri birmənalı qaydada rədd edib. Beş rayonun qaytarılması məsələsinə Azərbaycan bir şərtlə razı ola bilər ki, ermənilər Dağlıq Qarabağa keçici status verilməsi ilə bağlı öz israrlarından vaz keçsin. Çünki Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi gələcəkdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalıb-qalmayacağını sual altında qoyur. Üstəlik, Moskvanın İrəvanla eyni mövqedə olduğu şübhə doğurmur. Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələnin həyata keçməsinə imkan verməyəcək. Bakı Dağlıq Qarabağın yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində öz müqəddaratını təyinetmə haqqını tanıyır”.
 
Politoloqların qənaətinə görə, ümumiyyətlə, “5 rayon” anlayışı gündəmdən qalxmalıdır. Çünki Dağlıq Qarabağ ətrafında işğal edilən və Ermənistanın da işğalını təsdiqlədiyi rayonların sayı 5 deyil, 7-dir.
 
Bu mənada ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri Endryu Şofer iyulda istefasından bir gün öncəki çıxışında daha məntiqli və beynəlxalq qanunvericiliyə, həmçinin BMT qətnamələrinə uyğun həll modelini dəstəklədiklərini bəyan etmişdi. Bu modeldə işğaldan azad ediləcək rayonların 7 olduğu bildirilir, yalnız Laçın rayonu ərazisindən Dağlıq Qarabağa Azərbaycanın nəzarətində olmaqla dəhliz verilməsi nəzərdə tutulurdu.
 
Bu baxımdan Azərbaycan ümumiyyətlə, “5 rayon” söhbətinin Ermənistanın güzəşti kimi təqdimatına qarşı qəti mövqeyini ortaya qoyub.

Загрузка...
Загрузка...