​Dünyanın ən varlı üçüncü ölkəsi 200 min əcnəbi işçi axtarır

 
Yaponiya 200 min əcnəbi işçi qəbul edəcək
 
Ölkə.Az xəbər verir ki, əhalisi sürətlə qocalan və gənc nəslin azaldığı Yaponiyada hökumət planladığı iqtisadi sıçrayışı edə bilmək üçün 200 min əcnəbi işçi qəbul etməyə hazırlaşır. Ölkədə işləmək üçün sadəcə qanuni şəkildə viza almaq lazım olacaq.
 
Dünyanın ən böyük üçüncü iqtisadiyyatına malik olan Yaponiyada hökumət ehtiyac duyulan sahələrdə çalışacaq və ya təcrübə keçəcək əcnəbilər üçün viza kateqoriyalarını artırmağı və viza müddətlərini uzatmağı planlaşdırır. Buna səbəb Yaponiyanın 127 milyonluq əhalisi sürətlə qocalması, əhalinin dörddə birini 65 yaşdan yuxarı insanların təşkil etməsidir. Bu nisbətin 2050-ci ildə 40%-i keçəcəyi və pensiyaçıların büdcə üzərindəki yükünün sürətlə artacağı hesablanıb.
 
Yaponiya baş naziri Şinzo Abenin 2012-ci ildən bu yana tətbiq etdiyi iqtisadi siyasət maliyyə təşviqi ilə iqtisadiyyatın canlandırılmasına əsaslanır. Ancaq bunun üçün də gənc işçi qüvvəsinin olması lazımdır. Abenin xüsusi müşaviri olan deputat Masahiko Şibayama 200 min əcnəbi işçinin qəbulu ilə bağlı açıqlamasında deyib:
 
"Əcnəbi işçi qəbulu hökumətin müəyyən etdiyi mütləq bir hədəf deyildi, lakin görünən budur ki, qlobal bazar şərtlərində biz buna məcbur qalacağıq. Daha çox əcnəbi işçi qəbul edəcəyimiz davamlı bir sistem yaratmalıyıq".
 
Şibayama, turizmin inkişafı ilə birlikdə, ənənəvi həyat tərzinə sıx bağlı yapon cəmiyyətinin xaricilərə qarşı dözümlülüyünün də artdığını qeyd edərək  bildirib ki, yapon xalqı Yaponiyaya çox sayda əcnəbi qəbul etmək məsələsinə normal yanaşır.
 
Xatırladaq ki, Yaponiyada minimum aylıq əmək haqqı təqribən 2000 ABŞ dollarına bərabərdir.