Dünyanın İŞİD-dən sonrakı BƏLASI - Yaxın Şərqin 2018 planında Türkiyənin yeri

Baxış sayı: 
209
0  
0  

“2018-ci ildə Yaxın Şərqdə yeni münaqişə ocaqlarının yaranmasının şahidi olacağıq. Buna əsasən, İran-ərəb ölkələri münaqişəsi fonundaYəməndə baş verən qarşıdurmanın daha da şiddətlənməsi mümkündür. Bu münqaişənin yeni nöqtələrə sıçrayacağını da gözləmək olar. Siyahıya Bəhreynlə yanaşı, Yaxın Şərqdə şiə əhalisinin üstünlük təşkil etdiyi bölgələri də daxil edə bilərik”.
Bu sözləri Publika.az-a Yaxın Şərq üzrə ekspert, şərhçi Vüqar Zifəroğlu 2018-ci ildə sözügedən bölgədə baş verə biləcək proseslərin ümumi mənzərəsini şərh edərkən deyib.
 
 
Analitik bildirib ki, Suriya və İraq ərazisində yeni bir terror təşkilatının ortaya çıxması da gözlənilir: “Çünki bu bölgə, ümumiyyətlə, boşluğu qəbul etmir. Hər zaman bir terror təşkilatının kökü kəsildiyi zaman onun yerinə başqa biri cücərir. Necə ki, zamanında “Taliban”ı “əl-Kaida”əvəz etdi, onun yerinə isə öz növbəsində “ən-Nusra” və daha sonra İŞİD terror təşkilatı keçdi. Eləcə də İŞİD-i yeni bir təşkilatın əvəz edəcəyini söyləmək mümkündür”.
V.Zifəroğlu Türkiyə və İranın Yaxın Şərqdəki mövqeyini də dəyərləndirib:
“Gələn il region ölkələri arasında rəqabət güclənəcək. Burada Türkiyə faktoru önəmli rol alacaq. Çünki Türkiyə son illərdə istər İraq, istərsə də Suriyadakı proseslərdə aktiv mövqe sərgilədi və bununla da sübut etdi ki, o, əslində, Yaxın Şərqdə olmazsa-olmaz ölkələrdən biridir. Bunun fonunda Türkiyə ilə Yaxın Şərq ölkələri arasındakı münasibətlərdə yeniliklərin şahidi ola bilərik. Bildiyiniz kimi, son siyasi proseslərdə İran öz mövqelərini kifayət qədər gücləndirib. Gələn il isə bundan daha artığını əldə etməyə və nüfuz qazanmağa çalışacaq. Ələlxüsus, bu məqsəd özünü ərəb ölkələri ilə münasibətlərdə daha açıq şəkildə göstərə bilər.
Türkiyənin Rusiyadan aldığı “S-400” raketdən müdafiə sistemlərinə gəldikdə isə, bu məsələ sırf Türkiyə-Rusiya münasibətləri kontekstində dəyərləndirilməlidir. Çünki bu sistemlər Türkiyəyə müdafiədən daha çox Rusiya ilə əlaqələrdə yeni pəncərələr açmaq üçün lazımdır. Şübhəsiz ki, qardaş ölkə Rusiya ilə nə qədər yaxın olsa, Qərblə münasibətlərdə manevr imkanları o qədər geniş olacaq. Və bu həm də sözsüz ki, hər iki ölkənin Yaxın Şərq siyasətinə də təsir göstərəcək, necə ki, artıq göstərməkdədir”.
Siyasi şərhçi D.Trampın Qüds qərarının gələn ilin siyasi sferasındakı mövqeyini də dəyərləndirib:
“ABŞ prezidenti Donald Trampın Qüds şəhərinin statusu ilə bağlı qərarı İsrail-Fələstin münasibətlərinə daha bir zərbə endirdi. Elə son günlərdə baş verən proseslər və qarşıdurmaların alovlanması buna əyani sübutdur. Hazırda bu iki tərəf bir-birinə zərbələr endirir, dinc əhali tələf olur. Bütün bunlar da göstərir ki, İsrail-Fələstin münasibətləri gələn il də eyni gərginlik müstəvisində qalacaq. Düşünmürəm ki, ABŞ adminstrasiyasının qəbul etdiyi bu qərar gələcəkdə də hansısa müsbət nəticələrə yol açsın”.
Siyasi şərhçi bildirib ki, Yaxın Şərqdəki gərginliyi pik həddinə çatdıran, lakin son bir neçə ayda adı belə xatırlanmayan “Körfəz böhranı” 2018-ci ildə də eyni müstəvidə qalacaq: “Körfəz böhranı”nın bir neçə səbəbi var idi. Bu səbəblərdən biri də Qətər-İran münasibətləri idi. Mənə elə gəlir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətərdən təzyiq üsulu ilə də olsa, istədiklərini ala bildi. Qətər kiçik ölkə olmasına rəğmən, hər zaman öz ağırlığı və siyasi, iqtisadi əhəmiyyəti ilə seçilən bir ölkədir. Bu ölkənin Yaxın Şərqdə olduqca vacib rol oynaması, elə ummanın öz içində rəqabətdə olan ölkələrin hər zaman diqqət mərkəzində olmasına səbəb olur. Bu mənada, ərəb koalisiyası üçün Qətərin, yanlarında olmasa belə, ən azından İranla münasibətlərinə çərçivələr gətirməsi olduqca önəmli idi. Körfəz böhranının yaşanmasına eyni zamanda, Türkiyə-Qətər münasibətləri də təsirsiz ötüşmədi. Çox zaman analitiklər nədənsə Türkiyə-Qətər münasibətlərini daha arxa plana atır. Hər halda, ərəb ölkələri müəyyən mənada öz istədiklərini Qətərdən ala bildilər. Buna görə də 2018-ci ildə açıq müstəvidə “Körfəz böhranı” kimi ikinci bir problemin yaşanacağı gözlənilmir”.
Ekspertin ehtimallarına görə, Yaxın Şərqdə 2018-ci ilin siyasi müstəvisindəki favorit ölkələr Türkiyə, İran və Səudiyyə Ərəbistanıdır:
“Türkiyə Yaxın Şərqdə baş verən proseslərdə birbaşa münasibət sərgiləməklə regiondakı mövqelərini möhkəmləndirdi və 2018-ci ilə güclü bir şəkildə keçə bilməyi bacardı. Eyni zamanda, yenilənmiş bir Səudiyyə Ərəbistanı modeli var ki, burada əsas diqqətlər vəliəhd şahzadə Məhəmməd ibn Salman və onun siyasətinə yönəldilir. Düşünürəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin 2018-ci ildə atacağı addımları izləmək də çox maraqlı olacaq. Ortada həm də ətrafında “şiə hilalı” formalaşdırmağa müvəffəq olmuş İran faktoru var ki, bu ölkə də nüfuz dairəsini genişləndirməyə çalışır və Yəmən əsas hədəfdir”.
Zümrüd

Загрузка...
Загрузка...