Dünyanı xilas edə biləcək BİRCƏ FOTO: "Qum dənə"sinin içində daşlanan qadın - RƏYLƏR

Sentyabrın 15-də bəşər tarixi üçün ən önəmli hadisələrdən biri yaşandı. 13 il idi Saturnnu tədqiq edən “Cassini” peyki son fotolarını çəkdi və planetin atmosferinə girərək yandı.
Bu son fotolardan biri bəşəriyyəti yenə danılmaz bir fakt qarşısında qoydu: Müharibə, nüvə silahları, terror, minlərlə dini əqidə, dindarla-dinsizin qan savaşı, dəri rənginə görə bir-birini linç edən ağ-qara camaat, namus üstündə dağılan ailə, övladı tərəfindən baltalanan ata, "qeyrət daşları" ilə daşlanan qadın, atası tərəfindən zorlanan 5 yaşlı qız, dəqiqəbədəqiqə məhv olan flora, fauna... - bütün bunlar kosmosda toz dənəsi qədər də yer tutmayan planetimizdə baş verir.
Qalaktikada nöqtə boyda görünsə də, əslində milonlarla yaşı olan insanlığa qucaq açan bu planet kosmosda həm də yeganə canlı, nəfəs alan və törəyib çoxalan bir yaradılışdır. Yəni, insanın və təbiətin alternativi, paraleli, bərabəri yoxdur. Bəlkə də məhz buna görə insanlar bir-birilə müxtəlif bəhanələr uydurararaq yarışa girir, biri digərini əzməyə, özü lider olmağa çalışır, başqalarını sürünərək yaşamağa vadar edir...
Bəs insanlığı, sivilizasiyanı min illərdi davam edən bu nəhəng vəhşiliyin, dağıdıcı xislətin əlindən nə xilas edə bilər? Elm, fəlsəfə, dövlət, din, siyasət, yoxsa bu sahələrin hamısını özündə birləşdirən kosmopolitzm?
Tanınmış fizik Yalçın İslamzadə Publika.az-a bildirdi ki, məsələnin kökündə insanın keçici instinktiv amillərlə bağlı olması dayanır:
 
 
“Qrup psixologiyası, özünü bir qrupa aid hiss etmə duyğusu insan təbiətinin ayrılmaz, kökü dərinlərdə olan hissəsidir. Sosial psixologiya sahəsində qrup şüurunun necə asanlıqla yaradıla bildiyini, şərti olsa belə, qrupa aidiyyət duyğusunun necə dərindən hiss edildiyini göstərən çox sayda təcrübələr aparılıb. Tarix boyunca isə insanların qrup anlayışlarının əhatə dairəsi genişlənib, qruplar getdikcə daha çox insanı əhatə ediblər. Ovçu-yığıcı qəbilələrdən əkinçi kəndlərinə, ilk sivilizasiyaların böyük şəhərlərinə gedən yolda daha çox insan ortaq kimliyi paylaşmağa başlayıb. İnsan özünü təbiətdən və digər canlılardan fərqləndirməyə başladıqdan sonra müxtəlif qruplaşdırıcı kimliklər icad edib.
Hazırda bu yuxarıya doğru birləşmə prosesi sanki dayanıb. İnsanlar 200-ə yaxın milli dövlətin vətəndaşları və 4200 din və onlardan törəmə cərəyanlarının tərəfdarları olaraq aralarına böyük, az qala aşılmaz sərhədlər çəkiblər. Bir qrup başqa qrupu insan olmaqdan “çıxarmaqla” (təbliğat vasitəsiylə) və özlərinin fərdi kimliklərindən sıyrılmaqla (ümumi kimlikdə əriyərək) asanlıqla təbiətlərində olan zülmetmə instinktinə boyun əyirlər. Bu davranışı Filip Zimbardo “Stanford həbsxana təcrübəsi” ilə açıqca ortaya qoydu.
Hazırda dünyanın müxtəlif bölgələrində bir insan qrupunun digərinə tətbiq etdiyi vəhşiliklərdə bu davranışı müşahidə edə bilirik.
Dünyanı dəyişdirməyə gücü çatan dövlətlərin rəhbərləri həm hakimiyyətdə olduqları dövrdə reytinq qazanmaq, həm də ölkənin gücündən fürsət varkən istifadə etmək arzusu ilə bəşəri prinsipləri təşviq etmək əvəzinə, onları alver predmetinə çevirirlər. Dünya liderlərini düşündürən ölkələrinin və ideologiyalarının maraqlarıdır. Dini rəhbərlər və müəyyən bir dinin tərəfdarları həm mütləq həqiqətə sadəcə onların sahib olduqlarına, həm də dünyanın müvəqqəti, “dünyəvi” günah məkanı olduğuna, qiyamətin gələcəyinə (müqəddəs kitablar yazıldıqları andan qiyamət xəbərdarlıqları eşidilsə də, üfüqdə hələ ki, qiyamət görünmür) və Yer kürəsinin müvəqqəti olduğuna inandıqları üçün bütün canlıların eyni kökdən gəldiyini bildirən elmlə hesablaşmamaq, din mövzulu münaqişələrdə uzlaşmamaq yolunu tutublar.
Artıq dünya əhalisi 7.5 milyarda çatıb. Bu gün dünya insanlarının gündəlik fəaliyyətləri qlobal miqyaslı fəlakətlər yaradır. Uzaq okeanlardakı quşlar və balıqlar belə sintetik kimyəvilərlə zəhərlənir, qütblərdəki qarlar əriyir, su və torpaq kirlənir, artan tələbləri ödəmək üçün meşələr kəsilib yerində turizm bölgələri, ya da tarlalar salınır. İstehlak və istehsal etmə arzusu getdikcə artır.
Ernest Şumaxerin dediyi kimi, bir əvvəlki nəsil üçün lüks sayılanlar, bu günün insanları üçün zərurət olur.
İnsanın həm milli, həm də dini üstünlük duyğuları digər canlılarla empatiya qurmaqlarına mane olur. Ekologiyanın isə sərhədləri yoxdur, çirkli su və hava, yoluxucu xəstəliklər və terror qlobal miqyasda dövr edir. Münaqişələr bir ərazini tərk etməyə səbəb olursa, başqa ərazilərdə əhali sayı artır və təbiətin yükü çoxalır. Belə görünür ki, artıq təbiət özü-özünü tənzimləyə bimir, çünkü dünyanın çirklənmə sürəti təbiətin özünü bərpa sürətini keçib.
İndiki halda insanların daha əhatəli, birləşdirici ekoloji təfəkkürə ehtiyacları var. Elm, insana təvazökar olmağı öyrədir. Məsələn, heliosentrik model insana Kainatın mərkəzində deyil, bir kənarında, kiçik bir planet üzərində yaşadığını göstərdi. Kainatda milyardlarla ekzoplanet varsa və həyat sadəcə Yerdə yaranıbsa, bu olduqca nadir, milyardlarla il ərzində təşəkkül tapmış həyatdır. Lazım olan yeni şüuru bizə biologiya təqdim edə bilər. Bütün canlıların ortaq mənşədən gəldiyini və insanların yaşamaq üçün təbiətdən və digər canlılardan asılı olduqlarını biologiya göstərə bilər. Təəssüf ki, hazırda biologiyaya, onun mərkəzi prinsipi olan təkamül nəzəriyysinə qarşı dünyada və ölkəmizdə geniş əks-təbliğat aparılır. Aparıcı dövlətlərin liderləri isə dünya üçün məsuliyyət daşımaqdan çox uzaqdırlar. Yaxınlarda Amerikada Ətraf Mühiti Mühafizə Agentliyinə qlobal istiləşmənin ciddi problem olduğuna inanmayan bir şəxs təyin edildi. Ancaq NASA-nın apardığı araşdırmalar, dünya miqyasında istilik artımı olduğunu və artım tempinin də sürətləndiyini göstərir. Belə getsə, bizə kosmosun dərinliklərindən Yer kürəsinə baxmaq imkanı verən, onun nə qədər tənha və köməksiz olduğunu göstərən NASA-nın da büdcəsini azaldacaqlar.
Dünyanı öz qəsəbəsi, şəhəri, ölkəsi miqyasında deyil, qlobal miqyasda təsəvvür etməyi, onu kənardan görməyi və onun üzərində yaşayan bütün canlıların vahid biosferi formalaşdırdıqlarını bizə elm öyrədir. Canlıları öyrənən elm-biologiyanın mərkəzi prinsipi olan təkamül nəzəriyyəsinə qarşı qlobal hərəkatın arxasında dinlərin mütləq həqiqətə sahib və insanın üstün olduğuna inanc və bəlkə də qabaqcıl din xadimlərinin maddi vəsaitlərini ekologiyaya və sosial məsuliyyət proyektlərinə deyil, onların lüks həyatlarına sərf etmələrini təmin etmək arzusu dayanır.
Bioloq Edvard Vilson dünyanı kosmik gəmiyə çevirdiyimizi və daş dövründən qalma ovçuluq aqressiyamızın bu gün yaşamaq üçün düzgün strategiya olmadığını qeyd edir. Canlıların əksəriyyətinin nəsli kəsilmədən, meşələrin yerində beton binalar ucalmadan, bütün su çirklənib bütün buzlaqlar ərimədən, istilik nəticəsində sudakı həll olunmuş oksigen azalıb balıqlar ölmədən, qida zəncirləri qopmadan, dünyanı qlobal isinmə nəticəsində saunaya çevirmədən əvvəl insanlar mənasız istehlaklıqlarını, kiçik eqolarını şişirtməyə yarayan təəssübkeşliklərini, ovçuluğu, xəz geyimləri, fil dişi və gərgədan buynuzu ticarətini, azalan primat qruplarından ev heyvanları kimi istifadə etməyi, zəruri miqdarda deyil, ehtiyacdan artıq balıq, balina, suiti, akula ovlamağı tərk etməlidirlər.
Mən siyasilərdən və dini liderlərdən çox, bu missiyanı alimlərin qəbul etmələrini istərdim. Ancaq dünyanı bütün insanlar xəstə edibsə, onun müalicə olunmasında da bütün insanlar iştirak etməlidirlər. Çox təəssüf ki, bu gün insanlar dini institutlara və din xadimlərinə, müxtəlif qurumlara, futbolçu transferlərinə, müğənnilərə, ekstrasenslərə, sanki hazırki atom bombaları azmış kimi yeni nüvə silahları yaradılmasına xərclənən vəsaiti biologiyanın, biofiliyanın, bioloji təfəkkürün yayılmasına xərcləməli olduqlarını fərq etmirlər. Ərazi, status, istehlak imtiyazı üçün vuruşan instinktimizdən qaynaqlanan qısa vədəli davranışlarımız, uzun müddətli, bütün biosferi qorumaq şəklindəki stratejik düşüncəmizi üstələyir.
Bu gün insanlar Yer kürəsinə lazım deyillər. Ancaq bitkilər, xırda həşəratlar, quşlar və balıqlar bizə çox lazımdırlar. İnsan dünyada özünü lazımlı etmək üçün yeni missiya mənimsəməli, canlıları və dünyanı qorumağa ciddi qaynaq ayırmalıdır. Biz özümüzü qrup olaraq qəbul etmək üçün, həm də xarici təhdidə ehtiyac duyuruq. Bəlkə də Hokinq bütün dünya insanlarının ortaq şüura sahib olmaları üçün arada yadplanetli xəbərdarlığı etməklə buna çalışır. Böyük ehtimalla real olmayan bu ehtimala ümid etməkdənsə, bir an əvvəl biz öz inisiativimizlə dünyanın vahid orqanizm kimi qavranmasına çalışmalıyıq.
Bütün fərqləndirici ideologiyalarla müqayisədə, elm biz insanları eyni növün mənsubları olaraq birləşdirir və keçmişə aparıb bütün canlılarla eyni kökə bağlayır”.
Şair Aqşin Evrən də sivilizasiyanın xilasını məhz kosmopolitizm düşüncəsində gördüyünü bildirdi:
 
 
“Hazırda dünyanı fəlsəfi cərəyanlar, təlimlər yox, siyasi sistemlər idarə etdiyi üçün ilk növbədə kosmopolitizmin gerçəkləşməsi real görünmür. Dünyada xalqların ayrılması üçün mövcud olan dil və irq fərqləri güc strukturlarını razı salmadığı üçün yeni fərqləndirmə yolları - məzhəblər, sektalar, təşkilatlar yaradıldı. Ona görə də kosmopolitizm hazırda uzaq bir kometdir. İrqçilik, ayrı-seçkiliklər dünyaya son 2 min ildə saysız savaşlar və iki nəhəng dünya müharibəsi verdi. Dünya hazırda yeni modelə, məsələn, elə kosmopolitizmə keçməlidir. Rahat, azad şəkildə ölkələri gəzmək, yaşamaq istəyən toplumu, çağdaş dünya insanını bu mənəvi böhrandan, hərbi xaosdan məhz bu yolla xilas etmək olar. Bəzi demokratik Avropa ölkələri kosmopolitizmin kiçik modelidir: gördüyünüz kimi, hamı məhz o ölkələrə can atır. Vahid dünya hökuməti və qlobal vətəndaşlıq modeli ilə bəşəriyyət bundan sonra hələ 1 milyon il möhtəşəm, ölümsüz həyat yaşaya bilər. Çünki Yer kürəsində nəinki 7 milyarda, hətta yadplanetlilərə də çatacaq qədər təbii ehtiyatlar var”.
Şair-publisist Murad Köhnəqala isə kosmopolitizmə əvvəlcə dünya miqyasında deyil, ölkə miqyasında yanaşmanın doğruluğunu qeyd etdi:
 
 
“Bizim kimi, hələ bütövlükdə təkmilləşməmiş, dövlət quruculuğunu tam başa çatdırmamış, ölkəsinin sərhədləri hələ ki mübahisəli olan millətlərin nümayəndələrinin kosmopolitizmə keçməsini absurd sayıram. Bir tərəfi düşmən İran, o biri tərəfi düşmən Rusiya, digər bir tərəfi düşmən Ermənistan olan ölkənin vətəndaşları kosmopolit olarsa, öz dövlətini yağılara yedirdər.
Kosmopolitizmi yalnız, ölkələri arasında şəffaf sərhədlərə nail olmuş, tarixi düşmənliyi səmimi unutmuş sivil Avropa ölkələrində yaşayan avropalılara yaraşdıra bilərəm. Bütöv bir planeti hifz eləmək kimi qlobal əməllər bizim gücümüz xaricindədir. Belə işərlə super dövlətlər məşğuldur ki, onlara da bizim kosmopolit olmamızın heç bir təsiri ola bilməz. Məsələn, Azərbaycan dövləti super güclərin üstünə "Nüvə silahlarının istehsalını dayandırın!" kimi şüarlarla təpinə bilməz”.
Hazırda fəlsəfə üzrə doktorantura təhsili alan Tural Abbas fəlsəfədə kosmopolitzm anlayışının yerini izah etdi:
 
 
“Hamımız dünya sakiniyik, buna heç bir şübhə yoxdur.
Kosmopolitizm bir adlandırmadır. Burada önəmli olan bu adlandırmanın içini necə doldurmağımızdır. Əsas məsələ də budur. Məsələn, bir fikir adamı insanın varlığını əsas prinsip kimi qəbul edir və insan yaşamının vazkeçilməz olduğunu önə çıxarırsa, şübhəsiz, bu yanaşma hər növ savaşın, ayrı-seçkiliyin və vəhşiliyin əleyhinə olacaq.
Fəlsəfə bizdən cavablar deyil, əvvəlcə düzgün suallar qoymağı tələb edir. Buna görə də öncə anlamağa çalışmalıyıq ki, insan niyə müharibə edir? Təbii ki, bu sualın kökündə həm də “insanlar niyə müxtəlif kateqoriyalara ayrılır” sualı durur. Bir dünya sakini bu iki problemə kənardan baxdığı zaman məhz onun müharibələrin sona çatmasında nə dərəcədə rolu olduğunu müşahidə edə bilərik. Bunun sayəsində müəyyən nəticəyə gələ bilərik ki, dünya sakini-kosmopolit olmaq əslində nə qədər işə yarayır. Bir kosmopolitin dünyanın bir qlobal problemi ilə mübarizə aparması onun hansı dəyərlərə üstünlük verməsini də ortaya qoyacaq.
Fəlsəfənin kosmopolitzmlə bağlı qoyduğu sualların cavabı və yaxud cavabları insanların həyata və yaşama baxış tərzi ilə bağlı dəyişik ola bilər.
Lakin fəlsəfədə və fəlsəfənin bir çox nümayəndəsində olduğu kimi, mən də əminliklə deyə bilərəm ki, öncə insanı və onun yaşamaq haqqını ən yüksək dəyər kimi qəbul etmək lazımdır”.
Zümrüd

Загрузка...
Загрузка...