​Dünyanı sarsıdan görüntü — 5 yaşlı suriyalı Ümran dünyadan küsüb -VİDEO

 
Əsəd rejimi və rus hərbi təyyarələri Suriyanın Hələb şəhərini bobmbalayarkən, münaqişə bölgəsindən sarsıdıcı fotolar gəlməkdə davam edir.
 
Avropa.info xəbər verir ki, suriyalı müxalif fəalların paylaşdığı fotoda dağıntılar altından xilas edilmiş, qanlar içində tibbi yardım gözləyən oğlan uşağı görünür.
 
Təcili tibbi yardım maşını içərisində oturan, üstü tamamilə toza və qana bulaşmış 5 yaşlı uşağın adının Ümran olduğu deyilir.
 
Bəşəriyyəti utandıran bu foto və onun çəkildiyi video sosial mediada dəfələrlə paylaşılıb. Məlumata görə, uşağın başından qan axsa da, beynində travma yoxdur. Paylaşılan videoda Ümranın təcili tibbi yardım maşınının narıncı kreslosuna oturulduğu görülür.
 
Çox səssiz şəkildə oturan, eyni zamanda nə baş vermədiyini anlamayaraq ətrafına baxan uşaq əlini başı qanayan yerə aparır, əlindəki qan ləkəsini təmizləməyə çalışarkən qanı kresloya sürtdüyü görünür.
 
Hələbin Qatırcı rayonuna təşkil olunan hava hücumunda 3 nəfərin öldüyü, çox adamın yaralandığı bildirilir.