​Dünyanı qorxuya salan Hitlerin qadın qorxusu: Məzarlıqda başı kəsildi, amma…

 
    
Nasist rejimi silkələyən “Ağ Gül”
 
Sofi Şol və silahdaşları Hitlerin uğursuzluğuna inanırdılar
 
Hitler Almaniyasına qarşı daxildə gizli inqilab başlamışdı. Sosialistlər, kommunistlər, fəhlə ittifaqları nasizmi pisləyən broşürlər, nəşrlər paylayır, divarlara Adolf Hitlerə qarşı şüarlar yazırdılar. Almaniya SSRİ-yə, daxildəki inqilabi güclər də Hiterlərə qarşı hücuma keçmişdilər. İnqilabçılar təqib olunur, ələ keçirilənlər yerlərindəcə güllələnirdilər. Dünya Müharibəsinin ən qızğın vaxtında Hiterə qarşı bir neçə dəfə uğursuz sui-qəsd planları həyata keçirildi. 1944-cü ildə Hiterlər ölümdən qayıtdı, ona qarşı hazırlanmış sui-qəsdin son anda qarşısı alındı. Qəsdi həyata keçirməkdə ittiham olunan 200 nəfər edam edildi.
 
Gizli inqilab nasistlərin ələ keçirdikləri ölkələrdə törətdikləri yəhudi soyqırımlarına (“Holokost”) etiraz edirdilər. Antinasizm inqilabına rəhbərliyi “Ağ Gül” Hərəkatı edirdi. Hərəkat 1942-ci ildə Münhen Universitetinin Tibb fakültəsinin 22 yaşlı tələbəsi Sofiya Maqdalena Şol (Sofi Şol) və Kristof Probst tərəfindən yaradılmışdı. Əsas özəyini tələbələr təşkil edirdi. İnqilabi hərəkatın liderləri - Hans, Sofi və Kristof tələbələrə Hitler siyasətini pisləyən broşürlər, nəşlər paylayırdılar. Universitetin divarlarına həmin vaxt “Azadlıq!”, “Hitlerə ölüm!” şüarları yazmaq cəsarət tələb edirdi.
 
Tələbələr reyxə qarşı
 
Hans və Sofi Şol 1943-cü ilin fevral ayında Mühhendə öldürüldülər. Tələbələr Üçüncü Reyxə qarşı inqilab hazırlamaqda ittiham olunmuşdular. Həmin gün - fevralın 18-də Hans və Sofi universitetin dəhlizində Hitleri pisləyən nəşrlər paylayarkən ələ keçmişdilər. Payladıqları nəşrlərdə nasizm sərt dillə tənqid olunur və Adolf Hitlerin yaxın vaxtlarda devriləcəyi qeyd edilirdi. Vərəqələrdə “Alman gəncliyinin xalqımıza qarşı ən böyük ağrıları yaşadan, ən çirkin tiranlıqla hesablaşma günü gəldi” qeydi vardı. Universitetin xadiməsi bu haqda gizli polisə (Gestapo məlumat verdi. Sofi və Hans “vətənə xəyanət”də ittiham olundular.
 
 
 
O kimdir?
 
Sofiya Maqdalena Şoll 1921-ci ilin may ayında doğulub. Hiter Almaniyası onu “vətən xaini” elan etsə də 1970-ci ildən o, Almaniyanın ən böyük qəhrəmanlarından biri elan olundu.
Sofiyanın atası Robert Şol bəl
 
ədiyyə başçısıydı, Sofi 6 uşağın dördüncüsüydü. 1932-ci ildə 12 yaşında olarkən oxuduğu orta məktəbdə təşkil olunan siyasi debatlara qoşulurdu. 1937-ci ildə böyük qardaşı və yaxın yoldaşlarının inqilabi Alman Gənclik Hərəkatına qoşulduqları üçün həbs olunmaları həyatında dərin izlər açdı.
 
“İnqilab beşiyi”ni silkələyən əl
 
1940-ci ildə orta məktəbi bitirdikdən sonra ilk dəfə mətbuatda “Beşiyi oynadan əl, dünyanı oynatdı” məqaləsiylə göründü. Məqalə azyaşlı uşaqlara həsr olunmuşdu. Uşaqları sevirdi, buna görə də Fröbel İnstitutunun nəzdnindəki bağçada müəllimə kimi fəaliyyətə başladı. Sofiya üçün bura həm də univeristetə daxil olmaq üçün sınaq yeriydi. 1941-ci ildə bir müddət körpələr evində işlədi.
 
İçilməmiş “Hippokrat andı”
 
1942-ci ildə Münhen Universitetinin Tibb fakültəsinə (Biologiya və fəlsəfə) daxil oldu. Böyük qardaşı Hans da burada təhsil alırdı. O, Sofini yoldaşlarıyla tanış etdi. Bu, onun siyasi proseslərə aktiv formada qoşulmasına imkan yaratdı. Müxalif fikirləri nasizmə qarşı yaradılmış kiçik qruplaşmaların da diqqətini cəlb edir və Sofinin inandırmaq istedadı onların maraqlarına uyğun idi. 1942-ci ildə atası Robert Adolf Hiterli tənqid etdiyi üçün həbs olundu. Həmin il Sofiya və Hans Hitler əleyhinə “Ag Gül” Hərəkatını qurdular. Hərəkatı Klemens Avqust Qraf van Qalen tərəfindən nasizm əleyhinə yazdığı kitabdan təsirlənərək təsis etmişdilər. Klemens qatı katolik idi, lakin nasizm haqda fikirləri Sofiyə təsir etmişdi. “Hartnagel”in alman hərbçiləri barədə yaydığı hesabat hərəkatın qurulması işini sürətləndirdi.
 
Yay və semester tətillərində tibb fakültəsinin tələbələri məcburi şəkildə Vermast Səhiyyə Bölüyündə (Şərq Cəbhəsi) yaralı hərbçilərə ilkin tibbi yardım etmək işiylə vəzifələndirilmişdilər. Hitlerin utopik ideologiyasının saysız qurbanları hərəkatçıları qəzəbləndirmişdi. Münhenə geri qayıdanda bu haqda olan məlumatları universitet tələbələri və şəhər sakinlərinə çatdırdılar. İnsanları inandırmağa çalışırdılar ki, Hitler yanlış yoldadır və bu yol saysız qurbanlar verəcək. İnananların sayı az, əksəriyyət isə qanlı tirandan qorxurdu. Qərar verilmişdi: kimsə mübarizəyə başlamalıydı. Frans Jozef prospektinin 13 nömrəli binasının arxa bağçasındakı klubda “Ağ Gül” Hərəkatı təsis olunmuşdu. Hərəkat silahlı yox, intellektual mübarizə üsulunu seçdi. Hərəkatın elan olunmasından bir neçə gün sonra universitetin divarları, küçə və prospektləri nasizmi pisləyən şüarlar bəzəyirdi. Kağızlar təsadüf seçilmiş ünvanlara da göndərilirdi.
 
 
 
“Kimsə başlamaq məcburiyyətində idi”
 
1942-ci ildən hərəkatın adından gizli şəkildə çıxan qəzetlərdə Hitleri sərt dillə tənqid edən məqalələr nəşr olunmağa başlanıldı. Mənbələrə görə, məqalələr Sofiya Şoldan gizli yazılırdı. Qardaşı Hans bacısını təhlükənin qarşısına vermək istəmirdi. Lakin Sofiya bundan xəbər tutdu və məqalələrin yazılmasında, tələbələr arasında paylanılması işini həyata keçirməyə başladı. O, qadın olduğu üçün “SS”-in hədəfindən asanlıqla yayına bilərdi. Hərəkat bu nəşrlər vasitəsilə sıralarını genişləndirmişdi. Lakin hərəkatın ömrü uzun çəkmədi, o və yoldaşları 1943-cü ildə ələ keçdilər. Məhkəməyə çıxarılan Sofiya hakim qarşısında bu sözləri dedi: “Kimsə başlamaq məcburiyyətində idi. Bizim yazdığımız və dediklərimizə digəriləri də inanır. Onlar sadəcə sözlərini bizim kimi ifadə etməkdən çəkinirlər”. Fevralın 22-də məhkəmə onları günahkar bildi və gilyotinlə edam cəzasına məhkum etdi. Qərardan bir neçə saat sonra başları kəsilərək edam olundular. Gilyotin qarşısında Sofiyanın dediyi son sözlər beləydi: “Əgər dünyada öz haqlarını müdafiə edən az adam varkən, necə ədalət gözləyə bilərəm? Nə qədər gözəl və günəşli bir gündür, amma mən getmək məcburiyyətindəyəm. Əgər bizim sayəmizdə insanlar oyanırlarsa və hərəkətə keçirlərsə, mənim ölümüm problem deyil”.
 
“Yanacağamsa, öz idarəçiliyim altında yanaram”
 
Universitetdə başlamış romantik inqilab dalğasına Sofiya Şol rəhbərlik edirdi. Hərəkat üzvləri və buna dəstək verənlər yaxalarına, çantalarına ağ gül taxırdılar. Hərəkatda universitetin tanınmış professor və müəllimləri də qatılmışdılar. Məktəbdə Hitlerin yuxuya verdiyi hər kəs oyanmışdı. Həmin vaxt Münhen Universiteti Almaniyada əsas inqilab mərkəzi idi və rəhbərlik Sofinin əllərindəydi. O, Hitlerin yanlış yolda olduğunu hər kəsə inandıra bilmişdi.
 
 
 
Gestapo təqibdə
 
1943-cü ildə Almaniyanın Stalinqradı mühasirəyə almaq planları uğursuz oldu. Almaniya tərəfindən 230000, SSRİ-dən isə 1 milyon insan həlak olmuşdu. Qorxulu statistika mətbuatda görünən kimi “Ağ Gül” üzvləri müəllifi professor Kurt Huber olan “Komandirlər! Komandirlər!” başlıqlı əllə yazılmış elanlar sürətlə insanlar arasında paylanıldı. Universitetə paylamaq işi Sofiyə verilmişdi. Binanın yuxarı mərtəbəsindən vərəqələri həyətə atdı. Ağ kağızlar havada uçuşurdu. Hərəkatın planına görə, Hitler törətdiyi amansız qətllərin hesabını həmin gün verməli və devrilməliydi. Lakin Sofiya binanın çardağından aşağı düşməmiş Gestapo əməkdaşları onu qapıda gözləyirdilər. NSDAP üzvü olan universitet xadiməsi Yakob Şmit Sofiya və yoldaşlarını Gestapoya satmışdı.
 
Hans Şolun otağında axtarış aparan polis hərəkatın öndə gedən adlarını aşkar etdi. “Ağ Gül”ün qurucuları və simpatizanları qısa zaman ərzində Gestapo tərəfindən həbs olundular. Ələ keçirilənlər arasında Kurt Huber də vardı. Sofiya istinaq dindirilməsində yoldaşlarını satmadı. İş məhkəməyə verildi. “Hitlerin şeytanı” adlandırılan hakim Roland Freyzler hərəkat üzvlərinin fikirlərini öyrənmirdi. Şübhəli qismində müttəhim kürsüsündə oturmuş gənclərin ünvanına məhkəmə boyunca təhqirlər yağdırdı. Prokurorun da öhdəliklərini üzərinə götürərək, hərəkatçılara təhrikedici, çaşdırıcı suallar verirdi. Gənclərin gülmsəyən susqunluğu Freyzleri özündən çıxarmışdı. Şübhəlilərin çıxışlarını tez-tez kəsir, özlərini müdafiə etməsinə imkan vermirdi. 4 gün davam edən Gestapo dindirməsindən sonra ölümə məhkum olunan, Hippokrat andı içməmiş tibb fakültəsinin tələbələri - Lüdviq Maksmilian və Sofiya Şol 22, Hans Şol və Kristof Probst 24 yaşında idilər.
 
Sabah
 
Hərəkatın gənc üzvləri sabahkı plan haqda danışırlar. Qızğın müzakirə gedir. Qardaşı Hans bacısı Sofiyanın etirazçı şüarlar yazılmış vərəqələrin paylanılması işindən çəkindirməyə çalışır. Hans “Sabah bunları universitetdə gizlincə paylamaq lazımdır”, deyir. Yoldaşları etiraz edirlər. Sofiya “Mən də varam”, cavabını verir. Sonra bir şüşə şərabı 5 stəkana bölüşdürür. Siqaret yandırıb, şərabı içirlər. Vidalaşırlar. Sofiya və Hans atelyedə ayrılırlar. Səhəri gün Sofiya və Hans içi kağız dolu çantalarla universitetə daxil olurlar. 3000 kağız vardı, qarşılarına çıxan hər yerə qoyurlar. Hərəkatın bəyanatı Sofiyada idi. Xadimə kağızları paylayanları görür və bir neçə diqəqə sonra Gestapo əməkdaşları universitetdədirlər. Polislər Sofiya və Hansı tuturlar.
 
 
 
İntellektual və əxlaqlı
 
“Ağ Gül” XX əsr gəncliyinin ən intellektual və əxlaqlı etiraz nümunəsidir. Əslində “Ağ Gül” Hitlerə qarşı böyük təhlükə deyildi, bu sadəcə nasist rejimin daxildən yıxılması üçün yandırılan alovu üçün bir qığılcım idi. Lakin Hitlerin ürəyini bulandırmağı bacarmışdı. Gestaponun hər yerdə “qulaqları”nın olduğu Nasist Almaniyasında “Ağ Gül” sadəcə Hitlerdən narazı böyük bir kütlənin yeganə danışan diliydi, həqiqətlərdən danışan yeganə dil… Hərəkat Hitlerə çağırış edirdi, insanlıq adına ağır cinayətlərə yol verdiyini deyirdi. Məqsəd qətiliklə hakimiyyətə gəlmək deyildi. Elə Sofi və yoldaşlarının payladıqları əlyazmalarda bundan bəhs olunurdu: “Hər fərd insanlığı qamçılayan əllərə, mütləqiyyətçi rejimə, öz maraqları üçün insanları əzən hər sistemə qarşı mübarizə aparmalıdır”.
 
Sofi və yoldaşları üçün Hitlerin Stalinqrad uğursuzluğu inam idi. İnanmışdılar ki, sarsılmış nasist rejim ayağa qalxa bilməyəcək, çökəcək. Həmin gün insanları xilasedici ordunun Hitleri devirəcəyini demişdilər. Lakin hərəkatın içinə sızmış Gestapo agenti gəncliyin düşünən başlarını gilyotinin altına verdi. Kortəbii şəkildə Hitlerin qorxulu ideologiyasının arxasına sürünən cahil kütlənin qarşısına çıxmış əngəli aradan götürdü. “Ağ Gül” bu gün də intellektual və əxlaqi etirazların rəmzidir. Yaşdığımız əsr etirazların baş qaldırması üçün zəmin hazırlayan bir dövrdür. Hadisələrin inkişafında neçə-neçə “ağ gül”lərin, sofiyaların, hansların ortaya çıxacaqları şəksizdir. Bu o hərəkat olacaq ki, qidasını imperializm, insanlıq düşməni tiranlıqlar, qələmi qanlı strateqlər, vampir mantiyalı professorlardan almayacaq. Ağ gül qoxusu qədər təbii, ağ gül ləçəkləri qədər bəyaz….
 
Zireh və tikanlı məftillər arxasında görüş
 
Qızları Sofi və oğulları Hansla vidalaşmaq üçün valideynlərə bir neçə dəqiqəlik vaxt verilmişdi. Kədərli ər-arvad övladlarını yalnız zireh və tikanlı məftillər hörən qapı arxasından görə bildilər. Onları qapıda Sofiyanın nişanlısı, kapitan Fritz Hartengel qarşılamışdı. Hələ edam olunmamışdılar, sağ idilər. Lakin həbsxana rəisi edam olunacaq gənclərin cənazə proqramını valideynlərə verdi. Bu, dəhşətli anlar idi. Övladları qətlə yetirəcəkdilər və bu, əvvəlcədən valideynlərə deyilirdi. Kağızda qeyd olunurdu ki, “Perlaçer Först” qəbiristanlığında başları kəsilərək edam olunacaq Sofiya və Hans üçün artıq məzar qazılıb.

Загрузка...
Загрузка...