Dünyada uşaqlar arasında yeni virusa yoluxma halları aşkar edilib

Uşaqlar arasında yeni virusa yoluxma halları aşkar edilib.
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Avstraliyada aparılan araşdırma nəticəsində gəlinib.
Araşdırma zamanı Pikorna virusu sinfinə aid edilən "Pareko"nun körpələrdə inkişaf geriliyi və beyin zədəsinə yol açdığı məlum olub.
Avstraliya-Asiya Yoluxucu Xəstəliklər İcmasının (ASID) ölkədə 100-dən artıq körpənin üzərində apardığı tədqiqatda 2013-cü və 2014-ci illərdə Pareko virusu səbəbi ilə xəstəxanaya aparılan uşaqların çoxunda bir il sonra aparılan testlər nəticəsində inkişaf anomaliyaları müəyyən olunub.
Pareko virusunun yoluxduğu uşaqlarda yüksək qızdırma, halsızlıq, narahatlıq kimi əlamətlərin müşahidə olunduğu qeyd edilib.
ASID-in sədri Çeril Cons açıqlamasında bunun yeni virus olduğunu bəyan edib. O, həmçinin yeni virus haqqında çox da məlumatlı olmadıqlarını deyib: "Apardığımız araşdırmanın nəticələrinə baxsaq, vəziyyət elə də ürəkaçan deyil. Virusa yoluxan körpələrdə inkişaf anomiyaları, nevroloji pozğunluqlar və beyin zədəsinin olduğu müşahidə edilir. Virusa qarşı hələlik heç bir peyvənd və ya müalicə metodu tapılmayıb".