​Dünyada nadir ağ camış cinsini yaratmış azərbaycanlıyla MÜSAHİBƏ - FOTOLAR

 
Roma Papasının öz portretini hədiyyə etdiyi, dünyada ilk dəfə ağ camış sürüsü yaradan bioloq-alim, tanınmış akademik Eyyub Bəşirov haqda bir neçə məqalə diqqətimi çəkmişdi. Kubadan yarımvəhşi zebuları gətirib yerli şəraitə uyğunlaşdıran, Çili prezidenti Salvador Alyendenin haqqında “Onun 45 gündə gördüyü iş bizim institutların altı ayda gördüyü işə bərabərdir” dediyi qocaman alimlə görüşüb söhbətləşmək niyyətində idim.
 
Vikipediada doğum gününün dekabrın 20-də olduğunu öyrənəndən sonra müsahibəni dekabra salmaq qərarına gəldim. Barəsində oxuduğum məlumatlarda qabağıma çıxan “Əslində, 12 dekabrda doğulub” ifadəsindən sonra görüşə bir az da tələsdim.
 
Eyyub müəllimin oğlu, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla əlaqə saxlayıb atasından müsahibə almaq istədiyimizi dedik. Bəlli oldu ki, akademik hazırda Türkiyədədir, amma vatsap, skayp işlədir, görüntülü zəng edə, səsli mesaj da yollaya bilərik. Elə müsahibəmiz də skaypla baş tutdu.
 
- Eyyub müəllim, necəsiniz? Sizi Bakıdan salamlamağa şadıq. Səhv etmirəmsə, 3 ildir Türkiyədəsiniz...
 
- Məni yada salmağınızdan, hal-əhval tutmağınızdan ruhlandım. Əhvalım, səhhətim, çox şükür, yüksək səviyyədədir. Bodrumdayam, yaşadığım ev Egey dənizinin kənarındadır, evimdən 100 metr aşağıda dənizdir. Yaşadığım yerin ətrafında cənnət bağları var. Limon, portağal, mandarin ağacları ilə əhatələnmişəm (gülür). Yayda sizi qonaq dəvət edəcəm.
 
Mən 3 dəfə kliniki ölüm keçirmişəm, 1943-1944-cü illərdə – böyük vətən müharibəsi zamanı iki dəfə kliniki ölüm yaşadım. Allahın işidir ki, 5-6 saat sonra ayıldım. 2013-cü il martın 2-də üçüncü dəfə kliniki ölüm keçirdim. 6 saat o vəziyyətdə qalmışam, təyyarə ilə məni İstanbula gətiriblər. Bilikli türk qardaşlarımız, həkimlər müalicə edib sağaltdılar. Nəfəs yolunda problemim var deyə Bodrumun havasını məsləhət gördülər. Burada hava qurudur, oksigen çoxdur.
 
- Barənizdə yazılan məlumatlarda doğum gününüzlə bağlı iki tarix qeyd olunur. Bunun sirri nədir?
 
- Şəxsiyyət vəsiqəmdə dekabrın 20-də doğulduğum yazılıb. Ancaq anam məni 1 il 8 gün qabaq, 1925-ci il dekabrın 12-də dünyaya gətirib. Ərəb əlifbası ilə yazılmış şəhadətnaməm də indiyədək durur. Onu heç kəs oxuya bilmirdi. Mən ərəb dilini öyrəndim. 22 yaşınacan heç bir dil bilmirdim. 25 yaşacan rus dilini təmiz öyrəndim. İndi 8 dil bilirəm. 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olmuşdum, iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürüldüm. İnstitutu bitirəndə 4 əlaçıdan biri mən oldum. Məni komissiya üzvləri keçirmək istəmirdilər. Sədr mənə inandı, hətta institutu bitirəndə çıxışımı dinləyib ağladı, auditoriyaya üz tutub dedi ki, hansı rus alimi, ziyalısı bu səviyyədə rusca danışır? Dedi sən möcüzəsən.
 
1961-ci ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru təyin elədilər. Mən həmişə elmi fəaliyyətə bağlı adam olmuşam deyə 2 il sonra öz xahişimlə yenidən laboratoriya müdiri vəzifəsinə qayıtdım. Gəncədə mənə dedilər ki, pasportunu ver. Geri alanda gördüm yaşımı 1 il 8 gün səhv yazıblar. “Pasportstol”da işləyən oğlan da mənimlə dost idi, dedi Eyyub müəllim, 1925-ci ildəki “5” rəqəmi elə yazılmışdı ki, 6-ya oxşayırdı, dekabrın 12-ni də dəyişib 20-i elədim. Stalin dekabrın 21-də, Brejnev 19-da doğulub, sən ortada olmalısan (gülür). Başıma belə şey gətirdilər.
 
- 91 yaşınız tamam olur, enerjili və gümrah görünürsünüz, maşallah...
 
- Çox şükür, əlayam, qəşəng rəqs edirəm, mahnı oxuyuram, musiqini çox sevirəm. Qocalanda gərək idman edəsən, ilk növbədə təmiz havada fiziki hərəkət etməli və düzgün qidalanmalısan. Nəvələrim, övladlarım sağ olsunlar, gəlib mənə baş çəkirlər. Hamıdan razıyam.
 
- Eyyub müəllim, indiyədək haqqınızda bir neçə məqalə oxumuşam. Dünyaca məşhur Bəşirov metodunuz var. Eyni zamanda, ilk ağ camış sürüsünü yaratmısınız. İstərdik özünüz bu haqda danışasınız...
 
- 1959-cu ildə  Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi-işlər üzrə direktor müavini işləyirdim. Həm də institutda özümün təşkil etdiyim  kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması laboratoriyasının müdiri idim. Geniş əlaqələrim vardı. Respublikanın rayonlarında heyvandarlıqla məşğul olan insanlarla yaxşı münasibətlər qurmuşdum. Mənə Şəkidən zəng gəldi ki, burada ağ camış var. Gedib baxdım ki, qara kəldən ilk dəfə ağ camış doğulub. İnstitutun puluyla onu alıb gətirdim. Unikal bir şey idi. Hər yerə xəbər saldım. Cəlilabadda bataqlıqlar vardı, oradan da 2-3 ağ camış tapdım. Masallıdan da əldə elədim, sonra ağ camış sürüsü yaratdım. Onların çox maraqlı fiziologiyası, biologiyası vardı, onu öyrənməyə başladım. Çox adam bunun təsadüfi olduğunu düşünürdü, deyirdilər camış ağ rəngdə bala verə bilməz, yəqin albinosdur. Amma sübut elədim ki, albinos deyil, camışlar təbiət şəraitinə görə bu cür bala verib. Camış su heyvanıdır, onun temperaturu yayda 43-44 dərəcəyədək qalxır. Suda çimir, sonra temperaturu normaya, 37-38 dərəcəyə düşür. Genetik tələbat nəticəsində yeni cins yaranıb. Qara kəlin toxumu ilə ağ camışı mayalandırıb ağ camış aldım – möcüzə idi. Albinos olsaydı, ömründə ağ bala verməzdi. Öz də bədən hərarəti yüksəlmirdi, istiliyə davamlı idi. Sürünü suya buraxırdım, qara camışların hamısı çimirdi, ağ camışlar suya girmirdi, inəklərlə otlayırdı. Temperaturunu da ölçürdüm, hərarət normal idi. Dəriləri nazik idi, həm də tərləyirdi.
 
Yeri gəlmişkən, dünya alimlərinin çoxu iddia edirdi ki, camış tərləmir. Mən də dedim camışların tər vəziləri var, necə yəni tərləmir? Bir dəfə yığışıb gəldilər ki, sübut elə. Laborantım Qabili çağırdım, dedim soyuducuya banka qoy, qara camışın da birini günün altında saxla. İyul ayı idi, camış 1 saat qızmar günəşin altında qaldı. Sonra dedim bankanı gətir, soyuq bankanı camışın kürəyinə qoydum, tər axmağa başladı, dedilər “pay atonnan, Eyyub camışı da tərlətdi” (gülür). Düzü, o vaxtadək yoxlamamışdım. Məntiqlə düşünürdüm ki, tər vəziləri var, deməli, tərləyir. Ağ camışların çox böyük üstünlükləri vardı. Çox heyif, qorumadılar.
 
- Necə məhv oldu?
 
- Çox təəssüf ki, məhv oldu. Heç vaxt kiməsə pislik etməmişəm, etmərəm də. Ömrüm boyu zəhmətlə, ağılla yaşayan adamam, hamını da bağışlamışam. Məndən sonra gələn direktor - özü də onu mən direktor seçmişdim, tələbələrimdən idi, dünyasını dəyişib, Allah rəhmət eləsin - ağ camışların hamısını ətliyə göndərmişdi. Bir də gördüm ət kombinatından zəng elədilər ki, Eyyub müəllim, unikal camışları direktor ətliyə yollayıb...
 
Dünyada yenilik idi – özü də əvəzolunmaz bir yenilik. Camış elə heyvandır ki, xəstəliyi olmur, həm də artımlıdır. Yaratmaq, cəhd eləmək böyük işdir, məhv etməksə, 1 saatlıq məsələdir.
 
- Dediniz ki, min əziyyətlə yaratdığınız ağ camış sürüsünü məhv etdilər. Amma dünya ölkələrinin başçıları barənizdə yüksək fikirlər səsləndiriblər. Roma Papası VI Pavel sizə öz portretini hədiyyə edib...
 
- 1964-cü ildə sentyabrın 6-dan 13-dək İtaliyada V Beynəlxalq Elmi Konqres keçiriləcəkdi. Moskvadan mənə məktub gəldi ki, məruzə hazırla. “Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması” mövzusunda elmi məruzə yazıb Romaya göndərdim. Həmin ərəfədə doktorluq dissertasiyası üzərində işləyirdim. Mərkəzi Komitənin kənd təsərrüfatı şöbəsindən mənə zəng gəldi ki, məruzən qızıl medala layiq görülüb. Brejnevəcən məsələdən xəbərdardılar, İtaliyaya getməlisən.
 
Xülasə, mükafatın təqdimat mərasiminə gəldim, konqresdə 64 ölkədən 1200 alim iştirak edirdi. Konqres gedən zala daxil olanda gördüm bütün yerlər doludur, lap axırda 1 boş yer qalmışdı. Sentyabrın 7-si idi. Bir gün də tədbirə gecikmişdim.  Birinci söz mənə verildi, dedilər sənin yerin 1-ci cərgədir, qızıl medal almısan, dünyanın alimləri içində seçilmisən. Gəldim ki, yerimi boş saxlayıblar, əyləşmək istəyəndə çıxış üçün dəvət etdilər. Medalımı, hədiyyələrimi təqdim edib təntənəli şəkildə təbrik elədilər, çıxış etməyə başladım. Çıxışım tədbirin 7 işçi dilinə çevrildi. “Bəşirov metodu”ndan bəhs elədim. Süni mayalanmada olan bütün problemlər həmin metodda öz əksini tapıb. Ona görə də dünya alimləri məruzəmlə çox maraqlandılar. Axşam İtaliya prezidenti medal qazananların şərəfinə ziyafət təşkil elədi. Məclis üçün yaxşı tamada lazım idi. Dedilər qafqazlı olan yerdə başqa tamadaya ehtiyac yoxdur (gülür). Doğma məclis idi, dedim hamıya uyğun sağlıqlar deyəcəm.
 
Tədbir keçirilən gün Bolqarıstanın faşizmdən azad olunmasının ildönümü idi. Karl Platonov da ordaydı. Ailə üzvlərini gətirmişdi. Uşaq kimi ağladı, mikrofonu əlimdən alıb, haqqımda təriflər söyləməyə başladı. Dedi Eyyubu nə insan, nə də alim kimi tanıyırsınız. 200 ildə heç kim etməyəni Eyyub Bəşirov elədi. Hindistandan camış gətirmək mümkün deyildi, o qapını Eyyub açdı. Bilirsinizmi, rekord camışlar idi, amma Azərbaycan əvəzinə Bolqarıstana göndərildi. Moskvada xarici ticarət nazirliyində elə millətlərin nümayəndələri vardı camışların Azərbaycana getməsini istəmirdilər. Rəhbərlikdəki ermənilər imkan vermədilər. İddia elədilər ki, Eyyub Bəşirov camışları gətirib xəstəlik yayacaq. Bolqarıstana getsin, gördük pul qazandılar, sonra Azərbaycana gətirərik. Bolqarıstanda professor Aleko Aliksiyevlə birgə “Bolqar mürrəhi” cinsini yaratdıq. O, yüksək məhsuldarlığı, keyfiyyətilə seçildi, bu gün də məşhurdur.
 
Camış xərçəngin ən gözəl müalicəsidir, əvəzolunmaz heyvandır. Qan, can, uzun ömür verir insana. Nə düşməni var, nə də xəstəliyi. Şir o boyda fili yıxır, bircə camışa bata bilmir. Çox adam bunu başa düşmür.
 
- Bəs Roma Papası ilə görüş necə baş tutdu?
 
- Sentyabrın 13-də tədbirlər bitdi. Romaya gəldik. Səhəri gün VI Pavel bizi saat 11:00-da Vatikanda qəbul etməli idi. Təqdimata gəldik, gördüm ingilislər diz çöküb Papanın əlini öpürlər, papa da öz növbəsində əlini onların başına çəkib öz portretini hədiyyə edir. Mən elmi rəhbərimə dedim ki, Papanın qarşısında diz çökmək istəmirəm. Kommunistəm, öz adətimizə uyğun görüşəcəm. Papaya yaxınlaşanda ayağa qalxdı, mən cavan idim, camış nəsli yaradan Eyyubun qırmızı, yumru sifəti vardı (gülür). Haqqımda eşitmişdi, əlimdən yapışdı, xalqımızın ünvanına elə səmimi sözlər dedi ki... Yaxşı və əzəvolunmaz arxivim var.
 
- Haradadır o arxiv?
 
- Mərdəkandadır. Evim Mərdəkan qalasının yaxınlığındadır. Dostlarım zarafatla “Eyyub qalası” deyirlər (gülür). Başqa heç yanda ev almamışam. Türkiyə səfiri bir dəfə dedi eşitmişəm şəhərdə evin yoxdur, sənə 5 otaqlı ev vermək istəyirəm. Təşəkkür elədim, dedim övladlarımın evi var, Mərdəkandakı ev də mənə kifayətdir, oradan heç yana gedən deyiləm. 300 yaşı var o evin.
 
- Hansı səfir təklif etmişdi?
 
- 2000-ci illər idi. Adını unutmuşam, Türkiyənin Azərbaycandakı səfiri idi. Təklifdən imtina etdim, dedim şükür, yaxşı evim var, olmayanlara qismət olsun, verin olmayanlara. Biz müharibə şəraitində yaşayan ölkəyik, ixtiyarımız yoxdur ki, nə isə tələb edək. Yaşamağa şəraitim var, gözəl bağ yaratmışam. Mərdəkanda dostluq bağı salmışam. Orada məmurlar yaşayırdılar, amma qupquru yer idi, bir ağac belə yox idi. Elə gözəl park yaratdım ki... Kənd təsərrüfatı nazirinin müşaviri idim, əlimdə imkan var idi deyə şərait yaratdılar, çoxlu ağac əkdik. Düşmənlərimizin özü belə məni qoruyurdu. Görürdülər barışıq və dostluq tərəfdarıyam. Ömrüm boyu ağıl və məhəbbətlə yaşamışam.
 
Dahi Heydər Əliyev bizə işləmək üçün imkanlar yaradıb. İndi oğlu İlham Əliyev ölkəmizi inkişaf etdirir. Türkiyənin özündə bir çıxışını belə qaçırmıram. Müharibə şəraitində yaşayırıq, yumruq kimi birləşməliyik.
 
- Övladlarınız – məşhur idman ustası Yaşar Bəşirov, əməkdar artist, rəqqas  Xanlar Bəşirov niyə yolunuzu davam etdirmədi? 
 
- Yaşar yolumla gedirdi. Moskvada genetika üzrə aspiranturanı bitirdi. Quşçuluq sahəsini mükəmməl bilirdi, çox talantlı idi. Cücələrin yetişdirilməsi üzrə elə nəticələr almışdı ki, dünyada heç kəs onu əldə etməmişdi. Evimiz onların uşaq vaxtından zəhərli ilanlar, cürbəcür heyvanlar, tısbağalar, quşlarla dolu idi. Onların hamısını əhliləşdirirdi. Hansı heyvan haqda deyirdilərsə bala vermir, Yaşar hamısından bala alırdı. Yaşar deyirdi mənə ən geri qalan quşçuluq təsərrüfatı verin, onu dünyada birinci edim. Dedilər 8 min manat pul gətir, sonra (gülür).
 
- Hansı müəssisədə demişdilər?
 
- Azərbaycanda quşçuluq sahəsinə rəhbərlik edənlər (gülür). Olanları mənə danışdı. Dedim, Yaşar, sən yaxşı karateçisən, Azərbaycanda ilk karate məktəbini yaratmısan, Moskavada aspiranturada oxuyanda  1500 karateçi yetişdirmisən, çempionların var. Quşçuluq sahəsindən üz döndər, keç karateyə. 2 min il karate ilə məşğul olan, dünyanın heç bir komandasına məğlub olmayan yaponların komandası 2003-cü ildə İtaliyada Azərbaycan komandasına uduzdular. Prezident Yaşar üçün Almaniyadan maşın gətizdirdi, ev bağışladı. Yaşar sıfırdan başladı, Azərbaycan karateçilərini dünyada birinci elədi. O biri oğlum Xanlar rəqs sahəsində ustadır. Övladlarım çox təmiz uşaqlardır. Oğlumun biri Lüksemburqdadır, biznes sahəsi ilə məşğul olur, ölkəmizə maliyyə cəhətdən köməyini əsirgəmir, ürəyi Azərbaycanla döyünür. Elə o məni Bodruma göndərib.
 
- Elm sahəsində qabağa getmək istəyənlərin qabağını dolayı yollarla kəsirlər. Elə bu səbəbdən elmimiz axsayır. Bu ənənə illərdir davam edir...
 
- Erməni təcavüzkarlarının hücumu olanda keçid dövrü yaşadıq. O dövrdə 70 ildə qazanılanlar dağıldı. Allah Heydər Əliyevə rəhmət eləsin, gəlib Azərbaycanı ayağa qaldırdı. Digər tərəfdən elmi işçiyə gərək stimul verəsən. Onsuz da elmi işçi quru maaşla dolanır, onun ixtirasına, zəhmətinə qiymət vermək lazımdır. Süni mayalanma ilə bağlı kəşfim min dəfə xeyir verir. 1 toxumla 20 bala ala bilirsən. Mənim metodumla, dondurulmuş toxumla 20-25 min heyvan mayalamaq mümkündür. Bədbəxtlik ondadır ki, biz həmişə elmdə birinci olmuşuq, təcrübədə isə axsamışıq, axırıncı yerdə dayanmışıq. Biganəlik, inanmamaq, bilməmək, ancaq özünü düşünmək keyfiyyəti ilə irəli getmək olmaz. Bu dünyadan gedən özü ilə nə aparıb? Adam gərək böyük insan ola. Səni yaşadan xalq, vətən, tərbiyə edən cəmiyyət, alimlər var.
 
Millətin möhkəm dövlətçiliyi olmazsa, o millət məhvə məhkumdur və heç vaxt gözə görünməyəcək. Heydər Əliyevin dahiliyi ondadır ki, müstəqil Azərbaycanı yaratdı. Mən xalqımızdan çox razıyam, necə ki, Azərbaycanımı sevib dövlətimə xidmət eləmişəm, ömrümün sonunacan bu ənənəni davam etdirəcəm. Doğum günümdə məni yada saldığınız üçün sizə təşəkkürümü bildirirəm.
 
Qeyd: Eyyub Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb və sanballı elmi nəticələr əldə edib. Elmdə “Bəşirov metodu” məhz onun adıyla bağlıdır.
 
 
Eyyub müəllimin Mərdəkandakı “Eyyub qalası”ndan reportajı da dekabrın 20-dəki “doğum günündə” dərc edəcəyik.

Загрузка...
Загрузка...