Dünya siyasəti qadınların əlinə keçir

Matriarxata qayıdış bəşəriyyətə, Azərbaycana nə vəd edir?; Mehriban Vəzir: “Belə hallar siyasi ab-havanın yumşalmasına ciddi təsir edə bilər”
Elxan Şahinoğlu: “Bu, müharibələrin olmayacağı və yumşaq siyasət yürüdüləcəyi anlamına gəlməməlidir”
Gələn ildən etibarən beynəlxalq siyasətdə söz sahibi insanlar arasında qadınların sayının artacağı gözlənilir. Hazırda bu məsələ dünya mətbuatının gündəmindədir. Belə ki, təxminən eyni vaxtda dünyanın lider dövlətlərinin rəhbərləri dəyişir və onların qadın olması ehtimalı çox yüksəkdir.
 Belə ki, Almaniya Kansleri Angela Merkeldən sonra İngiltərə hökumətinin başçısının da qadın siyasətçi olacağı qətiləşib. Belə ki, Devid Kemeronun yerinə ya daxili işlər naziri Tereza Mey, ya da enerji naziri Andrea Lidsom gələcək. Bundan başqa, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratik Partiyanın namizədi xanım Hillari Klintonun respublikaçı namizəd Donald Trampa qarşı şansının daha çox olduğu göstərilir.
Beynəlxalq arenada digər önəmli vəzifə BMT baş katibliyidir. Bu il vəzifə müddəti başa çatacaq Pan Gi Munun yerinə kosta rikalı xanım Kristina Fiqeresin namizədliyi irəli sürülüb. 59 yaşlı Fiqeres UNFCCC-nin baş katibidir. Baş katibliyə namizədələrin əksəriyyəti qadınlardır.
 Bəs dünya siyasətində önəmli postların qadınlar tərəfindən tutulması beynəlxalq siyasətdə hansı  dəyişikliklərə səbəb ola bilər?

 Yazıçı-publisist Mehriban Vəzir “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qadınların böyük siyasətə gəlməsi çox mühümdür və siyasi ab-havanı yumşaltmaqda ciddi təsiri ola bilər: “Ancaq böyük dövlətlərdə qadınların hakimiyyətə gəldikdən sonrakı proseslərə diqqət yönəltsək, elə də ciddi dəyişikliklər görmürük. Məsələn, Angela Merkel hakimiyyəti dövründə Almaniyada qadınların idarəetmədəki iştirakı neçə faiz artıb? Bu ola bilər ki, çox kiçik bir göstəricidir və gözə çarpmır. Vəziyyət təxminən köhnə qaydada qalır. Eləcə də digər qadınların hakimiyyət olduğu ölkələrdə siyasətdə qadın iştirakçılığının artması nəzərə çarpmır. Qadınlar özləri qadınların hakimiyyətə gəlməsini, siyasətdə geniş təmsilçiliklərini əngəlləyirlər. Bunun iki səbəbi var. Bir səbəbi odur ki, görünür idarəetmə gücü yetkin olan qadınlar digər qadınları səviyyəcə o qədər də məqbul saymırlar, ona görə hakimiyyətə gətirmirlər. İkinci səbəbi isə eqoizm və sairlə bağlamaq olar. Ona görə də mən düşünürəm ki, qadının hakimiyyətə gəlməsi digər qadınların idarəetmədə iştirakını gücləndirmir. Qadınların idarəetmədə iştirakı hakimiyyətdə kimin olmasından asılı olmayaraq bir dövlət proqramı olmalıdır, dövlətin bu istiqamətdə siyasəti olmalıdır. Məhz bu, qadınlara güc verə bilər. Ona görə də düşünürəm ki, dünyada idarəetmənin qadınların əlinə keçməsinə, yəni matriarxata hələ çox var. Bundan ötrü qadınlar çox uzun bir yol keçəcəklər və eyni zamanda özlərini gücləndirməli olacaq”.

 Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, ilk baxışdan bu bir növ matriarxata bənzəyir, lakin beynəlxalq siyasətdə elə də ciddi dəyişikliklərə səbəb olmayacaq: “Mən əslində siyasətçilər arasında qadın-kişi ayrımı etmirəm. Əlbəttə, siyasətdə qadınların sayı çox olsa, bəlli bir situasiyanın yaranacağını gözləyə bilərik. Ancaq mən düşünmürəm ki, kişilərdən fərqli bir siyasət yürüdülsün. Məsələn, vaxtilə Böyük Britaniyanın  qadın baş naziri olan Marqarit Tetçeri ”dəmir ledi" adlandırırdılar. Onun o zaman verdiyi qərarları heç kişi baş nazir verə bilməzdi. Onun çox ciddi iqtisadi islahatları nəticəsində yüz minlərlə fəhlə işsiz qaldı, narazılıqlar oldu, Argentina ilə müharibə apardı, ancaq yenə də iqtisadi çiçəklənməyə yol açdı. Və ya ABŞ-ın keçmiş dövlət katibi Madlen  Olbraytı götürək. Onu hətta “polad ledi” adlandırırdılar. Onun verdiyi qərarlar da heç bir kişi siyasətçinin verdiyi qərarlardan yumşaq deyildi. Yenə də çox maraqlı bir situasiya yarana bilər. İngiltərədə baş nazirin qadın olacağı güman edilir. Hillari Klintonun ABŞ-da prezident seçilməsi ehtimalı var. Almaniya kansleri Angela Merkel də qadındır. Təsəvvür edin ki, ittifaq görüşlərində əsasən  qadınlar görüşəcək".  
Politoloqun sözlərinə görə, lider dövlətlərin rəhbərliyinə qadınların gəlməsi heç də müharibələrin olmayacağı və yumşaq siyasət yürüdüləcəyi anlamına gəlməməlidir: “Əlbəttə, kimsə gözləyə bilər ki, qadın liderlər daha yumşaq siyasət yürüdə bilərlər, müharibələrdən çəkinə bilərlər. Ancaq mənim fikrim belədir ki, hər hansı dövlətin milli və təhlükəsizlik maraqlarından söhbət gedirsə, orada dövlət başçısının kişi və ya qadın olmasının fərqi yoxdur. Məsələn, məhz Böyük Britaniyanın milli və təhlükəsizlik maraqları diktə etdi ki, Marqarit Tetçer Argentina ilə müharibə aparsın və adaların Argentina nəzarətinə keçməyə imkan verməsin. Və ya Hillari Klintonun dövlət katibi olduğu vaxtda terrorçularla mübarizə aparıldı, terrorçuların başçısı olan Bin Laden öldürüldü. Ancaq səhvləri də oldu, məsələn, Suriyada səfirin öldürülməsinə biganə qaldı və ya yazışmaları az qala açılacaqdı. Bu mənada qadınların siyasətə gəlməsi ilə dünya siyasətində böyük bir dəyişiklik olmayacaq. Vaxtilə hesab edirdidilər ki, Barak Obama Amerikanın ilk  qaradərili prezidentidir və bu ABŞ siyasətində fövqəladə dəyişikliyə səbəb olacaq, axır ki, qaradərililərin hüquqları bərpa ediləcək. Ancaq diqqət etsək, ABŞ tarixində Barak Obamanın prezidentliyi dövründəki qədər qaradərililərin polis zorakılığına məruz qalması halları baş verməmişdi. Eləcə də ABŞ prezidenti Hillari Klinton da olsa, onun da dünya siyasətinə fərqli bir açar gətirəcəyini mən zənn etmirəm. Sadəcə maraqlı bir situasiya o ola bilər ki, Böyük Britaniya ilə ABŞ müttəfiqdir və iki qadın lider görüşəcəklər. Və ya Angela Merkel Hillari Klintonla məsləhətləşmələr aparılacaq. Bu maraqlı bir görüntü yaratsa da siyasətin mahiyyətinə elə də ciddi bir dəyişiklik gətirməyəcək”.
 E. Şahinoğlu Azərbaycanda da siyasətdə qadınların təmsilçiliyinin artmasının önəmli olduğunu vurğuladı:“Azərbaycanda məsələn, politoloqlar arasında da qadın barmaqla sayılacaq qədərdir və ümumiyyətlə, siyasi ekspertlər arasında qadın tapmaq çətindir. Mən hesab edirəm ki, Azərbaycanda da siyasətçilər arasında qadınların sayə artmalıdır, onlar da siyasətə gətirilməlidir. Başqa bir məqam odur ki, qadınların da bu sahədə maraqları azdır. Azərbaycanda idarəetmədə qadınların sayı artırılmalıdır. Hələ ki, Milli Məclisin sədr müavinləri arasında qadın var, komissiyaların sədrliyində də qadınlar təmsil olunur. Düşünürəm ki, qadınların siyasətdə iştirakına elə də ciddi maneə yoxdur. Yetər ki, iki şərtə cavab versin: birincisi, qadınların özləri siyasətdə fəal olsun, ikincisi, onlara imkanlar yaradılsın”.