Dünya müsəlman dövlətlərinin liderləri İstanbul zirvəsində - savaş, yoxsa barış...

Bu gün müsəlman ölkələrinin sammiti başlayır; İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitinin gərgin keçəcəyi gözlənilir
Aprelin 14-15-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammiti keçiriləcək. Yer kürəsində BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan İƏT-in (keçmiş İKT – İslam Konfransı Təşkilatı) sammiti hər üç ildən bir üzv ölkələrin dövlət və hökumət başçıları, yaxud da onların təmsilçilərinin iştirakı ilə keçirilir.
İstanbul zirvəsi 2 gün davam edəcək, aprelin 15-də sona çatacaq. Artıq 56 müsəlman ölkəsinin dövlət və hökumət başçıları İstanbuldadır. Aprelin 13-də axşam İstanbulda sammit iştirakçılarına Türkiyə prezidenti adından rəsmi ziyafət verilib. Ziyafətə sammitə qatılmaq üçün İstanbula gələn Azərbaycan prezidenti İlham Əliyev və xanımı da qatılıb.
Yeri gəlmişkən, 13-cü İstanbul sammitinin başa çatması münasibətilə İƏT baş katibi Mədəni, BMT mədəniyyətlər təmsilçisi Nasir Əbdüləziz, Malaziya baş naziri Nəcib Rezak, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev də çıxış edəcək.
Çox fərqli sammit”
İƏT-in 13-cü İstanbul sammiti bütün dünyanın diqqətindədir. Çünki bu toplantı Yaxın Şərqdə, müsəlman dünyasında ciddi münaqişələrin, terror və savaşların ən şiddətli dövrünə, eyni zamanda müsəlman ölkələri arasında ciddi problemlərin yaşandığı bir zamana təsadüf edir. İƏT sammitinin əsas mövzuları İŞİD-ə qarşı mübarizə, Yaxin Şərqdə siyasi vəziyyət, İraq, Suriya, Yəmən, Liviyadakı münaqişələr olacaq. Bundan başqa siyasi müzakirələrin əsas mövzuları içərində İran-Səudiyyə münasibətləri, Misir-Türkiyə əlaqələri də var. Bu baxımdan İƏT-in hazırkı sədri İyad Əmin Mədəni “bu sammit çox fərqli olacaq” deməklə müzakirə mövzularının bolluğu və gərginliyə işarə edib.
Küsülülərin barışığı, yoxsa düşmənçiliyin dərinləşməsi...
İƏT katibliyinin məlumatına görə, 13-cü İstanbul sammitində əsas olaraq 18 mövzu müzakirə olunacaq. Bunlar sülh, təhlükəsizlik, Fələstin münaqişəsi, Qüdsün taleyi, yoxsulluqla mübarizə, terror və radikalizmlə mübarizə, sərmayə və maliyyə, elm və texnologiya, iqlim dəyişikliyi, dinlər arasında münasibətlər, insan haqları və sair kimi mövzular olacaq. Ümumi olaraq 107 hədəf nəzərdə tutulub.
Ancaq bu sammitin ən önəmli mövzuları heç şübhəsiz ki, son bir ildə həddən artıq pisləşən İran-Səudiyyə münasibətləri, eləcə də Misirlə Türkiyə arasında əlaqələrin bərpası və regional münaqişələr olacaq. Əldə etdiyimiz məlumata görə, sammitdə Səudiyyə Ərəbistanı tərəfindən İran əleyhinə qətnamə layihəsi hazırlanıb. Qətnamə İranın regional fəaliyyətinin tənqid olunması, Suriya və Yəməndəki rolu tənqid olunur. Qətnamə layihəsi gözlənildiyi kimi, İran tərəfinin sərt etirazına səbəb olub. Eyni zamanda son zamanlar İranla münasibətləri qaydaya salmağa çalışan ev sahibi Türkiyə də qətnamənin müzakirəyə çıxarılmasına qarşıdır. Çünki sənədin ortaya çıxması müsəlman ölkələri arasında gərginliyi daha da artıracaq, son aylarda Səudiyyə Ərəbistanının İran əleyhinə yaratmağa çalışdığı koalisiyanı necə deyərlər, netləşdirəcək. Bu isə bir çox ölkələri çətin seçim qarşısında qoyur. Bu səbəbdən də tədbirdən əvvəlki gün əsasən bu mövzunun müzakirəsi diplomatların əsas gündəmini təşkil edib. Pakistan və Türkiyə kimi ən böyük müsəlman ölkələrinin İran və Səudiyyə arasında seçim qarşısında qalmaq istəmədəyi bildirilir.
Sisi İstanbula gəlməkdən imtina etdi
13-cü İstanbul sammitinin daha bir gözlənilməz hadisəsi Türkiyə-Misir münasibətləri ilə bağlı olub. Məsələ burasındadır ki, bir neçə gün əvvəl Səudiyyə kralı Salman bin Əbdüləziz Misirə səfər edib və bir sıra anlaşmalara imza atıb. Misir səfərindən sonra kral Salman Ankaraya gəlib və hətta  bir neçə ay əvvəldən sızdırılan bilgilərə görə, Kralın əsas gündəmində Misirlə Türkiyəni İstanbul sammitində barışdırmaq var. Məsələ ondadır ki, Misir və Türkiyə əlaqələri 2013-cü ildə Misirdə hərbi çevriliş nəticəsində Türkiyə hakimiyyətinə yaxın olan Məhəmməd Mursinin devrilməsindən sonra pozulub. Türkiyə açıq şəkildə hərbi çevrilişi pisləyib və bundan sonra iki ölkə münasibətləri ən aşağı səviyyəyə düşüb. Səudiyyə Krallığı isə Misirdə məlum səbəblərdən hərbi çevrilişi dəstəkləyib. İndi isə Riyad həm Ankara, həm də Qahirə ilə yaxşı münasibətlərindən istifadə edib iki ölkəni barışdırmağa çalışır. Hər iki ölkə Səudiyyə krallığının qurduğu “İslam ordusu” koalisiyasında təmsil olunur.
Lakin son anda məlum olub ki, İstanbulda Misir və Türkiyə prezidentlərinin barışması planı baş tutmayacaq. Çünki Misir prezidenti Əbdülfəttah əs-Sisi İstanbul sammitində iştirak etməyəcək. O, öz əvəzindən xarici işlər nazirini göndərib. Bu isə o deməkdir ki, Misir Türkiyə ilə barışmayacaq. Gələn son məlumatlara görə, Sisinin bu addımının arxasında Türkiyə ilə münasibətlərlə yanaşı, Səudiyyə ilə əlaqələrdə yaranan soyuqluqdur. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı Misir dövlətini maliyyələşdirir. Kasıb Misir böyük miqdarda bu yardımlardan asılıdır.
Ancaq kral Salmanın son Misir səfəri zamanı ərəb mediası kralın iqtisadi vəziyyətlə əlaqədar olaraq Misirə maliyyə yardımını azaltmağa, hətta dayandırmağa hazırlaşdığını yazıb. Ən qəribəsi isə kral Salmanın Misir səfəri zamanı Qırmızı dənizdə yerləşən Tiran və Sanafir adlı iki adanın Səudiyyə Ərəbistanına verilməsi barədə qərar qəbul olunub. Anlaşmaya əsasən adalar üzərindən Misir və Ərəbistan arasında körpü tikiləcək. Eyni zamanda Misir hökuməti adanın 1950-ci illərə qədər Ərəbistana məxsus olduğunu, daha sonra İsrail hücumlarından qorumaq üçün Misirin nəzarətinə verilməsinə dair “sənədlər”i nümayiş etdirib.
Ancaq bütün bunlara baxmayaraq yerli fəallar, media Sisinin adaları pul qarşılığında səudlara satdığını yazır və hakimiyyəti sərt tənqid edir. Görünür ki, Misir hökuməti adaları pul qarşılığında satmağa məcbur qalıb və bu amil Misir iqtidarını incik salıb. Bu incikliyin daha bir əlaməti də var. Misir xarici işlər naziri ötən həftə verdiyi müsahibədə gözlənildiyinin əksinə olaraq, İrana qarşı yumşaq münasibət göstərib və Hizbullahı terror təşkilatı adlandırmaqdan açıq şəkildə yayınıb. Sisinin son anda İstanbula gəlməkdən imtina etməsi bu mənada Türkiyə ilə yanaşı Ərəbistana olan küskünlüyü ilə izah oluna bilər.
Müsəlman gəncləri sammiti
Bu il ilk dəfə olaraq İƏT liderlərinin sammiti ilə yanaşı, İslam ölkələri ilk Gənclik Zirvə Sammiti də keçirilib. Sammitdə İƏT üzv ölkələrin gənclər təmsilçiləri iştirak edib. İslam Gənclik Sammiti İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü və Türkiyə hökumətinin dəstəyi ilə “İnkişaf, Sülh və Ədalət uğrunda Əməkdaşlıq” şüarı altında keçirilib.
İƏT üzv ölkələrdən 200-ə yaxın müsəlman gənc liderin iştirak etdiyi sammitin açılış mərasimində DƏ-İKGF-nin sədri Elşad İskəndərov, Türkiyənin Gənclər və İdman Naziri Akif Çağatay Kılıç, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Sülh üzrə Nobel mükafatı laureatı almış Təvəkkül Karman iştirak edib.
Gənc müsəlman liderlərin sammitdə qəbul edəcəyi təkliflər, növbəti gün öz işinə başlayacaq İƏT Zirvə Toplantısı iştirakçılarına təqdim ediləcək. Tədbirdə İKGF tərəfindən İƏT arealı üçün ilk dəfə hazırlanan “Müsəlman Gənclərin Vəziyyəti” adlı illik hesabatın ilk nümunəsinin, İKGF tərəfindən layihəsi hazırlanan Mövlanə Beynəlxalq Tələbə Mübadiləsi Proqramı və İbn Bətutta Beynəlxalq Gənclik Proqramının təqdimatı, həmçinin, Şimali Afrika və Orta Şərqdə İƏT-ə üzv ölkələrin gənclər hərəkatlarını aktivləşdirəcək Milli Gənclər Şuralarının yaradılması təşəbbüsü təşviq ediləcək. musavat.com
Ərdoğanın müsəlman liderlərə verdiyi ziyafətdən bəzi fotoları təqdim edirik: