Dünya Mətbuat Azadlığı Günü ilə bağlı Finlandiyada xüsusi konfrans keçirilir

Dünyanın aparıcı media orqanlarının təmsilçilərinin, media ekspertlərinin iştirak etdiyi  tədbirdə  müasir dövrdə söz azadlığı, keyfiyyətli jurnalist araşdırmaları, jurnalistlərin təhlükəsizliyi, KİV-də qadınların rolu, bacarıq və vərdişləri məsələləri müzakirə edilib. Bir daha bəyan olunub ki,  KİV azadlığı və insan hüquqlarının qorunması azad və demokratik cəmiyyətin, iqtisadi yüksəlişin, sülhün və beləliklə, uzunmüddətli inkişafın əsasıdır. Tədbir təşkilatçılarının ortaq mövqeyi ondan ibarət olub ki,  jurnalistləri daha fəal müdafiə etmək lazımdır. Çünki son onillik ərzində 800-dən çox jurnalist peşə öhdəliklərini yerinə yetirərkən həyatını itirib. Təkcə 2010-cu ildə dünyada 60 jurnalistin öldürüldüyü barədə məlumat verilib.
Mayın 3-ü günün 2-ci yarısında CNN-in beynəlxalq müxbiri Kristian Amanpurun moderatorluğu ilə keçən plenar müzakirələr yaddaqalan olub. O, dünyada media azadlığı məsələlərini geniş şərh edib, jurnalistlərin qorunması üçün səylərin birləşdirilməsi vacibliyindən danışıb. Onun öz çıxışında tez-tez ABŞ Dövlət Departamentinə istinad etməsi, bu ölkənin ifadə azadlığı məsələsində lider olduğunu deməsi diqqət çəkib. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət söz alaraq dünyada həbsdə olan jurnalistlərin hamısının azad edilməsini arzuladığını bildirib. Daha sonra o, K.Amanpura müraciətlə ABŞ-ın heç də beynəlxalq reytinqlərdə ifadə azadlığı məsələlərində ilk yerdə olmadığını deyib. “Biz iki gündür buradayıq, fin dostlarımız davamlı olaraq qeyd edir ki, bu ölkə ifadə azadlığı reytinqlərində birincidir. Amma siz deyirsiniz ki, ABŞ liderdir. Məncə, fin dostlarımızın xətrinə dəyməməliyik”, - deyə Azər Həsrət bildirib. Bunu şərh edə bilməyən K.Amanpur məsələni sadəcə özünəməxsus zarafatla qapadıb.
Tədbirdə iştirak edən  EurasiaDiary analitik informasiya portalının baş redaktoru , Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin sədri Ayaz Mirzəyev isə iştirakçıların diqqətini jurnalistlərin bir çox münaqişə bölgələrində separatizmi yayması faktına yönəltdi. Ukrayna hadisələri zamanı bunun bariz nümunəsini gördüklərini bildirən  Ayaz Mirzəyev eyni təhlükə ilə Azərbaycanın da üz-üz qaldığını bildirdi. Erməni jurnalistləri və mediası aktiv şəkildə həm yerli miqyasda , həm də beynəlxalq səviyyədə qondarma Qarabağ rejimini təbliğ etməyə cəhd edir və insanlara separatizm əhvalı aşılamağa çalışır. Bu addımın peşakar jurnalistika ilə hec cür uyğun gəlmədiyini bildirəm Ayaz Mirzəyev tədbirdə iştirak edən aparıcı media təşkilatlarının rəhbərlərinə müraciət edərək , onların bu vacib məsələ ilə bağlı mövqe bildirməsinin vacib olduğunu dedi. Etik Jurnalistika Şəbəkəsinin direktoru Ayden Vayt və Avropa Jurnalistlər federasiyasının rəhbəri Mogens Bjerreqard da bu faktın xoşagəlməz olduğunu təsdiqlədilər və bu halla  mübarizədə jurnalistlərin və media təşkilatlarının üzərinə ciddi məsuliyyət düşdüyünü etiraf etdilər.
Xatırladaq ki, Ümumdünya Mətbuat Azadlığı Gününün əsası 1992-ci ildə bir qrup jurnalistin Namibiyanın Vindhuk şəhərində toplaşması ilə qoyulub. Vindhuk Bəyannaməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində əks olunduğu kimi, ifadə azadlığının fundamental prinsiplərinin müdafiə edilməsi üçün çağırış idi.