Dünya bu azərbaycanlı qızdan danışır - Elə bir şey etdi ki... - VİDEO - FOTOLAR

 
Azərbaycanlı rəssam Tünzalə Məmmədzadə dünyada bir ilkə imza atıb. O, ayələri şəffaf ipək üzərinə yazdığı bir "Qurani-Kərim" hazırlayıb.
 
ATV.az dünya gündəmində manşet olan azərbaycanlı xanımla müsahibəni təqdim edir:
 
- “Qurani-Kərim”i şəffaf ipək parça üzərinə köçürmək fikri necə formalaşdı?
 
- “Qurani-Kərim”ə başlamazdan əvvəl şəffaf ipək üzərində müxtəlif mövzuda olan tablolar işləyirdim. Bununla yanaşı, “Qurani-Kərim” ayələrini kalliqrafik tablolar şəklində hazırlayırdım. Bir gün anam və qardaşımla ən son hazırladığım “Ayətül Kürsü” tablosu barəsində danışırdıq. Bu zaman ürəyimdən belə bir fikir keçdi - görəsən "Qurani-Kərimi”in tamamını şəffaf ipək üzərinə köçürə bilərəmmi?. Çox istədim, çox istəkli oldum. İlk başlarda tərəddüt etdim. Çünki məsuliyyətli bir iş idi. Amma anam dəstək oldu. Bunun üçün mənə şərait yaratdı. Ən başlıcası isə, cəsarət verdi.
 
 
 
- Əsəriniz nə qədər müddətə və necə ərsəyə gəldi?
 
- Öncə 50 metr şəffaf ipək parça əldə edib, onu vərəqlər halına saldım. Daha sonra 1,5 litr qızıl və gümüş rəngli boya alıb köçürülmə üsulu ilə “Qurani-Kərim"i ipək parça üzərinə köçürməyə başladım. Parçanı İstanbuldan, boyaları isə həm İstanbuldan, həm də Azərbaycandan əldə etdim. Belə, 614 səhifədən ibarət “Qurani Kərim”i 3 ilə tamamladım.
 
- Onu hazırlamaq hər gün neçə saat vaxtınızı alırdı?
 
- Fərqli-fərqli olub. Elə gün olub ki, vaxtım olmayıb işləmək üçün. Elə gün də olub dayanmadan, hətta yatmadan işləmişəm. Konkret iş saatlarım olmayıb. Sadəcə bir istək vardı məndə - yazım. İnsan bəzən bir işə başlayan zaman onu tez bitirmək istəyir. Amma məndə elə deyildi. Onu yazarkən ruhən çox rahatlayardım. Yarım qoymadan bitirdiyim üçün çox sevindim. Amma bu sevincin yanında bir az kədər də vardı. Bitdi artıq, yazmayacam... Fərqli hisslər idi, çox fərqli duyğular idi. Şükürlər olsun ki, bu duyğuları yaşadım.
 
 
 
- Bildiyimiz qədərilə dini təhsiliniz yoxdur. Bəs bu, işinizdə çətinlik yaratmadımı?
 
- Bəli, dini təhsilim yoxdur, ərəb dilini də bilmirəm. Yalnız əlifbasını bilirəm. Surələrin tərcüməsini oxuyaraq yazdım. Bir sənətçi baxımından mən bunu etməyə çalışdım. Şükürlər olsun ki, Allah bunu tamamlamağı mənə nəsib etdi. Hazırda Türkiyənin Mərmərə Universitetində “Sənət tarixi” üzrə doktorantura təhsili alıram.
 
 
 
- Hazırladığınız “Qurani Kərim”i özünüzdə saxlayacaqsınız, yoxsa gələcəkdə hansısa bir muzeyə verəcəksiniz ?
 
- Bu barədə düşünməmişəm. Çünki ona başlayanda da məqsədli bir şəkildə başlamadım. Sadəcə çox böyük bir istəyim vardı. Allah sevgisi ilə yazdım bunu. Hələ ki, təqdimatı ilə məşğulam.
 
 
 
- Sonda, gələcək planlarınız haqqında bilmək istəyərdik. Növbəti əsəriniz nə olacaq?
 
- Düşünürəm ki, “Qurani-Kərim” indiyə kimi yaradıcılığımın şah əsəridir. Bundan sonra hansı işlər üzərində işləcəyimi bilmirəm. Dediyim kimi, 3 il ərzində dayanmadan çalışdım. Hazırda “Qurani-Kərim”i bitirməyin həyəcanını yaşadığım üçün, davamında nə edəcəyimi bilmirəm. İlk planım təhsilimi başa vurmaqdır.