"Dərsliklər heç də oyuncaqlardan ağır deyil"

"Dərsliklər heç də uşaqların gündəlik istifadə etdiyi oyuncaqlardan ağır deyil". Musavat.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Həsənova jurnalistlər üçün təşkil edilən təlimdə bildirib. Nazirlik rəsmisi dərsliklərin çəkisinin az olduğunu sübut etmək üçün ibtidai sinif üçün nəzərdə tutulmuş riyaziyyat və informatika dərsliklərini jurnalistlərin gözü önündə tərəzi ilə çəkib. Nəticədə məlum olub ki, riyaziyyat 0,37 kq, informatika dərsliyi isə 0,20 kq çəkiyə malikdir.
Vüsalə Həsənova həmçinin qeyd edib ki, dərsliklər pulsuz olaraq verilir və 4 il müddətində istifadə edilir:
"2003-cü ildə hissə-hissə, 2005-ci ildə isə artıq bütün məktəblər pulsuz olaraq  dərsliklərlə təmin olunub. 2008-ci ildə isə müəllimlər üçün də pulsuz metodik dərsliklər verilib. Bizim hədəfimiz şagird və müəllimlərin istifadəsinə yüksək səviyyəli və milli-mənəvi dəyərlərin əks olunduğu dərslik verməkdən ibarətdir".
Nazirlik rəsmisi daha sonra müxtəlif dillərdə tədris olunan dərsliklərdən söz açıb:
"Təkcə rus dilində deyil, həmçinin gürcü dilində də dərsliklərimiz var. Xüsusən Qaxda bu 68 təşkil edir, ən az isə Balakəndədir. Ümumilikdə isə 10 belə məktəbimiz var. Gürcüstan ilə Azərbaycan arasındakı mövcud razılaşmaya əsasən Gürcüstandakı Azərbaycan dilində olan məktəblər Azərbaycan dili və ədəbiyyatı dərslikləri ilə pulsuz olaraq təmin  olunur"