​“Dərin müharibə”də qələbənin sirri: yeni prezident devriləcəkmi? - TƏHLİL

 
 “Trampın triumf”u, Amerika yeni prezidentini “dörd ağ atın qoşulduğu arabada” qarşılayır, Roma imperiyasında qalib sərkərdənin qarşılandığı kimi. Və istər-istəməz, qələbəni bayram edəcəyi aksioma olaraq qəbul olunan Hillari Klintonun deyil, məhz Trampın - seçkiqabağı açıqlamaları ilə təkcə Amerikanı yox, bütün dünyanı təşvişə salan namizədin qalib olaraq canlı yayıma çıxması fonunda Romasayaq Amerika imperiyasının hara getdiyi, nə düşündüyü, nələr planlaşdırdığı sualı açıq olaraq qalır. Çox güman ki, dünya bu suala hələ ki, cavab tapa bilməyib, Klintonun məğlubiyyətində cavabsız sualların olduğu kimi. Halbuki, ən praqmatik proqnozlardan başlamış, siyasi dairələrə, hətta bukmeykerlərə qədər hər kəs xanım namizədin qələbəsini öncədən elan edir, demokratlar bayrama hazırlaşırdı.
 
 
“Amerika, Amerika” – yeni dünya ssenarisini kim yazacaq? - TƏHLİL
“Hansı qalib gəlirsə, gəlsin, onsuz da mənim həyatım dəyişməyəcək”.
 
 
Ümumi mənzərədə isə nəticə sadə görünür: amerikalılar seçkiyə getdi və öz prezidentini seçdi.
 
Halbuki seçkiöncəsi gündəmdən düşməyən “Trampın şansı niyə az idi?” sualı özündə müxtəlif cavabları birləşdirirdi.
 
1. Respublikaçıların namizədi prezident olmaq istəyən siyasətçidən çox uzaq görünür və sanki bunu məqsədli şəkildə edirdi. Onun davranışları avtomatik olaraq, “Trampın namizədliyi Hillarinin prezidentliyinə hesablanıb” ehtimalını önə çıxarırdı. Hər-halda güclü siyasətçilərə malik respublikaçıların namizədi kimi Trampın çıxış etməsi də bu ehtimalı artırırdı.
2. Onun verdiyi siyasi mesajlar Amerika maraqları ilə kəskin toqquşurdu.
3. Dünyanın siyasi mənzərəsi fonunda, xüsusilə böyük güclərin savaş müstəvisində üz-üzə dayandığı vaxtda “hər kəslə uzlaşacam” deyən bir namizədin qələbəsinə Amerikanı idarə edənlərin razı olmayacağı fikri daha aydın görünürdü.
 
Və bütün bunlarla müqayisədə, Klintonun ilk qadın prezident ola biləcəyi; Amerikanın imperiya siyasətinə daha yararlı olacağı; Amerika sərmayəsi deyilən, əslində bu ölkəni və dünyanı idarə etməyə çalışan güclərə yaxın olduğu kimi üstünlüklərə sahib idi.
 
Amma hər şeyə rəğmən, Tramp qalib gəldi və bu, “siyasət ikiüzlü yox, çoxüzlüdür” reallığını bir daha doğrultdu.
 
Trampın qalibiyyətini gerçəkləşdirən amillər: Təbii ki, zəfər “çılğın respublikaçı”ya göydən düşmədi. Bunun da öz səbəbləri var, lakin bu səbəblər Klintonun qalib gələcəyi eyforiyasının yaşandığı seçkiqabağı dövrdə deyil (bu ajiotajın demokratlara, dolayısı ilə Amerika sərmayəsini idarə edənlərə yaxın media tərəfindən yaradıldığı da ayrı gerçəklikdir), məhz seçkidən sonra boylanmağa başlayır.
 
Acların seçimi: ABŞ dünya səviyyəsində böyük iqtisadiyyata malik olan ölkədir. Bütün dünyanı dolanan əskinazı istehsal edən ölkənin hansı iqtisadi problemi ola bilər? Lakin statistika böyük pullardan heç də həmişə sadə amerikalıya çatmadığını göstərir. Misal üçün, bu gün ABŞ-da əhalinin yalnız 3 faizi milli gəlirin 54 faizinə sahibdir. Bu rəqəm ata Buşun dönəmində 44 faiz idi. Yaxud hazırda ölkədə 14,5 faiz insan kasıbdır. Yetkinlik yaşına çatmış 96 milyon insan iş tapmır və ya ümumiyyətlə, axtarmır.
 
“İnsanlar dayanıb, artıq iş axtarmırlar. Çünki tapa bilməyəcəklərinə inanırlar və vəziyyətlə barışıblar. Son 40 ildə ən dəhşətli vəziyyət müşahidə olunur”, - Tramp situasiyanı bu sözlərlə qiymətləndirir və bəlkə də, bu, onun seçki kampaniyasında çərçivəyə salınıb divara asılmalı olan yeganə sözləri hesab oluna bilər. Trampın rahat şəkildə favorit olan Klintona qalib gəlməsinin sadə və aydın səbəblərindən biri, elə birincisi də budur. Çünki XXI əsrin “qara oğlanı” Amerikanı ağ günə çıxara bilmədi. Onun etdiklərinin, yaxud etmədiklərinin əvəzini də Hillari ödədi. Görünür, amerikalılar nəinki iş tapmaq, heç olmasa buna ümid etmək üçün biznesmenə üstünlük verdi.
 
Respublikaçılarla demokratların növbəli sistemi: Bu tarixi təcrübə hər zaman aktual olub. Bu dəfəki seçkilərdə kiçik ehtimal kimi qiymətləndirilsə də, görünür, Amerika öz bəsit bölgüsünə sadiq qaldı. Bölgüyə görə, iki dönəm respublikaçılar, iki dönəm demorkatlar ölkəyə rəhbərlik edir. Bu, SSRİ-nin dağılmasından sonrakı illərdə daha aydın müşahidə olunur. Ata Buş ölkəyə 1989-93-cü illərdə rəhbərlik edirdi. O, prezident postuna əyləşəndə SSRİ son günlərini sayırdı. Postu təhvil verəndə isə artıq qırmızıların imperiyası yox idi. 1993-cü ildə Ağ Evə gələn Bill Klinton iki dəfə prezident səlahiyyətlərini icra edərək, yerini Corc Buşa verdi. Respublikaçılar 2008-ci ilə qədər Amerikaya hökm etdilər. Nəhayət, Obama dövrü başlandı və hazırda qaradərili prezidentin başı əşyalarını yığmağa qarışıb. Trampın gözlənilməz qələbəsində bu ardıcıllığın davam etdiyi ortaya çıxır.
 
Bu iki əsas səbəbə seçki texnologiyasının digər elementlərini də əlavə etmək olar: Hillarinin xəstəliyi, elektron poçt qalmaqalı, Federal Tədqiqatlar Bürosunun bu məsələni seçkiyə 11 gün qalmış yenidən ortaya çıxarması; Trampın emosiyaları, İŞİD-i məhv edəcək vədləri ilə amerikalının təhlükəsizlik kimi incə damarına toxunması, miqrantları qovacağına dair sözlərlə Qərb insanının “sevgilisinin onu tərk etməsinin belə günahını gəlmələrdə görmək” kimi xəstəliyindən yararlanması və s.
 
Lakin “Siyasətdə təsadüflərə yer yoxdur” sözləri nə qədər klişe olsa da, zaman-zaman öz mövqeyini qoruyur. Gözlənilməz nəticələrə bu prinsipdən yanaşsaq, hər şeydən əvvəl Klintonun qələbəsi haqda öncədən yaradılan ajiotajın səbəblərinə diqqət etmək lazımdır. Beynəlxalq media korporasiyalarından başlamış, Amerikada əyalət qəzetlərinə qədər əksər media anti-Tramp kampaniyasına qoşulmuşdu və israrla Klintonun qələbə qazanacağı vurğulanıdı. Hətta “Newsweek” kimi analitikası ilə nüfuz qazanan nəşr “Hillari Klinton prezidentdir” manşetini əvvəldən hazırlamış, noyabrın 9-da Tramp qələbə çalsa da, həmin manşetlə çıxmışdı. Buna paralel olaraq, sorğuların da nəticələri Klintondan yana idi.
 
Trampın seçilməsinə bu proseslərdən yanaşdıqda, iki “ANA VERSİYANI” önə çıxır: Ya bu ajiotaj məqsədilə şəkildə yaradılmışdı və dünya bilərəkdən aldadılırdı, ya da bu, “dərin Amerika”nın öz daxilindəki qarşıdurmasının məhsuludur.
 
“BİRİNCİ ANA VERSİYA”ya “siyasət iki yox, çoxüzlüdür” fonunda yaşmaq olar və hesab etmək olar ki;
 
Rusiya və Çin başda olmaqla Amerika ilə maraqları bu və ya digər formada toqquşan ölkələrin seçkidən sonra hər iki namizəd üzərində öz siyasət ssenarilərini qurduğu şübhəsizdir. Adətən xarici siyasətin planlaşdırılmasında bu faktorlar təbiidir. Və ortada iki namizəd var. Biri hücum, işğal və müdaxilə siyasətini açıq şəkildə dəstəkləyən Hillari, digəri əməkdaşlığa meylli, mülayim, yola gətirilməsi asan olan Tramp. Rusiya, Çin, yaxud elə bölgədə güclənən Türkiyə üçün ikinci sərfəli görünür.
 
Beləliklə; işğalçı və imperialist obrazı güclənən Amerika əməkdaşlığa açıq Trampla mülayim imicini bərpa edir; Əks cəbhədəki ölkələr açıq müdaxilə siyasətini aparan demokratlardan xilas olmağın sevincinə qapılaraq, yeni Amerika ilə ehtiyatlanmadan, çəkinmədən və rahat şəkildə əməkdaşlığı gücləndirirlər.
 
Və bunun üçün məhz Trampın – bütün medianın qarşı çıxdığı, haqsızlığa uğrayan, “dərin Amerika”nın dəstəyindən mərhum olan, lakin öz yolunda prinsipiallığı ilə addımlayan namizədin qələbəsi lazım idi. Başqa cür inandırıcı ola bilməzdi. Trampın “uğur hekayəsi” bundan ibarətdir. “Dərin Amerika” bu hekayə altında yeni və fərqli müdaxilə siyasəti yaradır.
 
“Türk planı”: Çevriliş cəhdindən sonra itirilən və Rusiya cəbhəsinə keçən Türkiyə Tramp Amerikası ilə əməkdaşlıqlar çərçivəsində yenidən qazanılır. Artıq okeanın o tayından təhlükə gözləməyən Türkiyəyə məhz yenidən “yuxuya verərək” daxil olurlar. Yəni hər şeyi sıfırlayır və təzədən başlayırlar. Bu, həm də Türkiyənin vasitəsilə Yaxın Şərqdə yarımçıq qalan işin sona çatdırılmasına kömək edə bilər. Başqa cür bu mümkünsüz görünürdü, hələ Klinton Amerikası ilə ümumiyyətlə, baş tuta bilməzdi.
 
“Rus planı”: Putin “dostu” Trampla çox yaxın əlaqələrə malikdir. Rus imperiyasını dağıtmaq üçün 100 ildir çalışan Amerikada belə bir prezidentin olması qəribə deyilmi?! Lakin qəribəliklər bununla bitmir. Trampın yaxın ətrafı və güman ki, yeni administrasiyada vəzifə alacaq şəxslərin siyahısı da olduqca düşündürücüdür.
 
Paul Manafort: O, Putinin yaxını olan Ukraynanın keçmiş prezidenti Yanukoviçlə çox yaxşı əlaqələrə malikdir.
Carter Page: Bu ilin yayında Moskvada səfərdə olub. O, bir neçə il Rusiya paytaxtında investor olaraq çalışıb, Rusiya hakimiyyətinə yaxın dairələrlə yaxşı əlaqələrə malikdir.
Maykl Flinn: ehtiyatda olan general-leytenantdır. Vaxtilə ABŞ hərbi kəşfiyyatına rəhbərlik edib. General Putinin təbliğatını aparan “RT” kanalında ekspert olaraq çıxış edir.
Riçard Bert: Keçmiş səfirdir, Rusiya qazının Avropaya çıxışı üçün ciddi lobbiçilik işini həyata keçirib. Putinin beyin mərkəzi olan “Valday” klubunda zaman-zaman çıxış edib.
 
Və yeni prezident deyir: “Əgər biz (Putini nəzərdə tutur) yaxşı yola gedəcəyiksə, bu, çox yaxşı olacaq”.
 
Hər şey Rusiya üçün olduqca mükəmməldir. Putin bununla hətta Krımın ilhaqını belə qanuniləşdirə (hansı ki, Tramp seçkiqabağı bu imkanı Rusiyaya verəcəyini açıqlamışdı), gələcəkdə Ukraynanı yenidən öz orbitinə qaytara bilər. Həqiqətənmi 100 ilik planlar bir kənara qoyulacaq və Putin illərdir güc sərf edərək qazana bilmədiklərini, sadəcə dostluqlarla əldə edəcək? Məhz bu sualın məlum cavabı Trampın seçkini qazanmasında daha uzağa gedən hədəfləri göstərir.
 
Hədəf: Belə görünür ki, Putin ABŞ-ın yeni administrasiyasını “idarə edəcək”. Amma bunun əksi də baş verə bilər. Yəni Amerikaya məhz Putinin “dostu” rəhbərlik edir, onun komandasının üzvləri Rusiyada “açar şəxslərə” yaxın olur, Rusiya “dostları”nı öz evinin içinə buraxır və ona gözləmədiyi yerdən zərbə endirirlər. Məsələnin bu tərəfinin ola biləcəyi ehtimalı da gözardı edilməməlidir.
 
Çünki; onilliklərdir icra edilən Rusiyanın dağıdılması, təkqütblü dünyanın idarə olunması siyasətinin asanlıqla rəfə qaldırılmayacağı reallığı dəqiqdir; Amerika Rusiyaya (eləcə də digər ölkələrə) qarşı açıq savaşla buna nail ola bilmədiyini anladı, əvəzində bu prosesdə illərdir istifadə etdiyi “demokratiya üsulu” ifşa edildi, yəni görünən odur ki, itirən elə ABŞ-ın özü oldu; buna görə də üslub dəyişdirilir, müdaxilə siyasəti yumşaq, sevimli Amerika timsalında yenidən başlanır.
 
Dünya ölkələrini Amerikaya düşmən edən müdaxilə və “rəngli inqilablar”dan imtina edən, ən böyük düşmən obrazında görünən Rusiya ilə dostlaşacağına söz verən, Çini hərbi qarşıdurma ilə deyil, iqtisadi yolla ram edəcəyini deyən Trampın prezident seçilməsinin arxa fonundakı səbəbinin də bu olduğunu demək mümkündür.
 
“Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirsəmsə və danışmıramsa, deməli ondan müdafiə olunmuşam”. “Üç meymun”un simvolu olduğu Buddizm fəlsəfəsi Şəri belə şərh edir. Görünür, Amerika imperializminin yeni strategiyası da budur. “İmperialist Amerikanı görmürlər, onun haqqında eşitmirlər, danışmırlar və özlərini ondan müdafiə olunmuş hesab edirlər”. Bu, oğul Buşun dönəmindəki “xoşniyyətli işğal siyasətinin” tamamilə yeni forması hesab oluna bilər.
Deməli, Tramp Amerikası məhz “üç meymunu” oynayacaq.
 
Türklər və ruslarla dost, Çinlə iqtisadi qarşıdurma, Avropanın bölünməsi: Tramp Amerikasının Rusiya və Türkiyə ilə “dost” olacağı görünür. Təsadüfi deyil ki, Trampın qələbəsindən dərhal sonra Türkiyə və Rusiyada “ABŞ, Türkiyə və Rusiya birlik olmalıdır” fikirləri gündəmi zəbt etdi. Yeni düşmən Avropa Birliyi, yeni “təhlükə” Çin olacaq. Tramp Çinlə hərbi qarşıdurmanı arxa plana keçirir, lakin bundan tamamilə imtina etmir, sadəcə olaraq iqtisadi sferaya transfer edilir. Çin mallarına əlavə vergi qoyulması Pekinin də Amerika mallarına eyni sistemi tətbiq etməsi ilə nəticələnə bilər. Bu uzun və ağrılı iqtisadi qarşıdurma deməkdir. Bu ağrılı qarşıdurma həm də kiçik ölkələrin iki qütb arasında qalması, enerjilərini məhz “seçim etmək” kimi tərəddüdlərə sərf etməsi deməkdir. (Bu haqda Trampın Ağ Evə köçməsindən sonra atacağı addımlardan sonra danışmaq daha doğru olardı, əgər bu, ona qismət olarsa...). Lakin “uzaq təhlükələr” Amerika siyasətində xas xüsusiyyətdir.
 
Yaxın hədəf Avropadır: Trampın qələbəsinin açıqlandığı gecə Almaniya və Fransa (“Brexit”dən sonra hər ikisi Avropa Birliyinin lideri olaraq öndə gedir) liderlərinin münasibəti xüsusi diqqət çəkirdi. Merkel “biz ABŞ demokratiyasına inanırıq, Amerika ilə işləmək Almaniya xarici siyasətinin ən önəmli məqsədlərindən biridir” dedi, lakin kansler narazılığını üz ifadəsində gizlədə bilməmişdi. Olland isə narahatlığını açıq şəkildə dilə gətirdi və “ABŞ müəmmalı mərhələyə qədəm qoydu... NATO bizim təhlükəsizliyimiz üçün əsas faktordur” kimi sözlərlə Trampa xəbərdarlıq etdi. Onların əksinə olaraq, Fransanın radikal sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Penin timsalında bütün Avropa sağçıları sevinirdi. Sağçıların miqrantları qovmaq istəkləri ABŞ-ın yeni prezidentinin vədləri ilə üst-üstə düşür. Statistikalar da göstərir ki, Trampın qələbəsindən sonra “Köhnə Qitə”də radikal sağçıların mövqeləri güclənib. Almaniya və Fransanın seçkilərə hazırlaşdığı dövrdə hər iki ölkədə sağçıların güclənməsi Merkel və Ollandın narahatlığının səbəblərini müəyyən mənada aydınlaşdırır. Onlar postlarını sağçılara verməkdən qorxurlar. Bunun baş verəcəyini düşünmək Trampın qələbəsindəki vacib ehtimallardan birini önə çıxarır:
 
Avropada sağçılar hakimiyyətə gəlir və xaos dövrü başlanır. Bu, iki ölkəyə sərf edir. Birincisi Rusiyadır, lakin Moskvanın Amerikadakı seçkilərə müdaxilə edərək, nəticələrə təsir göstərməsi ehtimalı zəifdir.
İkincisi İngiltərədir və bu ölkənin ABŞ-da seçkiyə təsir etmək imkanı şübhəsizdir. Proseslərin təhlili də ingilislərə işarə edir.
 
1. Avropada sağçıların güclənməsi ilə başlanacaq xaos ilk növbədə investisiyanın qaçması deməkdir. Almaniya, yaxud Fransa kimi ölkələrdən çıxan investorların üz tutacağı ilk ölkə Böyük Britaniya ola bilər. İngiltərə “Brexit”dən sonra ölkədən gedən investisiyanı qaytara, getmək haqqında düşünənləri isə fikrindən daşındıra bilər.
 
2. “Brexit” Avropa Birliyinin, dolayısı ilə Almaniya və Fransanın zəifləməsinə hesablanan addım idi. Lakin Berlin və Paris güclərini birləşdirərək, Avropa Birliyini ABŞ və İngiltərə olmadan, güc mərkəzinə çevirmək istiqamətində hərəkətə keçdilər. Artıq dünyada Qərb və Rusiya-Çin cəbhəsi yox, ABŞ-İngiltərə, Fransa-Almaniya və Rusiya-Çin cəbhəsinin olduğunu deyə bilərik. Obama Amerikasının siyasətinə zidd olaraq, Almaniya və Fransa məhz “Brexit”dən sonra Putinlə müəyyən yumşalmalara getmişdi. Bu, iki cəbhənin birinə qarşı birləşməsi ilə nəticələnə bilərdi. Hesab etmək olar ki, Tramp Amerikasında Rusiya ilə münasibətlər neytrallaşdırılaraq, Avropa Birliyinin dağıdılması, ən yaxşı halda zəifləməsi siyasəti izlənəcək. Bu, Avropada ingilislərin yenidən hakim olmasına, Avropa Birliyinin isə ABŞ-İngiltərə gücünə tabe olmasına hesablanıb.
 
Bu baxımdan, Trampın seçilməsində Amerika dərin dövlətindəki anqlosaksonların rolunun olduğunu deyə bilərik. Trampın seçkiöncəsi NATO-ya dəstəyin dayandırılacağı açıqlamasında da bu amil boylanır: Şimal Alyansının zəifləməsi Avropa Birliyinin dizləri üstə çökməsi üçün ən başlıca faktor ola bilər. Lakin bu ehtimalın əksinə olan “NATO-nun zəifləməsi Rusiyanın güclənməsinə səbəb olacaq” fikri ziddiyyətlərə yol açır.
 
***
 
Ziddiyyətli məqamlar yolları “İKİNCİ ANA VERSİYA”ya aparır.
 
“Zoar Kitabı (İbranicə “Ehtişam” deməkdir: Tövratın batin üzü olan və yəhudi mistikasının əsasını təşkil edən Kabbala təliminin ən vacib kitablarındandır-red) gələn həftə Trampın qələbə qazanacağından xəbər verir”.
Respublikaçılar Partiyasının İsrail ofisinin rəhbəri Mark Sell deyir ki, bu sözləri ona böyük mekubal (Kabbala müəllimi) seçkiyə bir həftə qalmış deyib.
 
“Mən onun adını açıqlamayacam. Ravvin sadəcə xahiş edirdi ki, mən onun mesajını ictimaiyyətə çatdırım”, - deyə Sell qeyd edir.
 
Burada məsələ hansısa sirli təlimin Amerika seçkilərinə ilahi təsiri yox, dünyanın, elə Amerikanın da idarə olunmasında önəmli paya sahib olan yəhudi icmasının Trampa dəstək ifadəsini məhz bu formada ifadə etməsidir. Mark Sellə inansaq, deməli, Trampın qalibiyyətində yəhudilərin də izi olub. Proseslər müəyyən mənada buna inanmağımızı da tələb edir:
 
Son illər ABŞ-İsrail münasibətlərində ciddi qarşıdurma abu-havası hiss olunur. Hətta Obama və Netanyahu bir-birinə qarşı sərt ittihamlar irəli sürməkdən də çəkinmədilər.
 
a) Fələstinin BMT tərəfindən tanınması və müşahidəçi dövlət statusu alması məhz demokratların Ağ Evdə olduğu dövrdə reallaşdı. Həmçinin, Fransa kimi Avropa Birliyinin əhəmiyyətli gücü də daxil olmaqla, Avropa ölkələri Fələstinin dövlət müstəqilliyini tanımağa başladı. (burada Trampın seçilməsi ilə Avropada planlaşdırılan xaosun başqa versiyası da ortaya çıxır: Fələstinə dəstək verən Avropadan qisas almaq üçün Trampın seçilməsi yəhudi icmasının da marağına uyğun görünür)
 
b) ABŞ başda olmaqla “altılıq” ölkələri İranın nüvə proqramı üzərində razılıq əldə etdi. Bu prosesə qarşı ən çox İsrail çıxırdı. Çünki Təl-Əvivə görə, İran İsrailin varlığı üçün əsas təhlükədir. İranın ali dini lideri səviyyəsində İsrailə daim təhdidlərin edilməsi da Təl-Əvivə belə düşünməyə əsas verir. Buna baxmayaraq, Obama Tehranla yumşalmaya “hə” dedi. İsrail-ABŞ münasibətlərində əsas çatlardan biri də məhz burada yarandı. Təl-Əvivin “Mavi Mərmərə” məsələsində gözlənilmədən Türkiyədən üzr istəməsi və təzminat ödəməyə razılaşması da təsadüfi deyildi. Əslində, Obama Administrasiyasının siyasətinə görə, Təl-Əviv son dövrlər Türkiyə və Rusiya ilə yaxınlaşmaq xətti seçmişdi. İndi Tramp Obamanı əvəz edir, o şəxs ki, seçkiqabağı kampaniya zamanı “İranla nüvə razılaşması ABŞ tarixinin ən pis razılaşmasıdır” dedi.
 
c) “Ərəb baharı” hər şeydən öncə bölgədə İsrailin təhlükəsizliyinə və böyüməsinə hesablanmış ssenari idi. Bu ssenarinin Suriyada dirənməsi ilə Obama Administrasiyası uğursuzluğa düçar oldu. Məhz Suriyada başlanan müharibə və İŞİD faktoru dolayısı ilə İsrailin də təhükəsizliyini təhdid edir. Trampın gəlməsi ilə ən azından müharibə səngiyə və İsrailin bölgədəki planlarının həyata keçməsi prosesi yenidən başlana bilər.
 
Burada İŞİD faktoru ayrılıqda diqqət çəkir: Tramp İŞİD-i birbaşa məhv edəcəyi vədini verir. Bu, İsrailin marağındadır, lakin ingilislərə qarşı atılan addımdır. Çünki İŞİD-in məhz ingilislərin yaratdığı və onların istəyi ilə Obama Administrasiyasının dəstəklədiyi haqda kifayət qədər faktlar var.
 
Trampın seçkiöncəsi “İŞİD-i birbaşa məhv etmək” haqda verdiyi mesaj da ikinci ana versiyanı gücləndirir: Amerikada anqlosaksonlarla yəhudilərin savaşı gedir və bu savaşda Trampın seçilməsi ilə yəhudilər hələki qalibdir. Bu, dolayısı ilə seçki öncəsi bütün medianın Trampın əleyhinə çıxmasının ikinci tərəfini də aydınlaşdırır.
 
***
 
Göründüyü kimi, ortada yetərincə bir-birini itələyən, ziddiyyətli məqamlar var, həmçinin, bu qarışıq mənzərədən bir-biri ilə çarpazlaşan məqamlar da boylanır.
 
Əgər Trampın qalibiyyətinə yəhudi-anqlosakson mübarizəsi fonunda yanaşsaq, o zaman, yeni prezidentin işinin çətin olacağını deyə bilərik. Söhbət Trampın devrilə, hətta öldürülə biləcəyindən gedir. (Linkoln və Kennedinin timsalında ABŞ bu təcrübəni yaşayıb).
 
Bu ehtimal üzərində düşünməyə əsas verən amillər də az deyil.
 
1. Hazırda ABŞ-ın demək olar ki, bütün ştatlarında Tramp əleyhinə aksiyalar keçirilir və hər keçən gün artan bu etirazların xaosa çevrilə biləcəyi ehtimalı böyükdür. Hesab etmək olar ki, bu etirazları məğlub olan anqlosaksonlar (hansı ki, seçki öncəsi Klintona məhz onların dəstək verdiyi haqda çox danışılırdı) təşkil edib. Məqsəd Trampın gedişinə zəmin yaratmaqdır.
 
2. Trampı Ağ Evdə qəbul edən Obama “inanıram ki, hər şey sülh yolu ilə bitəcək” açıqlamasını verdi. Artıq Ağ Evi tərk etməyə hazırlaşan prezidentin bu açıqlaması vəziyyətin həqiqətən ciddi olduğunu göstərir.
 
Trampı nə gözləyir?
 
Hər şey Ağ Evə köçənə qədər həll ediləcək: bununla bağlı artıq müxtəlif versiyalar səsləndirilir. Birinci versiyaya görə; Seçilmişlər Kollegiyasında Trampa səs verəcəyi gözlənilən üzvlər qəfil mövqelərini dəyişə və Klintonun xeyrinə səs verə bilərlər. Ən az 32 üzv bunu edərsə, vəziyyət tamamilə dəyişəcək. Amerika tarixində dəfələrlə belə hadisələr yaşanıb.
İkinci versiyaya görə; rəsmi nəticələr dəyişə bilər. Hazırda rəsmi nəticələr açıqlanmayıb. Əgər bir neçə ştatda nəticələr indikindən fərqli olarsa, bu da Trampın Ağ Evə gedən yolunda tramplinə çevrilə bilər.
 
Ağ Evə gedəndən sonra: Tramp bu mərhələləri aşaraq, Ağ Evə getsə belə, yenə də təhlükə aktual olaraq qalır.
 
Niksonun taleyi (Uotergeyt işi): 1970-ci illərdə ABŞ prezidentini istefaya verməyə məcbur edən Uotergeyt məsələsində 2016-cı ildə ABŞ seçkiqabağı kampaniyasındakı bir məqam uzlaşır: FTB-CİA qarşıdurması. Niksonun istefasına səbəb olan materialların mətbuata məhz FTB-nin rəhbərinin köməkçisi Mark Felt ötürmüşdü. Bu, hadisədən 33 il sonra, 2005-ci ildə açıqlandı. Hansı ki, Uotergeyt işində CİA agentləri birbaşa iştirak edirdi. Tram-Klinton yarışında isə FTB Hillariyə qarşı çıxdı və demokrat namizədin də dediyi kimi, məğlub olmasının əsas səbəbi də məhz FTB oldu.
Bu iki məqam Amerikada iki xüsusi xidmət orqanı arasındakı mübarizənin zaman-zaman davam etdiyini göstərir. Tramp da məhz daxili kəşfiyyat müharibəsinin ortasında qala bilər. Hesab etmək olar ki, Trampa qarşı atılacaq addımlara CİA-nın ciddi dəstək verə və yeni prezidentin ən gizli işləri gün üzünə çıxarılaraq, onun istefası tələb edilə bilər.
 
Kennedinin taleyi: 1963-cü ildə Kennedinin taleyi ilə Trampı birləşdirən bir məqam var. Hər iki şəxs məhz noyabrın 8-i prezident seçilib. Bu, öldürülən digər Amerika prezidenti Linkoln ilə Kennedinin taleyinin oxşarlığı fonunda nə qədər konsproloji olsa da, diqqətçəkən detaldır. Lakin Kennedinin öldürülməsi göstərir ki, “sözə baxmayan” şəxs, hətta prezident olsa belə, aradan götürülə bilər. Eyni şeyləri Trampla bağlı da demək mümkündür. Hansı ki, onun nə qədər “sözə baxan” olması haqda şübhələr çoxdur.
 
Və bütün bunlara rəğmən, hər şeyin normal olacağı ehtimalı da mövcuddur: Amerika tarixi göstərir ki, bu ölkədə prezidentlər yox, sistem əsasdır və Ağ Evdə əyləşən istənilən şəxs bu sistemin qoyduğu çərçivələrdən çıxmır. Tramp da sələflərinin yolu ilə gedə bilər. Belə olan halda, iki versiya mümkün görünür.
 
1. Trampa daxili siyasətdə istədiklərini etmək imkanı veriləcək. Hətta Meksika-Amerika sərhədinə divar çəkmək arzusu da reallaşa bilər.
2. Xarici siyasətdə isə “qırmızı” xətləri keçməsinə icazə verilməyəcək. Hətta Rusiya ilə münasibətləri yoluna qoya bilər. Lakin müəyyən mərhələyə qədər. Maraqların və planların sərhədindən keçmək olmaz.

Загрузка...
Загрузка...