Dəri və zamşa ayaqqabıların ömrünü belə uzadın - FOTOLAR

 
 
Yağışlı havada ayaqqabılar tez çirklənir, dolayısı ilə tez korlanır.
Publika.az bu yazıda oxucuları dəri, zamşa, laklı ayaqqabıların ömrünü uzadan kiçik hiylələrlə tanış edib.

Dırnaqları qaydaya salan bıçqı sayəsində zamşa ayaqqabıları səliqə ilə təmizləmək olar.
 
 
Dəri ayaqqabıya düşən ləkəni sirkəyə batırılmış fırça ilə silmək olar. Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyib quru və təmiz əsgi ilə silin, sonra krem çəkib yenidən şotka ilə təmizləyin.
 
 
Laklı ayaqqabının üstünə düşən ləkəni vazelinə batırılmış çubuq pambığın köməyi ilə silin. Parıldaması üçün isə şüşələrin təmizlənməsində istifadə etdiyiniz vasitəni tətbiq edin. Yeri gəlmişkən onu da qeyd edək ki, şəxsi maşınınız yoxdursa, pis havada laklı ayaqqabı geyinmək tövsiyə olunmur. Bununla siz ayaqqabının daha tez korlanmasına şərait yaratmış olursunuz.
 
 
Əriyən qar ayaqqabını korlayır. Qarda gəzəndən sonra ayaqqabınıza yağlı krem çəkib təmizləyin. Əgər yanınızda xüsusi vəsaitlər yoxdursa, onda nəmləndirici kremlərdən istifadə etmək olar. Losyona batırılmış balaca salfet və ya parçanı ayaqqabını sürtməklə onun əvvəlki görüntüsünü qaytarmaq olar.
 
 
Məşqdən və ya uzun gəzintidən sonra kedlərə istər-istəməz qoxu hopur. Bunun qarşısı almaq üçün içinə azca soda töküb yaxşıca silkələyin.
Ayaqqabı vurmasının qarşısını almaq üçün
 
 
Əgər dikdaban ayaqqabınız ayağınızı vurur və sıxırsa, bir neçə gün əvvəlcədən içinə buz paketləri yerləşdirin. Lakin bu üsulu laklı ayaqqabılara tətbiq etmək olmaz.
Kedlərin ideal ağlığını qorumaq üçün
 
 
Yuyucu vasitə ilə sodanı kasaya töküb qarışdırın. Sonra kedləri diş fırçası ilə təmizləyin.
Zamşa ayaqqabıları təmizləməyin yolları
 
Çox çirklənmiş zamşa ayaqqabılarını süngər vasitəsilə ilıq sabunlu su ilə təmizləyin. Sonra şotkanı sirkə qatılmış suya batırıb təmizləmək lazımdır. Sonda təmiz quru əsgi ilə silib buxarın üstünə tutun. Əgər zamşa ayaqqabıya yağ ləkəsi düşübsə, onu benzinlə təmizləyin. Zamşa ayaqqabılarda əmələ gələn ləkələri təmizləməyin digər əlverişli yolu pozandır.
İslanmış ayaqqabını qurutmaq üçün
Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını otaq temperaturunda qurutmaq lazımdır. Heç vaxt nəm ayaqqabını odun yanında, mərkəzi istilik batareyasında, yaxud başqa istilik mənbələrinin yanında qoymayın. Bu hallarda dəri həddindən tez quruyur, büzüşür və çatlayır.
Ayaqqabını quru, sərin yerdə saxlayın. Əgər ayaqqabı rütubətli yerdə qalarsa, kif basacaq. Onu təmizləmək üçün benzin çəkin. Ümumiyyətlə, ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı havaya verməyi və qurutmağı da unutmayın.