Dövlətin milyonlarını mənimsəyən sabiq rəis azadlığa buraxıldı - Yenilənib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Səbinə Quliyeva bildirib ki, kompleksdə landşaft dizayneri kimi çalışıb, ərazidə yaşıllaşdırma dizaynı ilə məşğul olub.
Prosesdə şahid qismində ifadə verən Ceyhun Cəfərov isə vəkil işlədiyini, İ.İsfəndiyarovun ondan obyekt alqı-satqısı sənədlərinə baxmasını xahiş etdiyini deyib: “Sənədlərə baxıb ona məsləhət vermişəm”.
Daha sonra məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. O, R.Məmmədov və İ.İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini, həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.
Müşavirədən sonra məhkəmə təqsirləndirilən şəxslərə qarşı hökmü elan edib. Məhkəmənin hökmü ilə R.Məmmədov və İsfəndiyar İsfəndiyarov məhkəmə zalından azadlığa buraxılıb, Arzu Məmmədov barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Rəşad Məmmədovun həbsindən sonra onun anasının milliyətcə erməni olması faktı ictimailəşdirilmiş və KİV-də onun əleyhinə kampaniya təşkil olunmuşdu. Belə ki, virtualaz.org saytı R.Məmmədovun anasının erməni olduğunu iddia edib: “R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir”.
Bakının yarısını heç bir qanuna məhəl qoymadan buldozerlə yerlə-yeksan edib dağıdan, heç kəsə kompensasiya vermədən insanları halal evlərindən və ofislərindən küçəyə atan , həttafəhlələrin pulunu belə mənimsəyən R.Məmmədov anasının sənədlərini də saxtalaşdırıb, ermənini bu yolla “azərbaycanlıya” çevirib. Belə cinayətlərə, dövlət sənədlərini saxtalaşdırmağa görə isə çox ağır cəzalar nəzərdə tutulur!
Bundan əlavə R.Məmmədovla bağlı vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət büdcəsinə külli miqdarda ziyan vurmaq, 600 fəhlənin haqqını mənimsəmək və sair kimi ittihamlar vardı. Onun belə qısa müddətdən sonra azadlığa buraxılması Azərbaycan hüquq-mühafizə orqanlarına, onun ədalətinə inamı sarsıdan faktlardan biri kimi tarixə düşəcək.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarovun və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə hakim məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış edərək R.Məmmədov və İsfəndiyar İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini, həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib. Məhkəmə müşavirəyə gedib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib.
Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.
Martın 4-də Arzu Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.
İ.İsfəndiyarov və A.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. R.Məmmədov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunur.