​Dövlət qurumlarında namaz QADAĞASI

 
 
Tural İrfan: “Dindarlar dövlətin qanunlarına tabe olmalıdır”
 
Azərbaycanda dövlət idarələri və ali məktəblərdə namaz qılmağın qadağan olunması təklif olunur. Məsələ ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə edilib. Bildirilib ki, namaz qılmaq dövlət qurumlarında işin gedişatına mane olduğu üçün bu qadağan olunmalıdır. Namaz qılan şəxslər ibadətlərini iş yerlərində deyil, namaz vaxtı məscidlərdə qıla bilərlər ki, bu da ümumi proseslərə hər hansı maneəçilik törətməyəcək. Digər tərəfdən bu tip iş yerlərində müxtəlif dinə mənsub insanlar ola bilər ki, bu ibadət onlara müəyyən mənada təsirini göstərə bilər.
 
Azərbaycanda 2 min 50 məscid var. Bakıda da məscidlərin sayı kifayət qədərdir. Bakıda bayram və cümə namazlarında daha çox insan məscidlərə gəlir. Ancaq ibadət edənlərin statistikasını demək çətindir, insan namazı evində qıla bilər, namaz qılmaq, oruc tutmaq onun şəxsi işidir, daxili aləmiylə bağlıdır. Kimsə namaz qılmağını insanlar içində deyirsə, bunun özü də anormaldır. Müsəlman namaz qılmırsa, bu da onun öz seçimidir.
 
“İbadət yeri məsciddir”
 
 
 
Dini ekspert Tural İrfan məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə deyib ki, ümumiyyətlə, şəriətdə ibadətlərin edilməsi məscidlərdə nəzərdə tutulub: “Amma hər hansı narazılıq, qəbahət, təhlükə səbəbindən o idarələrdə namaz qılmaq nəzərdə tutulmayıbsa, bu başa düşüləndir. İdarələr xüsusi iş aparmaq üçündür, namaz qılmaq üçün deyil. Əgər idarə rəhbərliyi tərəfindən narazılıq olmazsa, orda namaz qılmaq olar. Təsəvvür edin ki, bir idarədə üç dinə mənsub olan şəxs var. Biri müsəlman, biri xristian, digəri isə yəhudidir. Hərə öz dininə uyğun ibadət edirsə, onda nə olar?
 
Yəni, xüsusi olaraq ibadət yerləri var və məscidlər əsasən onun üçündür. Əgər bu təklif rəsmi dövlət nümayəndələri tərəfindən səsləndirilibsə, ola bilsin bu son vaxtlar dinlə bağlı yaranmış mənfi hadisələrə görədir. Digər tərəfdən dövlət idarələrində namaz qılınması ilkə bağlı qadağa təklifi xürafat əməlləri ilə məşğul olan insanların bir yerə toplaşıb dövlət idarələrinə nüfuz edilməsi baxımından irəli gəlir.
 
Şəriət baxımından hesab edirəm ki, ibadətin yeri ən yaxşı məsciddir. Hər hansı idarədə çalışan bir insan namaz vaxtı icazə alıb məscidə gedə bilər. İdarə daxilində rəhbərlik buna icazə vermirsə, qərara tabe olmalıdır. Bu məsələ ilə rəhbərliklə mübahisə girişməsə doğru olar. Çünki Azərbaycan demokratik dövlətdir. Din dövləti deyil ki, dini qanunlar işləsin. Ona görə də dindarlar da dövlətin qanunlarına tabe olmalıdırlar”.
 
“İbadət vaxtını tənzimləmək lazımdır”
 
Ekspert qeyd edib ki, dövlət idarələrində, ali məktəb və digər iş yerlərində ibadət vaxtını elə tənzimləmək lazımdır ki, işin gedişatına maneçilik yaratmasın: “Həm də o tənzimlənmə bilavasitə idarə rəhbərliyindən də asılıdır. Müsəlman dövlətlərində, Türkiyədə bu var. Belə bir qanun Azərbaycanda da qəbul olunsun və buna nəzarət olunsun. Bir problem var ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi birgə məsələləri tam layiqincə tənzimləyə bilmir.
 
Məsələn, namaz vaxtı xüsusi namazgahlara müxtəlif idarələrdən insanlar gedəcək və dini mövzularda, süni-şiə məsələlərində mübahisələrə girişəcəklər. İş isə bir kənarda qalacaq. Bu hadisələrdənsə, həmin namazgahların olmaması yaxşıdır. Qoy ibadətlərini gedib məscidlərdə etsinlər. Respublikada müxtəlif dinlərin, təriqətlərin nümayəndələri var.
 
Onlar bir yerə düşəndə tam demək olmaz ki, mübahisələri yaranmır və bir-birlərini tam olaraq yola verirlər. Bu tip mübahisələr baş verə bilər və işin gedişatına maneçilik yarada bilər. Bu baxımdan ibadət məsciddə olsa, daha məqbul olar”.

Загрузка...
Загрузка...