“Dövlət büdcəsi daha çox istehlaka xidmət edir”- iqtisadçı

Bu ilin 1-ci rübündə büdcə xərcləri ötən illə müqayisədə 1,5, proqnozla müqayisədə isə 2,6 milyard manatdan çox azalıb.
Turaninfo.az Modern.az saytı-na istinadən  xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 678,1 mln. manat, xərcləri 2 milyard 623,5 mln. manat olub. Nəticədə dövlət büdcəsində 1 milyard 54,6 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 290,7 mln. manat, büdcə xərcləri isə 1 milyard 575,3 mln. manat az olub.
Müqayisə üçün onu da qeyd edək ki, 2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 623,5 mln. manat icra edilib.
Bu ilin ilk 3 ayında büdcə xərcləri ötən illə müqayisədə 1,5, proqnozla müqayisədə isə 2,6 milyard manatdan çox azalıb ki, buna da əsasən investisiya büdcəsinin ixtisarı təsir göstərib.
Nəticədə də bu və digər amillərin təsiri ilə dövlət büdcəsinin xərclər hissəsinin strukturunda ciddi dəyişikliklər müşahidə olunur.
Belə ki, iqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1 milyard 426,7 mln. manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Qeyd edək ki, ötən ilin 1-ci rübündə eyni təyinatlı xərclərin cəmi xərclərdə payı 33 faiz və ya 1 milyard 380,6 təşkil edib. Göründüyü kimi, Azərbaycan büdcəsi getdikcə daha çox istehlaka yönəlir. Bu isə bütövlükdə büdcə, ayrılıqda isə investisiya xərclərinin azalması hesabına baş verir. Büdcədən ayrılan vəsaitlərin əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri vasitəsilə əsasən istehlaka yönəldilməsi onun uzunmüddətli inkişafa deyil, cari xərcləmələrə meyllənməsi həm də ÜDM-in artım tempini aşağı salır. Ölkədə işgüzar fəallığın artımını təmin edən başlıca mənbələrdən biri olan büdcə mənşəli investisiya layihələrinin maliyyələşdirilməsi sisteminin zəifləməsi həm də yeni iş yerlərinin açılması imkanlarını məhdudlaşdırır.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu ilin 3 ayında büdcə qarşısında vergi ödəyicilərinin cəmi borcları 1,6 milyard manat təşkil edib ki, bu da həmin dövrə olan büdcə gəlirlərinin 43,5 faizini təşkil edib.
Ötən illə müayidədə azalan vergi borclarının yarısı dövlət şirkətlərinin payına düşür ki, bu da vergi intizamının pozulmasının daha çox dövlət şirkətləri üçün xarakterik olmasının göstəricisidir.