​Dollarla bağlı mühüm qərar açıqlandı, banklararası faizlər artdı - HESABAT

 
Yola saldığımız həftə qlobal bazarların maraqla gözlədiyi ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi açıqlandı. Məlum oldu ki, avqustda məşğulluq 151 min artıb. Halbuki, iqtisadçılar məşğulluğun 180 min artacağını gözləyirdilər. Daha bir önəmli hadisə London banklararası kredit bazarında 3 aylıq faiz (LİBOR) səviyyəsinin 2009-cu ildən etibarən maksimal həddə çatması oldu. Hansı ki, bu da riskli sayılır. Rusiya isə “Rosneft”in satışından əldə olunacaq vəsaitləri nəyə sərf edəcəyinin xəyalını qurdu.
 
 
Başlayaq ABŞ-da açıqlanan avqust ayı üzrə məşğulluq göstəricisindən. Avqustda məşğulluq 151 min artıb, işsizlik nisbəti isə 4,9%-də qalıb. İqtisadçılar işsizliyin 4,8%-ə düşəcəyini gözləyirdilər. İyul ayı məşğulluq göstəricisi isə 255 mindən 275 minə yuxarı istiqamətdə dəyişdirilib. FED-in yaxından izlədiyi orta saatlıq maaşlar 0.1% artım ilə gözləntidən aşağı qalıb. Gözlənti 0.2% artım idi.
 
Nəzərə çatdıraq ki, qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarı baxımından da əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabr ayında faiz artırımı ehtimalı 16%-dən 14%-ə düşüb. Dekabr ayı üçün faizlərin artırılması ehtimalı isə 64%-dən 54%-ə enib.
 
Rusiya "Rosneft" şirkətindəki 19,5%-lik dövlət payının özəlləşdirilməsindən büdcəyə 700 mlrd. rub (10,77 mlrd. ABŞ dolları) vəsaitin daxil olacağını gözləyir. İqtisadi inkişaf naziri Aleksey Ulyakayev bildirib ki, "Rosneft"dəki dövlət payı ilə bağlı məsələ həmişə prioritetdir. Çünki o, büdcə üçün çox əhəmiyyətli və qiymətlidir. Bu payın satılması təxminən 700 mlrd. rubl vəsait gətirə bilər ki, bununla da büdcə öhdəliklərinin əhəmiyyətli qismini yerinə yetirmək mümkündür".
 
Bu arada İqtisadi İnkişaf Nazirliyi (İİN) 2016-cı il üçün ÜDM proqnozunu azaldıb. İİN-in proqnozuna əsasən, bu il Rusiyada ÜDM aprel hesabatında nəzərdə tutulduğu kimi 0,2% deyil, 0,6% azalacaq. Nazirlik, həmçinin 2017-2019-cu illər üçün proqnozlarını da azaldıb.
 
Neft qiymətlərindəki artıma, əmək haqqı fondunun artım sürətinə və inflyasiyanın azalmasına baxmayaraq, proqnoz aşağı salınıb. İİN növbəti üç il üçün iqtisadi artım proqnozunu azaldaraq 5,8%-ə salıb. Bu proqnoz neft qiymətləri 50-55 dollar/barel təşkil edəcəyi təqdirdə keçərli olacaq. Eyni dövr ərzində isə dünya iqtisadiyyatının 2,5 dəfə çox, 14,1% artacağı ehtimal edilir.
 
London banklararası kredit bazarında 3 aylıq faiz (LİBOR) səviyyəsi 2009-cu ildən etibarən maksimal həddə çatıb və 0,83% təşkil edib. Analitiklərin fikrincə, banklararası faizlərin artmasının ağır fəsadları ola bilər. Qeyd edək ki, LİBOR bütün dünyada üzən faizli kreditlər üçün baza göstəricisidir. Hazırda belə kreditlərin qlobal kredit bazarında həcmi trilyonlarla dollarla ölçülür. LİBOR-un kəskin artımı isə borcalanların maliyyə vəziyyətinə birbaşa təsir edir, kreditləri bahalaşdırır. Hazırda LİBOR 0,83% olsa da, onun cüzi artımı kredit ödənişlərini milyardlarla dollar artırır.
 
Xatırladaq ki, LİBOR-un cari səviyyəsi 2011-2012-ci ildəki Avrozona bank böhranı zamanı olan həddən də yuxarıdır. Bu da bankların bir-birinə inamsızlığı zamanı baş verir ki, məhz 2008-ci ildə baş verən maliyyə böhranı da LİBOR-un artmasından sonra başlayıb. Ekspertlər LİBOR-un artmasını həmçinin FES-in yaxın gələcəkdə uçot dərəcəsini artırması gözləntiləri ilə əlaqələndirirlər. Digər səbəb kimi isə ABŞ-da oktyabrda gözlənilən pul bazarı fondlarının islahatları göstərilir.
 
İnvestorlar həmçinin "TED-spread", yəni 3 aylıq LİBOR ilə 3 aylıq xəzinədarlıq notları arasındakı fərqin artdığına diqqət çəkirlər. Qeyd edək ki, xəzinıdarləq notları risksiz aktiv, banklararası faiz isə bankların bir-birinə inamını əks etdirir. Beləliklə, "TED-spread"in artması defolt riskinin yüksəlməsinə gətirib çıxarır. Amma, diqqət çəkən digər məqam odur ki, FES-in faizləri artırması səbəbindən LİBOR da, notların da faizləri yüksəlməli idi. Hazırda isə ancaq LİBOR artır. Bu da maliyyə bazarlarında gələcəkdə kreditlərin bahalaşmasına gətirib çıxaracaq.
 
 
Azərbaycan
 
Gəldik çıxdıq bol-bəhrəli öz ölkəmizə...
 
“Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda ABŞ dolları qıtlığının yarandığını bildirib. Qeyd edib ki, dollar qıtlığının artması milli valyuta - manata təzyiqləri yenidən artırıb. Agentlik, belə bir iqtisadi konyunkturanın davam etməsi halında Azərbaycanın suveren reytinqinə mənfi təsirlərin əmələ gələ biləcəyini vurğulayıb.
 
"Moody's" Azərbaycanın suveren reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən "Ba1"-ə endirib, proqnozu isə "neqativ" olaraq müəyyənləşdirib.
 
SOCAR-ın Türkiyədəki ən iri aktivi olan "Petkim Petrokimya Holding A.Ş."-nin səhmləri 2016-cı ilin əvvəlindən kəskin bahalaşıb. İl ərzində holdinqin səhmləri ümumilikdə 62,43% dəyər qazanıb. Son 1 ayda şirkətin səhmləri 5,79% dəyər qazandığı halda, son 3 ayda 19,77%, son 6 ayda isə 40,40% bahalaşıb.
 
Daha bir xoş xəbər Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin artmasıdır. AMB-nin açıqladığı statistikaya əsasən 2016-cı il avqustun 31-ə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 192,5 mln. ABŞ dolları təşkil edib. Bu, avqust ayının əvvəli ilə müqayisədə 0,7% və ya 29,6 mln. dollar çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 42,7% və ya 3 mlrd. 122,9 mln. dollar azalma olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən avqust ayında 9 valyuta hərracı keçirilib. Hərraclarda satışa ortalama 50 milyon dollar vəsait çıxarılıb. Banklar tərəfindən 444,5 milyon dollar valyuta satın alınıb. Hərracların əksəriyyətində 25 bank iştirak edib. Tələbin həcmi ilə bağlı məlumat verilməyib.
 
Müqayisə üçün bildirək ki, iyul ayında 8 hərrac keçirilmişdi. Banklara 500 milyon dollar valyuta satılmışdı. İki hərraca 100 milyon dollar çıxarılmışdı.
 
İyunda isə “neft valyutası” satışı 450 mln. həcmində idi. Neft Fondu bu məqsədlə 2 mlrd. 436,9 milyon vəsait ayırıb. 2016-cı ilin 1-ci rübündə ümumi məbləği 1 milyard 253 milyon dollar həcmində, 2-ci rübdə 1 milyard 183,9 milyon dollar həcmində valyuta satılıb.
 
Neft Fondunun valyuta satışı ölkədə dollara tələbatı qarşılamaq məqsədi daşıyır.
 
Məndən bu qədər...