Dolların “buxovlanması” nə vəd edir?

Ekspertlər bildirirlər ki, hökumət son aylar ərzində bu asılılığın minimuma endirilməsi üçün ciddi qərarlar qəbul edir, ancaq...; Ekspertlər bildirirlər ki, hökumət son aylar ərzində bu asılılığın minimuma endirilməsi üçün ciddi qərarlar qəbul edir, ancaq...
Son vaxtlar ölkədə manatın dollara qarşı məzənnəsi kiçik hissələrlə qalxmaqdadır. Ekspertlər bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Həmçinin bu prosesin yekununda manatın yenidən kəskin şəkildə dəyər itirəcəyi ehtimalları da var. Ekspertlər dolların bu şəkildə ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirlərini də fərqli şəkildə izah edirlər.
Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın məzənnəsi ətrafındakı söhbətlər öz aktuallığını bu günə qədər saxlasa da, əslində onun bu ilin sonuna qədər kəskin dəyişəcəyi gözlənilən deyil: “Bunu əsaslandırmaq olar. Bəzi mütəxəssislərin milli valyutanın məzənnəsində ehtimal etdikləri kəskin məzənnə dəyişikliyi gözləntiləri, ilk növbədə neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə, ölkə iqtisadiyyatının real sektorundan ixracın həcminin aşağı olması ilə izah olunur. Bu gün real sektordan ixracın həcmi kifayət qədər deyil. Lakin son 5-6 il ərzində ayrı-ayrı sahələrdə daxili istehsalın artması hesabına bir çox məhsulların idxalının azalması amilini də nəzərdən qaçırmaq olmaz. Əgər biz hansısa məhsula olan tələbatımızı daxili istehsal hesabına tam və ya qismən ödəməyə başlamışıqsa, deməli, həmin məhsulların ölkəyə idxalını və bununla da ölkədən çıxarılan valyutanın həcmini də azaltmış oluruq. Digər tərəfdən, son 7-8 ay ərzində real sektorun inkişafı istiqamətində hökumətin atdığı addımları və bu sahədəki pozitiv dəyişiklikləri də görməmək olmaz. İnhisarçılığın aradan qaldırılması, gömrük sistemində şəffaflığın təmin edilməsi və bütövlükdə bir ilə qədər vaxt ərzində iş adamlarının, sahibkarların fəaliyyət meydanını münbitləşdirən onlarla qərarların qəbul edilməsi çox mətləblərdən xəbər verir. Bu qərarların bir çoxu artıq öz bəhrəsini verməyə başlayıb. Bunun belə olub-olmadığını bilmək üçün hər kəsə, bu qərarlardan sonra real vəziyyətin necə dəyişdiyini bilavasitə iş adamlarından soruşmağı tövsiyə edirik”.
Ekspertin sözlərinə görə, başqa bir məsələ neft amili ilə bağlıdır: “İqtisadiyyatımız hələ ki neftdən asılılığını istədiyimiz səviyyədə qurtara bilmir. Bu yolda hələ çox işlər görmək lazımdır. Lakin bu gün hökumətin bu istiqamətdə atdığı addımları da dəyərləndirməyi bacarmaq lazımdır. Hökumət son aylar ərzində bu asılılığın minimuma endirilməsi üçün ciddi qərarlar qəbul edir. Gəlin obyektiv olaq. Hər işi öz adı ilə səsləməyi bacaraq. Manatın məzənnəsinin taleyi eyni zamanda bundan sonra dünya bazarlarında neftin qiymətlərinin necə dəyişəcəyi ilə bağlıdır. Son 4 ay ərzində bu qiymətlər 75 faizə qədər arta bilibsə, deməli, bizim ilin əvvəlindən bununla bağlı verdiyimiz proqnozlar tədricən özünü doğrultmağa başlayır. Başqa variant mümkün də deyildi. Neft ölkələri artıq 2 ilə yaxındır ki, neft sənayesinə yatırım etmirlər. Neft sənayesinin necə işlədiyini bilən hər kəsə isə bəllidir ki, burada mütəmadi yatırımlar etmədən hasilatı sabit saxlamaq mümkün deyil. Deməli, bu ilin sonuna qədər neftin qiymətlərində baş verən pozitiv dəyişikliklər davam edəcək. Belə olan halda, neft satışından valyuta gəlirləri bir barel üçün 25 dollar hesabı ilə deyil, bundan ən azı iki dəfə çox olacaq. Bu isə o deməkdir ki, Neft Fondu proqnozlaşdırdığından 2 dəfəyə qədər çox valyuta gəliri əldə edə biləcək. Bu fakt öz-özlüyündə manatın məzənnəsi ətrafındakı narahatçılıqları qabaqlayır”.
F.Yusifov qeyd edib ki, başqa bir məsələ Mərkəzi Bankın manatın tənzimlənən üzən məzənnəsinə müxtəlif formalarda təsir imkanlarının mövcud olmasıdır: “O, bunu ilk növbədə dövriyyədə olan nağd pul kütləsinin həcmini artırıb-azaltmaqla edə bilir. Manatın məzənnəsinin son aylar ərzində sabitləşməsi fonunda Mərkəzi Bank dövriyyədə olan nağd pul kütləsini tədricən artırmağa başlayıb. Pul təklifinin artırılmasını isə iqtisadi dirçəlişin işartılarının başlanğıcı kimi qiymətləndirmək olar. Bütün bu amillər əsas verir ki, bir daha təsdiq edək ki, yaxın dövrlərdə manatın məzənnəsində hər hansı bir kəskin dəyişikliyin baş verməsi gözlənilən deyil”.
Ekspert Qubad İbadoğlu isə musavat.com-a açıqlamasında qeyd edib ki, dolların ucuzlaşmasının təsiri inflyasiyanın aşağı salınmasına ola bilər. Amma qiymətlərin səviyyəsində artım müşahidə olunmaqdadır: «Bu, qeyri-monetar amillərin təsiri ilə baş verir. Bu təsirlə də ölkədə bahalıq baş verir, ərzaq mallarının qiymətini artırır. Antiinflyasiya nöqteyi-nəzərindən müsbət effekt verəcək tədbir kimi qiymətləndirilə bilərdi. Amma məsələ burasındadır ki, bunun daha çox neqativ təsirlər var. Nə qədər ki, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi, bazar tarazlığı formalaşmayıb, bir o qədər də Azərbaycanda investisiya qoyuluşunda tərəddüdlər olacaq. Alıcılıq qabiliyyəti aşağı düşəcək. Bu baxımdan da aparılan buxovlayıcı siyasət və dövriyyədə manat qıtlığının yaradılması ümumi daxili məhsulun aşağı düşməsini bir az da sürətləndirəcək. Ona görə də düşünürəm ki, bu, yanlış siyasətdir. Mərkəzi Bank monetar siyasətə yenidən baxmalı, Azərbaycan iqtisadiyyatının tələblərinə yenidən baxmaqla işgüzar aktivliyi təmin edən alıcılıq qabiliyyətini stimullaşdıran siyasət yeritməyi düşünməlidir".