​Dollardan imtina: dörd ölkə dövriyyəyə yeni valyuta buraxa bilər – ŞƏRH

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə iki ölkə arasında ticarət hesablaşmalarını milli valyutalarla aparmağı təklif edib. Ərdoğan Çin və İrana da hesablaşmaları milli valyutalarla aparmağı təklif etdiyini bildirib: “Təklif etdim ki, Rusiyadan məhsulları rublla alaq, Rusiya isə Türkiyədən aldığı məhsullara görə lirə ilə ödəniş etsin. Həmin təlkifi Çin rəhbərliyinə də etdim. Tərəflər bu təlkifi müsbət qarşıladı. Biz mərkəzi banklarımıza müvafiq göstərişlər verdik, çalışacağıq xarici ticarət əlaqələrimizi bu yola yönəldək”, – deyə Ərdoğan bildirib.
 
R.T.Ərdoğan Türkiyə vətəndaşlarını valyuta ehtiyatlarını qızıla və ya lirəyə çevirməyi təklif edib: “Valyuta təzyiq vasitəsidir. Nəyə görə biz ehtiyatlarımızı təzyiq vasitəsinə çevirməliyik? Xarici valyutanı döşək altında saxlayanlar bu vəsaitləri lirə və ya qızıla çevirməlidirlər. Gəlin milli dəyərlərimizi dəstəkləyək. Bu, Türkiyəyə təzyiq göstərməyə çalışanlara cavab olacaq. Narahat olmayın, itki ilə üzləşməyəcəksiniz”.
 
Bəs, Rusiya və Türkiyə arasında ticarət mübadiləsinin milli valyuta ilə həyata keçirilməsi mümkündürmü? İki ölkə Çin və İranla səylərini birləşdirərək dollar hegomoniyasına qarşı çıxa bilərmi?
 
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, Rusiya ilə Türkiyə ticarət dövriyyəsini milli valyutada həyata keçirsələr belə, bu, dolların mövqeyinə birmənalı şəkildə təsir göstərməyəcək. Onun sözlərinə görə, Rusiya-Türkiyə anlaşmasının dolların zəifləməsinə gətirib çıxara biləcəyinə dair fikirlər var: “Mən güman etmirəm ki, Türkiyə-Rusiya anlaşması dolların mövqeyini zəiflədir. Praktiki olaraq dollar üçün belə bir təhlükə yoxdur. Amma sözsüz ki, ənənə olaraq dollardan imtina edilməsi gələcəkdə daha çox ölkənin dollardan imtina etməsinə psixoloji zəmin yarada bilər. Amma hələlik belə bir zəmin də müşahidə edilmir. Baxmayaraq ki, Rusiya və Türkiyə xarici ticarətdə dollardan imtina etməyə çalışırlar. Amma nəzərə almalıyıq ki, Rusiya ilə Türkiyə arasındakı mövcud ticarət dövriyyəsinin həcmi birmənalı şəkildə dolların məzənnəsinə təsir edəcək iqtisadi gücə malik deyil. Bu gün biz Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinə baxsaq, dövriyyədə azalma olduğunu görə bilərik. Əgər 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 32 milyard dollar idisə, 2014-cü ildə bu rəqəm 31,2 milyard dollara qədər azaldı. 2015-ci ildə Rusiya ilə Türkiyə arasında baş verən böhran nəticəsində iki ölkənin ticarət dövriyyəsi 23,9 milyard dollara qədər aşağı düşdü. Yəni, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi də dolların məzənnəsinə təsir göstərəcək gücdə deyil”.
 
Müsahibimiz həmçinin qeyd edib ki, digər tərəfdən hətta sözügedən ölkələr ticarətin dollarla aparılmasına deyil, milli valyutada aparılmasına razılıq versələr də, bu ölkələrdə olan şirkətlər və əhali yenə də dollardan istifadə edəcək, dollara tələb yüksək olacaq: “Şirkətlər hətta, yerli valyutadan istifadə etmələrinə baxmayaraq, ehtiyatların bir hissəsini dollarla saxlayacaqlar ki, risklərdən sığortalansınlar. Vətəndaşlar dollarla yığımlara üstünlük verəcəklər. Çünki hal-hazırda dünya üzrə yığımların 62 faizdən çoxu dolların payına düşür. Monitorinq imkanları da məhduddur. Çünki hər iki ölkənin dollara ehtiyacı var. Hər iki ölkədə milli valyutaların dəyər itirməsi prosesi müşahidə olunur. Əgər ölkələrin dollara ehtiyacı varsa, milli valyutaların dəyərsizləşməsi prosesi gedirsə, deməli bu razılaşmanın nə qədər uzunmüddətli olması və necə monitorinq edilməsi imkanları da xeyli çətin olacaq. Tarixən belə cəhdlər çox olub, amma dollar güclənməkdə davam edib. Bu baxımdan, hələlik dolların məzənnəsinə təsir edə biləcək yeganə ölkə elə ABŞ-ın özüdür. Amerikalılar isə hələlik möhkəm dollardan məmundurlar”.
 
V.Bayramov qeyd edib ki, Avropa İttifaqında avrodan istifadə edilməsi mümkündür. Belə ki, Avropa İttifaqı iqtisadi baxımdan böyük potensiala malikdir, 450 milyon istehlakçısı və alıcılıq qabiliyyəti yüksək olan birlikdir: “Eyni zamanda dünya üzrə yığımların təxminən 24 faizi avronun payına düşür. Ona görə də Avropa İttifaqı ölkələri birlik daxilində dollardan deyil, avrodan istifadə edə bilirlər. Yeri gəlmişkən, avronun son 2 gündə möhkəmlənməsi daha çox İtaliyadakı seçkilərlə bağlıdır. Amma Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması ABŞ pulunun məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir. Ona görə düşünürəm ki, bu razılaşma hətta icra olunsa da, uzunmüddətli dövr üçün keçərli olmayacaq. Çünki bu ölkələrin ən azı sabit iqtisadiyyata və sabit valyutaya malik olmasına ehtiyac var ki, dollardan imtina edib digər valyutadan istifadə etsinlər”.
 
Bununla belə, ekspert bu təklifin həyata keçirilməsinin praktiki cəhətdən mümkün olduğunu vurğulayıb: “Əgər dövlətlər razılaşsalar, əlbəttə, bu ideyanı həyata keçirmək mümkündür. Amma praktiki cəhətdən atılan bu addımın iqtisadi əsası olmalıdır. Güman edirəm ki, bu qərar iqtisadi deyil, daha çox siyasi qərardır. Nəzərə almaq lazımdır ki, dövlətlərin dollara ehtiyacı varsa, o zaman dollardan imtina etmək problemin həlli yolu deyil”.
 
Bəs, digər ölkələr, o cümlədən Çin və İran kimi ölkələr də bu prosesə qoşulsalar necə? V.Bayramov deyir ki, Çinin bu prosesə qoşulması effekt verə bilər, amma Çinin özünün də dollara ehtiyacı var. Bunun mexanizmini müəyyənləşdirmək çox çətindir. Dollardan imtina ediblər. Amma digər valyutadan da istifadə olunmalıdır. Bu hansı valyuta ola bilər? Avro ola bilər. Avro olduğu halda yenə də xarici valyutaya tələb yaradacaq. Ona görə dollardan imtina etmək də nəticə etibarilə bu ölkələrin dollarlaşma prosesinin qarşısını almır. Bu, ancaq birliklər daxilində mümkündür. Əgər Çin də qoşulursa, o zaman gələcəkdə sözügedən ölkələrin bir iqtisadi birlik yaratmasına, yaxud mövcud Şanxay Əməkdaşlıq Təşkilatına və ya Gömrük İttifaqına üzv olmasına ehtiyac var. Məsələn, Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələr dövriyəyə yeni valyuta buraxa bilərlər. Amma bunun nə dərəcədə effektiv və nə dərəcədə uzunmüddətli olacağını proqnozlaşdırmaq çətindir”.
 
V.Bayramov “Rusiya, Türkiyə, Çin və İran Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində səylərini birləşdirərərk, Avropa İttifaqına alternativ kimi çıxış edə bilərlərmi” sualına cavab olaraq deyib: “İnanmıram. Avropa İttifaqı iqtisadi baxımdan ikinci gücdür. Avropa İttifaqına alternativ yaratmağın mümkün olacağını güman etmirəm. Biz Avropa İttifaqının dünya iqtisadiyyatında payına diqqət yetirsək, görərik ki, sözügedən ölkələr bir araya gələsələr belə, bu, nəticə etibarilə Avropa İttifaqına alternativ yaradılması anlamına gələ bilməyəcək. Nəzərə alsaq ki, Avropa İttifaqının müttəfiqləri ABŞ və inkişaf etmiş digər ölkələrdir. Avropa Statistika Komitəsinin də məlumatına görə, Avropa İttifaqının üzvü olan 28 ölkə dünya üzrə ümumi daxili məhsulun 23,8 faizini verir. ABŞ-ın payı isə 22,2 faizdir. Bu baxımdan ittifaqa alternativ yaratmaq çox çətindir. “Böyük iyirmilik” dünya iqtisadiyyatının 85,2 faizini verir. Amma “Böyük iyirmilk” daxilində ayrı-ayrı ölkələrə, məsələn Çinə baxsaq dünya ümumi daxili məhsulunda payının 13,4 faiz olduğunu görə bilərik. Təbii ki, yüksək rəqəmdir. Amma Çinin də əsas ticarət tərəfdaşı ABŞ və Avropa İttifaqıdır. Çin üçün ABŞ və Avropa İttifaqı çox önəmlidir. Ona görə də indiki məqamda Avropa İttifaqına alternativ yaratmağın mümkün və inandırıcı olduğunu güman etmirəm”.

Загрузка...
Загрузка...