Dollar kreditləri manata çevirilir - Borclulara təklif

 
"Bank of Baku" ASC-nin vaxtı keçmiş kreditlərinin artım tempi zəifləyib və kredit ödənişləri ilə bağlı vəziyyət sabitləşməyə doğru gedir
 
Bu barədə Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib. "Xarici valyutada krediti olan müştərilər üçün təqdim etdiyimiz güzəşt imkanları həm onlara ödənişlərini daha rahat şəkildə icrasına, həm də Bankın problemli kreditlərinin azalmasına imkan yaradıb. Müştəri bu gün kredit borcunu tam olaraq bağlamaq istəsə, 1,45 AZN/USD məzənnəsi ilə bu əməliyyatı icra edə bilər", - deyə İdarə Heyətinin sədri qeyd edib.
 
A.İbrahimov əlavə edib ki, bununla yanaşı, dollar kreditini manata çevirmək istəyən şəxslərə Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə borcun konvertasiyası təklif olunur: "Bu güzəştlərlə müştərilərin məzənnə dəyişikliyindən əziyyət çəkməsinin və eyni zamanda kredit tarixçələrinin korlanmasının qarşısının alınmasına dəstək göstərmək niyyətindəyik".
 
Onun sözlərinə görə, bu tədbirlər nəticəsində "Bank of Baku"nun kredit portfelində dollarda olan istehlak kreditlərinin payı xeyli azaldılıb: "Hazırda kredit portfelinin cəmi 17%-i dollarda olan istehlak kreditlərinin payına düşür".
 
Bank rəhbəri onu da bildirib ki, "Bank of Baku"nun açıq valyuta mövqeyi olmadığına görə, dolların məzənnəsinin artmasından birbaşa ziyan çəkmir.