​Dollar krediti olanların ağır günləri başlayır - TƏFSİLAT

 
2014-cü ilin dekabrında İnkişaf üçün Maliyyə bank olmayan kredit təşkilatından dollarla kredit götürdüm. Mən krediti manatla istəmişdim, amma onlar dollarla verdilər. 3 min dollar götürmüşdüm. 2015-ci ilin fevralında birinci devalvasiyadan sonra ödəniş edə bilməyəcəyimi görüb banka müraciət etdim ki, krediti manata çevirsinlər, etmədilər”.
 
Bunu Politika.Az saytına açıqlamasında adıçəkilən BOKT-un müştərilərinsən biri deyib. O daha sonra qeyd edir: “Sonrakı aylarda çətinliklə də olsa köhnə kursla ödəməyə davam etdim. Bilirsiniz ki, devalvasiyadan sonra əməkhaqları artmadı, amma ciddi qiymət artımları oldu. Ötən ilin sonuncu ayında yenidən devalvasiya oldu və dollar daha da bahalaşdı. Yanvarda mən ölkədə deyildim, qalıq borcumun təxminən yarısı qədər pulu göndərdim dostuma, getdi İnkişaf üçün Maliyyəyə, xahiş etdi ki, həmin vəsaiti ödəniş kimi qəbul edib yerdə qalanı da manata çevirsinlər. Onu da etmədilər. İndi mən işləmirəm, işimi də itirdim, hərdən xaricdən bəzi xırda-para mal gətirir satırdım, ondan da əlim üzülüb. BOKT isə zaminə zəng edib bildirib ki, məhkəməyə müraciət olunacaq və zaminin maaşından çıxılacaq kredit. Heç bir anlaşmaya getmək istəmirlər, elə deyirlər ödə”.
 
Politika.Az xəbər verir ki, bu durumda olan bank müştərilərinin sayı həddən artıq çoxdur və durmadan artır. Təsadüfi deyil ki, problemli kreditlərin həcmində kəskin artım var. Belə ki, ölkədə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,3% və yaxud 4,4 mln. manat çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9%, illik müqayisədə isə 18% artıb.
 
Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət avqustun sonunda da 9,5%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin sentyabr ayının sonunda isə 7,1% olub.
 
Belə bir vaxtda dollar kreditlərinə güzəşt olub-olmayacağı yenidən gündəmdədir. Üstəlik, Tarif Şurasının son bahalaşma qərarından sonra bu sahədə durumun daha da ağırlaşacağı, dollarla kredit götürən insanların daha ağır duruma düşəcəyi sirr deyil.
 
Politika.Az xatırladır ki, 2017-ci ilin büdcə layihəsi artıq açıqlanıb, orada dollar kreditlərilə bağlı güzəşt üçün heç bir bəndin nəzərdə tutulmadığı aydındır.
 
Lakin millət vəkili, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, nəzərə alınmalıdır ki, banklar onsuz da kreditləri yüksək faizlə veriblər: “Müəyyən orqanların rəhbərləri ilə də, bank rəhbərləri ilə də danışıqlarım olub. Onlar deyirlər ki, vəsaiti hökumət versin, həmin vəsaitlə kredit məsələsini həll edək. Mən bildiyim odur ki, bu məsələ həll edilməlidir. Bizi maraqlandırmır, bunu dövlət öz fondundan verəcək, Mərkəzi Bank öz fondundan verəcək və ya banklar öz fondlarından verəcək. Bu vəsait tapılmalıdır. Bu, əhali üçün çox əhəmiyyətli məsələdir. O istehlak kreditlərini götürənlər aşağı təbəqənin nümayəndələridirlər”.