Dollar alanın da, satanın da razı qaldığı ''qara bazar''- banklardan sərfəlidir

Bu ilin əvvəlindən başlayaraq Bakıda dollar alanın da, satanın da dərdi var. Həftə içi dollar satmaq və ya almaq istəyənlər banklara üz tutsa da həftə sonları ciddi şəkildə problemlər yaranır.
Bankların həftə sonu işləməməsi, valyutadəyişmə məntəqələrinin isə bu ilin yanvar ayında lisenziyalarının ləğv edilməsi və bağlanması səbəbindən həm vətəndaşlar, həm də turistlər çox ciddi problemlərlə üzləşirlər.
Artıq Bakı sakinləri bu problemə alışmağa, çıxış yolu tapmağa başlayıblar. “Qara bazar”dan xəbərdar olan Bakı sakinləri ən pis halda dollar alverçilərinə üz tutub təcili olan işlərini yoluna qoya bilirlər. Lakin bu halda ən çox əziyyət çəkənlər isə turistlər olur. Bu təcrübəni elə mart ayında yaşadıq. Bir həftəlik tətil üçün Bakıya üz tutan turistlərin dolları əllərində qaldı. Onlar ya alverçilərin, ya da özlərinin müəyyən etdikləri  məzənnə ilə dollarla ödəniş qəbul edən sahibkarların qurbanı oldular. Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnədən xeyli aşağı dollarını satan turistlər üçün bu, Bakıda acı xatirəyə çevirildi.
Həmin ərəfədə bir neçə bankın valyuta dəyişmə məntəqələri bayramdan 1-2 gün sonra fəaliyyətə başlasa da bu, turistlərin problemini aradan qaldırmadı. Çünki alış-veriş mərkəzlərində, otellərdə, əyləncə mərkəzlərində olan turistlərin Azərbaycan manatı alması üçün hansısa bir banka üz tutmasını onlarda tələb etmək heç də etik deyil. Lakin mövcud vəziyyət budur. Əks halda turist öz xarici valyutasını alverçilərin təklif etdiyi- ucuz qiymətə satmaq məcburiyyətində qalır.
“Qara bazar” banklardan daha sərfəlidir…
Valyuta dəyişmə məntəqlərinin bağlandığını qeyd etsək də onu da bildirək ki, həmin məntəqələrin bəziləri gizli şəkildə fəaliyyət göstərir. Bunlardan əlavə dollar alverçilərinin olduğu bir neçə məkan da məlumdur. Əslində bunun adı nə qədər də “qara bazar” adlandırılsa da, alan və satan bundan razıdır.Çünki indi vəziyyət elə dir ki, həftə sonu çıxılmaz vəziyyətdə qalanlar “qara bazar”a və “exchange”lərə üz tuturlar.
Açıq olan məntəqələr və “qara bazar” xarici valyuta alan və satanların dərdinə dərman olduğu kimi, həm də sərfələdir. Yəni, “qara bazar”da dolları baha satıb, ucuz da almaq olur. Həmçinin digər xarici valyutaları da.
Məsələn, elə bu həftənin sonuncu iş gününə qədər banklarda dolların alış qiyməti ən yüksən halda 1.495 manat idi. Satış qiyməti isə 1.511-1.531 arasında dəyişirdi. Lakin “qara bazar”da dolların alış qimyəti 1.50 manat və nisbətən yüksək idi. Elə indi də qiymətlər bu şəkildə qalmadadır. Satış qiyməti isə 1.51 manata təklif olunur.
Avronun alış qiyməti banklarda 1.61-1.63 arasında dəyişir. Satış qiyməti isə 1.69-1.72 manata təklif edilir. Avronun da alış və satışı banklara nisbətən “qara bazar”da daha sərfəlidir.
Rus rublunun alış qiyməti banklarda ən yüksək halda 0.0215 olduğu halda “qara bazar”da bu qiymət 0.225 manat və daha yüksəkdir.
Qeyd edək ki, AMB iyunun 6-na dolların rəsmi məzənnəsini 1,4994 olaraq müəyyən edib. İyunun 3-də isə məzənnə 1,4964 manata bərabər idi.