DOKTORLARI SÖYMƏYİN, BU SİZİN DƏ ZİYANINIZADIR!

Sosial şəbəkələrdə müxtəlif ünvanlı və çeşidli təhqir, həqarət, insanları aşağılamaq kimi neqativlərin bolluğu ilə indi heç kimi təəccübləndirə bilməzsən. Hərçənd ki,  bu şəbəkələrdə maarifləndirici, ağıllı və elmli statuslar da  yazılır və elə şəbəkə istifadəçilərinin əsil qazancı bu cür məlumatları özününküləşdirməkdən ibarətdir. Təəssüf ki, virtual azadlığın hüdudsuzluğu bir çox hallarda məsuliyyəti və azadlığı dəyərləndirmək imkanları məhdud olanlar üçün söyüş meydanına çevrilir. İndi haqqında yazacağım hadisə də məhz bu qəbildəndir.
Feysbukdakı panelə baxan kimi bu dəfə hədəfdə həkimlərin olduğunu gördüm. Baxdım ki, hətta istinad üçün hansısa internet qəzetinin yazısı da var. Hədəf kimi seçilən tanınmış ürək cərrahı Rəşad Mahmudov sən demə, ona müraciət etmiş pasientlərindən birinə diaqnozu yanlış qoymuş, cərrahi müdaxilənin çox riskli olduğunu bildirərək bundan imtina etmişdir. Xəstə isə Türkiyədə sağlığına qovuşmuşdur. Əksər statuslarda oxucuya bu iki cümləlik məlumatı belə vermədən bu hörmətli doktorun özü, ardından isə bütün Azərbaycan həkimləri “qəssab”, “savadsız”, “tamahkar” və s. epitetlərlə bəzədilir. Arxasında şərh yazanlar isə status müəllifinİ söyüş yarışında ötməyə sanki can atırlar.
Niyə?! Nəyə görə?! Nə baş verib?!
 Bəyəm həkim insan deyil, səhv edə bilməz?! Məsələnin tam təfərrüatına varmadan onu deyim ki, istənilən bir həkimin, dünyanın istənilən ölkəsində heç yanılmamaq şansı sıfıra bərabərdir. Hər il dünyanın ən inkişaf etmiş ölkəsi olaraq ABŞ-da həkim səhvləri ilə bağlı böyük statistikalar dərc olunur. Həkimlər özləri hansı hallarda səhv etdiklərini elan belə edirlər. Amma heç kim öz ölkəsinin həkimlərini qəssab, quldur və s. yaramaz ifadələrlə təhqir etmir. Nəyə görə?! ABŞ və qərb ölkələrinin insanı belə geridə qalandır? Xeyir! Ona görə ki, onlar azadlıqdan sui istifadənin, köləlik qədər ziyanlı olduğunu çox yaxşı bilirlər. Və bir də, onlar minlərlə insanın həyatını qurtaran həkimlərin də səhv etməmək kimi bir superinsan qabiliyyətinə malik ola bilmə imkansızlığını dərk edə bilirlər. 
Mən bilirəm ki, insanımızı qıcıqlandıran əsas amilin bizim ölkəmizdə hamının normal, babat səhiyyə xidmətinə əliinin çatmamasıdır. Bəli, bizim səhiyyə sistemimiz də yarıtmazdır. Ölkədə əksəriyyətin keyfiyyətli tibbi yardım alması bu sistemlə  mümkün deyil. Hazırkı səhiyyə sistemi ilk növbədə  öz işini yaxşı bilən, savadı və insani keyfiyyətləri yerində olan həkimlər üçün bir əzab, mənəvi işgəncə məkanıdır. Bu sistemin davam etməsinin isə günahkarı təkcə səhiyyə işçiləri deyil, biz hamımız günahkarıq.
Bu gün cəmiyyətdə faydalı meylləri dəstəkləmək, və ya onları yaratmaq əvəzinə, nifrət və söyüş püskürməklə məşğul olanlar isə ilk növbədə günahkardır.  Çünki normal, sürətli islahatlara açıq, demokratik və inkişaf etməyə can atan bir ölkə, sistem və quruluş qurmaq üçün səy göstərməmişik, göstərmirik. Əksinə yeri gəldi gəlmədi hamıya lağ etmiş, indiki kimi başqalarını axmaq, özümüzü ağıllı hesab edərək ictimai yükümüzdən imtina etmişik, edirik.
Qayıdaq, konkret müzakirə olunan məsələyə. Nə baş verib?! Doktor Rəşad Mahmudov minlərlə pasiyentindən birinə nisbətən az diqqət göstərib, və ya hansısa səbəbdən xəstənin diaqnozunda, əməliyyat risqinin qiymətləndirilməsində yanlışlığa yol verib. Allaha çox şükür ki, özü burada əməliyyat etməyib. Etsə, nəticə də pis olsa idi, mərəkənin böyüklüyünü təsəvvür etmək elə də çətin deyildi. İndi siz deyin, kimsə daha cavan və təcrübəsiz cərrah belə risklərə bu cür ictimai rəy şəraitində bundan sonra necə cəhd edəcək?! İnsan sağlamlığını qaytarmaq bəzi hallarda digər peşə sahiblərinin anlaması mümkün olmayan dərəcədə müşkül, mümkünsüz olur. Belə hallarda həkimin ürəkli və qətiyyətli olması üçün ətrafdakıların, cəmiyyətin dəstəyi olduqca mühümdür, cənablar!
Həkimləri qınayarkən diqqətli olaq! Diqqət edək, ona görə ki, məsuliyyətsizcəsinə bir həkimi, bəzən də bütün həkimləri bir hadisəyə görə ağlasığmaz sözlərlə ittiham və təhqir edərkən, gələcəkdə sağlamlığına qovuşacaq neçə xəstənin hüququna da qəsd etmiş oluruq.
Lazımsız neqativ emosiyaları insanlara yükləməkdən, hay-küyçülükdən, qaraguruh olmaqdan da əl çəkməyin vaxtıdır!
 
P.S. Söhbət gedən yazılarda Rəşad Mahmudovun deputatlığına da eyham vurulub, az qala onu bu vaxtadək olan bütün siyasi əyriliklərin həmmüəllifi kimi təqdim etməyə çalışılıb. Əlbəttə ki, Azərbaycandakı sonuncu parlament seçkilərini şəxsən izləmiş, bu sahədə təcrübəli birisi kimi, bizim “seçki standartları”na görə xəcalətindən həmin məşum seçki günlərində on dəfələrlə yerin altına girib çıxan adam kimi sizdən bir daha soruşmaq istəyirəm: Əgər tam normal seçki keçirilsəydi, Astaradan Rəşaddan daha çox səs toplayan olardımı?! Və ya onun indi oturduğu deputat kürsüsündə mütləq, üçüncü dərəcəli piylənmə və vicdan atrofiyası diaqnozu ilə xəstə olan birimi oturmalı idi?! Biz nə istəyirik?! Yaxşılığa doğru dəyişiklik istəyiriksə, yaxşıların qədrini bilməli deyilikmi?!      
  
Həsrət Rüstəmov