Doğum evlərinə “körpə qutuları” qoyulacaq - Dövlət Komitəsi münasibət bildirdi

 
Ötən gün Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi-49 ünvanda, binanın qarşısına  məişət tullantıları qutusunda Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Körpə aidiyyəti üzrə təhvil verilib.
 
Bu cür hadisələr vaxtaşırı baş verir. Yeni doğulmuş körpələr küçələrə, xəstəxana həyətinə atılır.
 
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin ölkələrarası övladlığa götürmə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə Teleqraf.com-a açıqlama verib.
 
Onun sözlərinə görə, valideynlər əsasən xəstə uşaqları atıb gedirlər: “Bəzən də ana özü xəstə olur, körpəni doğum evində qoyur,  yaxud harasa atır. Araşdırmalarımız göstərir ki, uşaqlar daha çox xəstə olanda valideynləri ondan imtina edir. Xəstə uşaq böyütmək, ona baxmaq valideynə çətin görünür”.
 
Komitə rəsmisi deyir ki, valideyn himayəsindən məhrum uşaqlar dövlətin nəzarətinə götürülür: “Atılan uşaq harada aşkar olursa, dərhal həmin ərazi üzrə icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən qəyyumluq və himayəçilik orqanına məlumat verilir. Orqan ilkin qeydiyyat aparır. Uşaq 3 yaşa çatmayıbsa, mərkəzləşdirilmiş qeydiyyat Təhsil Nazirliyi, həmin yaşdan yuxarıdırsa qeydiyyatı Səhiyyə Nazirliyi tərəfindən aparılır. Sonda ümumi qeydiyyatı Ailə Qadın Üzrə Dövlət Komitəsi aparır”.
 
Tural Hüseynzadə qeyd edib ki, bəzi ölkələrdə rast gəlinən "körpə qutuları"nın ("baby box") Azərbaycanda tətbiqi hələlik gündəmdə deyil: “Gələcəkdə isə belə bir tətbiq nəzərdə tutulub. Çünki bu müsbət haldır. Biz beynəlxalq təcrübədən yararlanırıq”.
 
Qeyd edək ki, bir çox ölkələrdə doğum evlərində xüsusi qutular ("baby box") yerləşdirilir. Hansı ana yeni doğulan uşağını istəmirsə, körpəni qutuya qoyur. Uşağı qutuya yerləşdirən kimi işıqlandırma və isitmə sistemi işə düşür. Həmin vaxt valideynə qərarından dönməsi üçün 30 saniyə vaxt verilir. Qərarı dəyişmirsə qutu bağlanır. Siqnal çalınır və doğum evinin işçiləri uşağı oradan götürürlər. Uşağını atan ananın kimliyi gizli saxlanılır.

Загрузка...
Загрузка...