​“Dəmirbank” ləğv edildi: əmanətlər necə qaytarılacaq?

Baxış sayı: 
151

“Dəmirbank”ın bağlanması gözlənilən qərar idi. Çünki artıq xeyli müddət idi ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi.
 
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bankların sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanmasını təklif etmələrinə baxmayaraq, Palata tərəfindən bu istiqamətdə hələlik real addımlar atılmayıb:
 
“Yeni bir bankın müflis elan edilməsi bank sektoruna inamın azalması kimi mənfi təsirlərlə yanaşı, bankların konsolidasiyasının, demək olar ki, mümkün olmadığından xəbər verir. Halbuki konsolidasiya prosesi dəstəklənməli və eləcə də belə bankların sağlamlaşdırılması müflis elan olunmaların və xüsusən də bank sektoruna olan inamın azalmasının qarşısını alar. Müflis olan bankların sayı artdıqca, qorunmayan əmanətlərin qaytarılması şansları azalır. Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Fondun məlumatına görə, əvvəl müflis elan edilən 11 bank üzrə 747 milyon 938 min manat kompensasiya ödənilib. Bu, yaxşıdır”.
 
Qorunmayan əmanətlərin taleyinə gəlincə, iqtisadçının fikrincə, müflis olan bank onu qaytarmaq öhdəliyi götürüb və həmin puldan istifadə edərək gəlir əldə edib:
 
“Müflis olunduqdan sonra isə qorunmayan əmanət sahibinə qaytarılmır. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənilməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir. Bütövlükdə isə son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara və eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var”.
 
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.
 
Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.

Загрузка...
Загрузка...