Dələduzluğa görə tutulan jurnalist: “Humanitar yardım edirdim”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən  jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Abuzər Cəfərov ittiham üzrə özünü təqsirli bilməyib.
Prosesdə zərərçəkən şəxs qismində Şamaxı rayon sakini İslam İslamov çıxış edib. O, ifadəsində Abuzər Cəfərlini tanışı Tapdıq vasitəsi ilə tanıdığını deyib: “Rayonda çayxanada oturmuşduq. Tapdıqa dedim ki, uşağa iş tapa bilmərəm. Tapdıq şəhərdə bir tanışı olduğunu, lazımı yerlərə işə düzəldə bildiyini dedi. Oğlumu dövlət orqanında işə düzəldəcəkdim. Tapdıqla Abuzərə zəng elədik. Dedi, işi həll edəcəm. Bakıya getdik. Qarayev metrosunun yaxınlığında görüşüb, Göyçay kafesinə girdik. Yeyib içəndən sonra stolun üstünü 3000 min manat qoydum. Şamaxıya qayıtdım. Yolda Abuzər zəng elədi ki, puldan 100 manat əskikdi. Dedim, yəqin sayanda səhv olub, düz-qoş edərəm. Oğlumu dəfələrlə Bakıya çağırıb ki, guya alınmır. Bir dəfə oğlumla 500 manat, birində isə 100 manat göndərdim. Üstündən neçə aylar keçsə də, iş düzəlmədi. Abuzər telefonunu söndürdü. Tapa bilmədik”.
 Prosesdə digər zərərçəkən Zahid Xəlilov ifadə verib. O, ifadəsində Abuzər Cəfərlini qohumu İslam İslamovun vasitəsi ilə tanıdığını deyib: “Yasda İslama dedim ki, uşaq əsgərdən gəlib, iş tapa bilmirəm. O da Abuzərin adını verdi. Telefonla danışdıq. 2500 manat pulu Şamaxı avtovağzalında verdim. Nə iş düzəldi, nə də pul qayıtdı. Biz bu şəxsin tutulmasını yox, pulumuzu istəyirik”.
Prosesdə şahid qismində İslam İslamovun oğlu İntizam Xəlilov ifadə verib.
Təqsirləndirilən şəxs Abuzər Cəfərov qısa çıxış edib. O, ifadəsində bildirib ki,heç kimə qarşı dələduzluq etməyib. Bir jurnalist kimi vətəndaşlara "humanitar yardım" edib.
Məhkəmə prosesi  mayın 13-ə  qalıb.
Qeyd edək ki, jurnalist Abuzər Cəfərov keçən il Şamaxıda tutulub. Onun barəsində 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. O, bundan qabaq da məhbusluq həyatı yaşayıb.