Dələduz məmur məhkəmə qarşısında - aptek, sex açır, işə adam düzəldirmiş…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bahadur Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə hakim Rasim Sadıxovun sədrliyi ilə ilkin baxış iclası keçirilib.
Musavat.com-un verdiyi xəbərə görə, əvvəlcə dövlət ittihamçısı ittiham aktını elan edib. Dövlət ittihamçısı bildirib ki, B.Eyvazov 2003-2011-ci illər ərzində Gülayə Salmanova, Yeganə Salmanova və Azər Əsədovdan külli miqdarda pul alaraq mənimsəyib.
İttihamda qeyd edilib ki, B.Eyvazov Gülayə Süleymanovanı və Azər Əsədovu işə düzəltmək, Yeganə Salmanovanı aptek açması üçün lisenziya təşkil etmək adı ilə aldadıb, onlardan külli miqdarda pul alıb.
Dövlət ittihamçısından sonra söz verilən B.Eyvazov ittihamları qəbul etmədiyini, aldığı pulları iş qurmaq adı ilə aldığını və çox hissəsini də geri qaytardığını deyib.
B.Eyvazov əvvəlcə 20 il “Bakı Kimya Əczaçılıq” zavodunda birgə işlədiyi Gülayə Süleymanovadan aldığı pulların taleyindən danışıb: “Gülayə xanımla yaxın dost münasibətimiz olub. Mən tənzif istehsal etmək üçün sex açırdım. 2003-cü ildə Gülayə xanıma təklif etdim ki, şərik olaraq vəsait qoysun. Buna görə, 1500 dollar aldım. Sonra ayda 100 manat olmaqla geri qaytardım. 2006-cı ildə işi böyütmək üçün Gülayə xanımdan 3500 manat aldım. Bundan sonra ayda 200 manat qaytarırdım. Amma 2007-ci ildə ittihamda deyildiyi kimi, Gülayə xanımdan SOCAR-a işə düzəltmək üçün 2200 manat almamışam. Pulu işi böyütmək üçün almışam. Sonra da qaytarmışam. 2011-ci ildə gürcüstanlılarla dərman biznesi qurmaq üçün Gülayə xanımdan 12 min manat almağım da yalandır. Ancaq sexin işi üçün 4 min pul almışam. O pulu xammala vermişəm, istehsal edib satandan sonra həmin pulu qaytarmışam”.
Sexinin indiki taleyindən danışan B.Eyvazov 2010-cu ildə qəzaya düşdüyünü və işlərinin dayandığını deyib.
O bildirib ki, indi Gülayə Sülüeymanova həmin illər ərzində qazanılan gəlirdən payını istəyir.
Bahadur Eyvazov Yeganə Salmanova və Azər Əsədovun ittihamlarını da qəbul etmədiyini bildirib: “Mən Yeganə xanımı Gülayə xanıma görə tanımışam. Aptek açmaq işi üçün də məsləhət vermişəm. Pul alamamışam. Azər Əsədovdan isə pulu işə düzəltmək üçün almışam. 3 min manat aldım. Razılaşdıq ki, işi qurandan sonra qazancını götürəcək. İndi Azər hesablayıb ki, mən ona bu illər ərzində 17 min manat verməliyəm. Ancaq 3 min manat almışam. İşlərin dayandığından verə bilmədim”.
Təqsirləndirilən şəxsdən sonra zərərçəkmiş kimi tanınan şəxslər ifadə verib.
Gülayə Salmanova ifadəsində deyib ki, Bahadur Eyvazovu uzun illərdir tanıdığı üçün ona inanıb və bu qədər pul verib: “Tənzif sexi açacaqdı. Məndə pul olduğunu bilirdi. Təklif edəndə imtina etmədim. 1500 dollar verdim. Nərimanovda evimi satmışdım. Pulum olduğunu bilirdi. Hər gün zəng edirdi ki, “moyka” açaq, obyekt tikək, torpaq alaq. Xətai icra hakimiyyətində tanışının olduğunu, pul olsa, yaxşı iş görəcəyimizi deyirdi. Özü də Nizami bələdiyyəsində sədr müavini işləyib. Bacımdan 3500 manat alıb verdim. Obyekt açmaq üçün. 9200 manat da Gürcüstandan dərman gətirmək adı ilə aldı məndən. Aldığı pulların az bir hissəini qaytardı. Onu da 100, 200 manat verərək. Zavoddan çıxanda 2200 manat da aldı ki, SOCAR-a işə düzəldəcəm. Yenə də aldatdı. Axırıncı dəfə sənəd gətirdi ki, bankdan 56 min götürüb, borclarını qaytaracam. Sonra aradan çıxdı. Mənə deyirdi ki, səni aldatsam, Allah başımdan vurar”.
Yeganə Salmanova ifadəsində Bahadur Eyvazovu Gülayə Salmanova vasitəsi ilə tanıdığını və ümumilikdə 20 min manat verdiyini dedi: “Əvvəl 10 min aldı, 3 ay sonra təkrar 10 min istədi. “Avromed”dən lisenziya alacaqdı. Ancaq xəbər çıxmadı. Firmaya gedəndə öyrəndim ki, pulu ödəməyib”.
Digər zərərçəkən Azər Əsədov da ifadə verərək 22 min manatının ondan necə alınmasını izah edib: “Əsgər yoldaşım vasitəsi ilə Bahaduru tanımışam. Özüm hərbi qospitalda işləmişəm. Təqaüdə çıxdıqdan sonra iş axtarırdım. Bahadur öz sexinə məni menicer düzəldəcəyini dedi. Əvvəlcə 30 min istədi, amma razılaşmadım. Sonra 25 min dedi. Mən isə 17 min verdim. Bir müddət sonra 5 min manat. Qalanına imkanımın çatmadığını dedim. Razılaşdıq və sonra maaşımdan tutacağını dedi. Bir ay keçdi. Nə maaş aldım, nə də pulumu verdi”.
Məhkəmə prosesi mayın 24-də davam etdiriləcək.