DİQQƏT: Məcburi köçkünlərə verilən evlər geri alınır

 
2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin əlindən alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi.
Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra bərpa ediləcək.
Turkustan.info xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən məsələyə rəsmi münasibət bildirilməsə də, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Modern.az-a bu barədə məlumat verib.
O deyib ki, həmin qərarla bağlı icra mexanizmləri tam olaraq həyata keçirilməyib:
“Bəzi qəsəbələrdə evlər məcburi köçkünlərin əlindən alınaraq ehtiyacı olan məcburi köçkünlərə verildi. Məsələ burasındadır ki, qərar yalnız bir neçə qəsəbədə bir neçə ailəyə şamil edildi.
Elə məcburi köçkünlər var ki, paytaxtda və digər ərazilərdə mənzil sahibidirlər, amma məcburi köçkün kimi hər hansı bir qəsəbədə də qeydiyyatdadırlar. Bu baxımdan onlara da dövlət tərəfindən ev verilib. Çox vaxt həmin evlərin ya qapısı bağlı qalır, ya da başqa şəxslər həmin evlərdən istifadə edir. Bir çox məcburi köçkünlər isə olduqca ağır vəziyyətdə yaşayırlar”.
V.Qədirov qərarın tam icrasının tərəfdarıdır:
“Bizim kifayət qədər məcburi köçkünlərimiz var ki, onların şəraiti normal deyil. Elə köçkünlər də var ki, onların şəhərin bir neçə yerində evləri var. Hətta köçkün kimi yeni salınan qəsəbələrdə də mənzil sahibidirlər. Arzu ediləndir ki, hər bir məcburi köçkün yeni salınmış qəsəbələrdə evlə təmin olunsun. Yüksək imkana malik məcburi köçkünlərdən isə anlayış göstərmələri, ehtiyacı olanların həmin mənzillərdə yaşamasını təmin etmələrini istərdim”.

Загрузка...
Загрузка...