Diqqət: dekoderləri baha almayın - Nazirlik

 
Analoq yayımının dayandırılması ilə bağlı əhaliyə kömək məqsədilə poçtlarda yardımçı tədbirlər həyata keçirilir.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a bildirilib ki, uzun müddətdir ayrı-ayrı şirkətlər tərəfindən qəbuledici avadanlıqlar radioelektron malların satış məntəqələrində müxtəlif qiymətlərlə əhaliyə təklif olunur. Əhalinin hər hansı məişət qurğuları ilə təmin olunması nazirliyin səlahiyyətlərinə aid deyil.
 
"Azərpoçt" tərəfindən poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı isə əlavə, yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınması və əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Bu işlər tələbata uyğun olaraq "Azərpoçt" tərəfindən davam etdirilir.
 
Analoq televiziya yayımından rəqəmli televiziya yayımına keçidin zəruriliyi yarandığından 2006-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqında bu məsələlər müzakirə edilib və dünya ölkələrinin bu keçidə hazırlığı nəzərə alınaraq 2015-ci ildə rəqəmli yayıma tam keçilməsi və analoq yayımının dayandırılması üzrə bütün üzv ölkələr öhdəlik qəbul edib. Bu öhdəliyə görə, 2015-ci ildən sonrakı dövrdə davam edəcək analoq televiziya yayımı üçün informasiya təhlükəsizliyinin qorunması ilə bağlı kənar müdaxilələrə beynəlxalq səviyyədə baxılmır.
 
Azərbaycan ərazisində televiziyaların rəqəmli yayımlanması texnoloji prosesdir. Digər sahələrdə olduğu kimi, televiziya yayımında da son standartlar tətbiq edilməlidir. Bütün əhalinin televiziya proqramlarını vahid, yüksək keyfiyyətdə izləməsi təmin olunmalıdır.
 
Azərbaycanda rəqəmli televiziya yayımına keçid prosesi 2004-cü ildən başlanıb. Bir neçə il test yayımı aparılaraq 2011-ci ildən bütün respublika ərazisində rəqəmli yayım şəbəkəsinin qurulması prosesinə start verilib. 2014-cü ildə şəbəkənin qurulması başa çatdırılıb və ilk olaraq həmin ilin dekabrında Naxçıvan Muxtar Respublikası ərazisində analoq yayım tam dayandırılaraq rəqəmli şəbəkəyə keçirilib.
 
Bütün bu dövr ərzində, əsasən də son bir neçə ayda ictimaiyyət daim maarifləndirilib. Milli Televiziya və Radio Şurasının müvafiq qərarına uyğun olaraq, noyabrın 1-dən Bakı və Abşeron ərazisində, dekabrın 1-dən isə respublikanın digər ərazilərində analoq yayımının dayandırılması barədə əhali məlumatlandırılıb.