Dilqəmlə Şahbazın məsələsinin BMT-də qaldırılması ciddi uğurdur” - MÜSAHİBƏ

 
 
Ermənistan hökuməti noyabrın 23-24-də BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin (CAT) 59-cu sessiyasında BMT-nin İşgəncələr Əleyhinə Konvensiyası üzrə dövri hesabatını təqdim edib. Azərbaycan qeyri-hökumət təşkilatı – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) Ermənistanın hesabatına alternativ hesabat təqdim edib. Hesabatın bir hissəsi azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan davranış və cəzaya həsr olunub. Həmçinin, girovlardan birinin qətlə yetirilməsindən bəhs olunub.
 
Liqanın İcraiyyə Komitəsinin sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovla söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq.
 
– Sahib bəy, Cenevrədə keçirilən müzakirələrlə bağlı ətraflı məlumat verməyinizi xahiş edirik…
– Həm Azərbaycan, həm də Ermənistan BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının iştirakçısıdır. Dövlətlər konvensiyanın nəzarət orqanı olan İşgəncələr Əleyhinə Komitədə hər 4 ildən bir hesabat verməlidir. Məsələn, bizdə Azərbaycan Prezidentinin sərəncamı ilə dövlətin rəsmi nümayəndə heyəti yaradılır. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir. Nümayəndə heyətinə baş prokurorun birinci müavini, güc nazirliklərinin müavinləri, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Miqrasiya Xidməti və sair dövlət orqanlarının rəis müavinləri daxildir. Təxminən eyni qayda üzrə Ermənistan dövlətinin nümayəndə heyəti formalaşır. Ermənistan nümayəndə heyətinə ədliyyə nazirinin müavini Artak Asatryan rəhbərlik edir. Nümayəndə heyətləri dövlətin mövqeyini əks etdirən hesabat hazırlayır və Cenevrəyə gedib orda hesabat verirlər. İngilislər buna “examination”, yəni imtahan prosesi deyirlər. Bildiyiniz kimi, İşgəncələr Əleyhinə Komitənin üzvlərini BMT Baş Assambleyası seçir. Onlardan biri hesabat verən ölkə üzrə məruzəçi olur. Dövlətin məruzəsi təqdim olunduqdan sonra İşgəncələr Əleyhinə Komitənin təyin etdiyi üzv-məruzəçi müvafiq ölkə üzrə hazırladığı məruzəni təqdim edir. Bundan sonra komitə üzvləri hesabat təqdim edən dövlətə bənd-bənd suallar verirlər. Onu da deyim ki, komitə üzvləri, ümumiyyətlə BMT-nin müqavilə orqanının üzvləri hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, heç bir ölkəni təmsil etmirlər. Onlar müstəqildirlər. Bir də maraqlı tərəflər – QHT-lər, Ombudsman institutları, insan hüquqlarını müdafiə edən təşkilatlar dövlətin hesabatlarına əks hesabatlar təqdim edirlər.
 
Ermənistan QHT-ləri artıq neçə vaxt idi ki, Azərbaycan dövlətinin təqdim etdiyi hesabatlara alternativ hesabatlar təqdim edirdilər. Biz də onların iki – Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Konvensiya və İşgəncələr Əleyhinə Konvensiya üzrə hesabatlarına alternativ hesabatlar təqdim etmişdik. Birinci hesabat Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi üzrə Komitəyə (CEDAW), digəri isə İşgəncələr Əleyhinə Komitəyə verilib. İşgəncələr Əleyhinə Komitəyə verdiyimiz hesabatın əsas hissəsi azərbaycanlı girovlara hərs olunmuşdu. Bizim 3 mülki vətəndaşımız öz ana torpaqlarına, Vətənlərinə gedərkən bunları yaxalayıblar, diversant adlandırıblar. Verilən işgəncələr nəticəsində həmin 3 nəfərdən biri – Həsən Həsənov dünyasını dəyişib. Digər iki nəfərə verilən işgəncənin izlərini isə Ermənistan mətbuatından onların məhkəməyə gətirilən foto və videolarına baxdıqda da görmək mümkündür. Bütün bunlar hamısı işgəncə əlamətidir. Biz elə erməni mənbələrinə istinad edib həmin fotoları da təqdim etməklə hesabat hazırlamışdıq. Biz göstərmişdik ki, onların həbs olunmalarının qeyri-qanuni olmağı, qeyri-legitim məhkəmə tərəfindən mühakimə olunmaları azmış kimi işgəncələrə və insan ləyaqətini alçaldan davranışlara məruz qalıblar.
 
Ermənistan üzrə məruzəçi bizim hesabata istinad edərək öz məruzəsində azərbaycanlı girovlar məsələsinə yer ayırıb və deyib ki, girovlara – mülki əhaliyə qarşı işgəncə və qeyri-insani hərəkətlər olub. Daha bir komitə üzvü də bununla bağlı sual verib, narahatlıq ifadə edib. Belə olan təqdirdə Ermənistan dövləti İşgəncələr Əleyhinə Komitədə hesabat verərkən mütləq cavab verməlidir. Ermənistan dövlətinin noyabrın 24-də verdiyi cavab cəfəngiyyat bir cavab idi. Heç nə ilə əsaslandırmırlar. Bildirirlər ki, onlar diversant olub və sair. Yaxşı, lap diversant olsalar belə heç kim işgəncəyə məruz qalmamalıdır. Yəni, tutarlı cavab verə bilməyiblər. Beləliklə, artıq azərbaycanlı girovlarla bağlı məsələ işgəncələr əleyhinə dünyada mövcud olan ən yüksək orqanın – BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin diqqətinə çatdırılıb. Əgər müqavimət, erməni lobbisinin aktiv fəaliyyəti olmasa, azərbaycanlı girovlarla bağlı məsələ komitənin Ermənistan üzrə hazırlayacağı irad və qeyd-şərtlərdə də öz əksini tapacaq. Ancaq onu da deyim ki, Ermənistan hökuməti artıq bundan çox narahatdır.
 
 
– Məruzəçinin sualını Ermənistan tərəfdən kim cavablandırıb?
– Mənim bildiyim budur ki, Ermənistan nümayəndə heyəti azərbaycanlı girovları casus, diversant adlandırıb. Yəni, həmişəki sözləri söyləyiblər. Amma yenə deyirəm, hətta, belə olsa da bunun məsələyə dəxli yoxdur. İşgəncə olmamalıdır.
 
 
– Bəs, komitə üzvü Ermənistan nümayəndəsinə bu sualı verməyib?
– Daha o hissəni ətraflı bilmirəm. Orda sadəcə bir məsələ qoyulmur, onlarla məsələ qaldırılır. Burda uğurun nədə olduğunu bilirsiniz? Məsələ ondadır ki, Ermənistan nümayəndə heyətinin hesabatına çoxlu sayda alternativ hesabat verilmişdi. Buna baxmayaraq, məruzəçinin diqqətini bizim hesabatda əskini tapmış azərbaycanlı girovlarla bağlı məsələnin cəlb etməsi özü müsbət bir haldır. Düzdür, azərbaycanlı girovlarla bağlı məsələyə təkcə biz daha çox yer ayırmışdıq. Amma Gürcüstandan olan daha bir təşkilat öz hesabatında girovlar məsələsinə qısa yer ayırmışdı. Həmin təşkilatın nümayəndəsi Elbrus Məmmədov Cenevrəyə səfər edərək sessiyada və komitə üzvləri üçün brifinqdə də iştirak edib.
 
– Bu müzakirənin, azərbaycanlı girovlarla bağlı məsələnin qaldırılmasının nə kimi müsbət təsirləri ola bilər?
– Belə bir müzakirənin olması sonra qəbul olunacaq qərarlarda, istər Avropa İnsan Hüquqları Məhkəməsində və ya digər məsələlərdə, yaxud bizim hansısa rəsmi şəxsin qaldırdığı məsələdə öz əksini tapa bilər. Yəni, onlar deyə bilərlər ki, baxın, bu məsələ BMT-ni də narahat edib və BMT-nin rəsmi məruzəsində bu məsələ öz əksini tapıb.
 
 
– Bundan sonrakı mərhələdə BMT-nin bu istiqamətdə hansı addımlar atacağı gözləniləndir?
– Sessiya artıq başa çatıb. Bundan sonra iki həftə ərzində İşgəncələr Əleyhinə Komitə Ermənistan üzrə ümumi xarakterli yekun irad və tövsiyələr sənədini açıqlayacaq. Yekun sənəddə dövlətə 50 bənddən ibarət irad bildirilir, tövsiyə verilir və vaxt verir ki, bunları aradan qaldırsın. Biz gözləyirik ki, azərbaycanlı girovlarla bağlı məsələ ümumi xarakterli yekun irad və tövsiyələr sənədində əksini tapacaq. Amma bu çox ciddi məsələ olduğu üçün mən Ermənistan hökumətinin buna müqavimət göstərəcəyini də istisna etmirəm. Çünki dövlət yekun sənəddə əksini tapan məsələləri prinsipcə yerinə yetirməlidir. Ümumiyyətlə, hətta, yerinə yetirməsə, qulaqardına da vursa, artıq bu ciddi pozuntu sayılır və növbəti hesabat dövründə bu məsələ xatırlanır. Bu baxımdan Ermənistan tərəfi girovlarla bağlı məsələnin məruzəçinin hesabatında əksini tapmasından, müzakirə zamanı bu məsələnin qaldırılmasından narahatdır. Ona görə də çalışacaqlar ki, bu məsələ ümumiyyətlə, hesabata düşməsin.
 
Son olaraq onu qeyd edim ki, BMT-nin İşgəncələr Əleyhinə Komitəsində azərbaycanlı girovlarla bağlı məsələnin müzakirəsi və məruzəçi səviyyəsində qaldırılması indiyədək bu istiqamətdə aparılan işlərdə əldə edilən ən ciddi uğurdur. Əlbəttə, ən böyük uğur onların azad olmasına nail olmağımız olacaq.
 

Загрузка...
Загрузка...