​Dillə zarafat etmək olmaz... - "İndi bizə Abbas Zamanov lazımdır!"

 
 
Son bir neçə ildir ki, dilimizin başına oyun açan “dilbaz”lar peyda olub, millətə necə yazmaq, hansı sözlərdən necə “yararlanmaq” dərsi keçirlər. İş gəlib o yerə çatıb ki, artıq dialektlər, şivələr, ləhcələr də qalıb bir tərəfdə, məhəlli sözləri də “Orfoqrafiya lüğəti”nə pərçimləməyə girişiblər. Özü də bunu dilimizin qorunması üzrə məsul olan rəsmi struktur – AMEA-nın Dilçilik İnstitutu adından edirlər.
Dayanın, cənablar, bu dil sizin şəxsi dədə malınız deyil ki, onunla nə cür istəsəniz rəftar edəsiniz! Bu dil millətin dilidir – Dədəmiz Qorqudun dilidir, böyük Füzulinin, Nəsiminin, Vaqifin, Aşıq Ələsgərin, Sabirin, Mirzə Cəlilin, Üzeyir bəyin, Səməd Vurğunun, Şəhriyarın, Bəxtiyar Vahabzadənin, Məmməd Aslanın... dilidir! Bunlardan kim sizi vəkil edib ki, onun diliylə oynayasınız? Təbii ki, elmi-texniki tərəqqi nəticəsində dünyanın bütün dillərinə, onun lüğət tərkibinə minlərlə söz daxil olur və insaf naminə, daxil də olmalıdır! Buna kimsə etiraz edə bilməz! Amma min illərdir ki, dilimizdə öz yerini tutmuş, bir növ “daşlaşmış” sözlər var ki, onlara toxunmaq, yaddaşlardan sildirmək olmaz! Yeni söz yaratmaq, dilimizin səlisliyini pozan sözlərdən imtina etmək, adekvat yanaşmaq, variantlar üzərində uzun-uzadı (bundan qorxmaq lazım deyil) müzakirələr açmaq, lazım gələrsə, bir neçə il pilot layihə kimi sınaqdan keçirmək, hətta müxtəlif məsələlərə dair keçirilən referendumlarda bu sözləri də səsvermə yolu ilə dilimizə gətirib lüğətimizi zənginləşdirmək lazımdır. Yoxsa ki “mən belə istəyirəm, mən uşaqlıqda məhəlləmizdə filan sözü filan kimi eşitmişəm, kəndimizdə belə deyirdilər” təfəkkürü ilə “düzəldilən” lüğət siz o institutdan uzaqlaşdırılandan sonra yenidən dəyişikliyə məruz qalacaq! Buna əmin ola bilərsiniz! Tarix belə təbəddülatı çox görüb.
 
Biz dilə balası kimi yanaşan dilçi alimlər görmüşük. Yaxın tariximizdə Əbdüləziz Dəmirçizadə, Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Ağamusa Axundov, Fərhad Zeynalov, Əlövsət Abdullayev, Tofiq Hacıyev,  Samət Əlizadə, Zinyət Əlizadə, Afat Qurbanov, Kamal Abdulla, Kamil Vəli Nərimanoğlu, İsmayıl Məmmədov və b. kimi korifey dilçi alimlərimiz dilimizin tarixini tədqiq etməklə bərabər, onun zənginləşdirilməsi, qorunması yolunda misilsiz xidmət göstəriblər. Bu alimlər heç vaxt subyektiv fikirlərini, düşüncələrini milli mənafeyimizə sırımağa cəhd də etməyiblər. İndi nə dəyişdi, nə oldu ki, millətin dilinə bu qədər sərbəst müdaxilə edirsiniz? Kim sizə bu haqqı verib? Dilimizin şəhdi-şirəsini publisistik yazıları, şeirləri, teleçıxışları ilə az qala hər kəsin iliyinə yeridən görkəmli şair Məmməd Aslan bir dəfə yaxın dostu olan televiziya əməkdaşını biabır edəndə düşündüm ki, yəqin verilişində Məmmədin xətrinə dəyib. Demə, bu aparıcı veriliş boyu bir-iki sözü tamaşaçılara təhrif olunmuş şəkildə çatdırıbmış. Məmməd bu hadisədən odlanmışdı. Birtəhər sakitləşdirib zavallını əlindən aldım və dedim ki, nəyinə lazımdı, dilin sahibi sənsən? Kişi bu dəfə onu buraxıb mənim üstümə düşdü: sənə naşir deyənə lənət, bilmirsən dilin sahibi kimdir? Mən olsaydım, əhəmiyyət verməzdim, dil xalqındır, millətindir, bu tərbiyəsiz bütün milləti təhqir edib...
Yadıma Atatürklə bağlı oxuduğum bir arxiv sənədi düşdü. Demək, Atatürk köşkdə gəzinir, görür ki, bayırda bir qarı mühafizəçilərə yaxınlaşır, onlar da qarını uzaqlaşdırmağa cəhd edirlər. Özü girişə yaxınlaşıb qarını içəri buraxdırır, gətirib bir skamyada otuzdurur. Qarı görür bu kişi söz sahibidir, mühafizəçilər ona əsgəri (ta dizin düzəltdiyiniz kimi “əskəri” yox) salam verirlər, soruşur ki, sən buraların sahibisən? Atatürk bu sözdən diksinən kimi olur, dərhal cavab verir ki, yox, annəcan, buraların sahibi böyük türk xalqıdır, mən buraların qoruyucusuyam... Məmmədi onda anladım.
Mən ali məktəbi bitirəndən naşir kimi fəaliyyət göstərirəm. Son illər redaktor yoldaşlarımla birlikdə nə qədər əziyyət çəkirəm, orfoqrafiya qaydaları neçə dəfə dəyişdirilər?! Biz də məcbur olub dilimizin Konstitusiyası saydığımız “Orfoqrafiya lüğəti”nə tabe oluruq. Bəzən bu qaydaları dəyişdirənləri söyə-söyə məcbur oluruq bildiyimiz həqiqətləri təhrif edirik. Bu, mühafizəkarlıqdan irəli gəlmir, hərçənd dili qoruyub saxlayan həm də mühafizəkarlıqdır! Bu, kəşf deyil, dünyanın dil düzənini qoruyub saxlayan doqmadır. Mənim 40-45 il sərasər dillə işləyən çox savadlı həmkarlarım var ki, onların təcrübəsindən, biliyindən yararlanmaqla dilimizin zənginləşdirilməsində, inkişafında, qorunmasında istifadə etmək olar. Amma təəssüf ki, dil məsələləri ilə bağlı heç bir müzakirəyə, mübahisəyə – bəli, məhz mübahisəyə ( əsl həqiqət ciddi mübahisə nəticəsində əldə olunur) bu səriştəli redaktorlardan birini də dəvət etmirlər...
   
Hazırda dünyanın texnoloji dili hesab olunan latın dili ölü dillər içərisində “layiqli” yerini tutmaqdadır. Qorxuram ki, illər sonrası Allah eləməsin,  bizim də dilimiz məhz naşı, kütbeyin, özündənrazı “alimlərimiz”in sayəsində belə taleyi yaşaya bilər. Dilimizə bu qədər təcavüz etməyin, cənablar! Övladlarımız birlikdə bu təcavüzün qurbanlarına çevrilə bilər.
Sonda bir təklifimi müzakirə edib qəbul etməyinizi istərdim, əziz oxucular: dilimizin qorunması üçün bütün dilçi alimlərimizdən, yazarlarımızdan, ali və orta məktəblərin dil və ədəbiyyat müəllimlərindən, qəzet, sayt, nəşriyyat redaktorlatından ibarət bir komissiya yaradıb təklif olunan dəyişiklikləri, əlavə olunacağı nəzərdə tutulan sözləri, qaydaları geniş müzakirə edək, araşdıraq və mükəmməl lüğət hazırlayaq. Labüd dəyişiklikləri və yeni sözləri bülleten kimi dərc dərc edib ümumxalq müzakirəsinə verək. Yoxsa, Mirzə Cəlil demiş, dil əldən gedəcək! Görkəmli alim Abbas Zamanovun vaxtilə Akademiyanın məşhur iclasındakı replikası bu gün hava və su kimi lazımdır! İndi də Abbas müəllim hörmətlə anılır. İndi bizə Abbas Zamanov kimi ürəyi Vətən, Millət eşqilə alışıb yanan ziyalı lazımdır!
 
 
Əlövsət Ağalarov,
"Azərnəşr"in baş redaktoru, keçmiş millət vəkili

Загрузка...
Загрузка...