Dilçilik İnstitutu Tərcümə Mərkəzinə CAVAB VERDİ: “Bəziləri lüğətin funksiyasından xəbərsizdir” -

 
Son vaxtlar Nəsimi adına Dilçilik İnstitutu, xüsusən də institut tərəfindən hazırlanan lüğətlər Kütləvi İnformasiya Vasitələrində müzakirə mövzusudur. İnstitut tərəfindən hazırlanan lüğətlərin mənasız sözlərlə doldurulduğunu deyən də var, həmin lüğətlərə alternativ hazırlamaq istəyən də. Bu lüğətlərin hazırlanmasında ən çox rolu olan lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədli isə bu yaxınlarda 70 yaşını tamamlayacaq.
Ömrünü dilçiliyə həsr etmiş alim Publika.az-ın qonağı olaraq həm gördüyü işlərin hesabatını verdi, həm də bu vaxta qədər lüğətlərlə bağlı iradları cavablandırdı.
İsmayıl Məmmədli: 1967-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirib. 1970-1973-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında əyani təhsilini davam etdirib. İnstitutun direktoru Məmmədağa Şirəliyevin rəhbərliyi ilə “Kommunist qəzetinin leksikası” adlı namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə "Azərbaycan dilinin etnolinqvistikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Filologiya elmləri doktoru" alimlik dərəcəsi alıb. Mətbuat, televiziya ilə bağlı “Ekran-efir dilimiz” adlı kitabını çap etdirib. Alimin sözlərinə görə, bu televiziya dilindən yazılmış ilk kitab olub. 20-dən artıq fəlsəfə doktoru, 2 elmlər doktoru yetirib, Slavyan, Dillər Universitetlərində yetirmələri işləyir. 13 kitabın müəllifi olub. Sonuncu - 2013-cü ildə çap olunmuş “Orfoqrafiya” lüğətinin redaktorudur. 1979-cu ildən Dilçilik İnstitutunda Lüğətçilik və terminologiya şöbəsində fəaliyyətə başlayıb, 1989-cu ildən şöbə müdiridir.
- 30 ilə yaxındır ki, şöbə müdirisiniz. Şöbənin bugünkü vəziyyəti, gördüyü işlər sizi qane edir?
- Əlimizdən gələni edirik. Bizim yaşlı lüğətçilərin əksəriyyəti dünyasını dəyişib. Akademiyanın müxbir üzvü Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə kimi köhnə nəsildən olan şəxslərin əksəriyyəti rəhmətə gedib. İndi yaşlı nəsildən Nigar Ağayeva var. O, 70 yaşındadır, ondan sonra da mənəm. Yetirmələrim də var - Nəriman Seyidəliyev “Frazeologiya”, “Sinonimlər” lüğətini hazırlayıb. “Azərbaycan dilinin məcazlar lüğəti”, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” çap olunub, “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” hazırdır, maliyyə probleminə görə çap edə bilmirik. “Yeni sözlər lüğəti” hazırlayırıq və yaxın zamanda çap olunacaq. Burada son illər yaranan 2 mindən çox söz izahı ilə birlikdə veriləcək. Bununla yanaşı “Azərbaycan dilinin izahlı lüğəti” təkmilləşdirilir. Bu dəfə cildlərin sayı artacaq, təxminən 7 cildə çatacağını düşünürük. Düzdür, lüğət pambıq planı deyil ki, dəqiq neçə cild olacağını deyək. Sadəcə yeni yaranan sözlər əlavə ediləcək. “Orfoqrafiya” lüğəti də yenidən hazırlanır. Oraya yaddan çıxan sözlər əlavə ediləcək, mübahisələrə səbəb olan sözlərin doğru variantı yazılacaq.
- Lüğətlərdən danışmışkən, son vaxtlar onlarla bağlı iradlar çox olur.
- Hesab edirəm ki, bu müzakirələrin çox olması lüğətlərin funksiyası ilə bağlı məlumatın az olmasından irəli gəlir. Hələ də, bilmirlər ki, “Orfoqrafiya”, ya da “İzahlı” lüğətin vəzifəsi nədir. Elə düşünürlər ki, “Orfoqrafiya” lüğəti ümumişlək sözlər lüğətidir. Lüğətin kimə ünvanlandığını bilməliyik. Azərbaycan dilinin “Orfoqrafiya” lüğətində xalqın min illərdən bəri istifadə etdiyi sözlər olmalıdır. Hətta Dədə-Qorqudda istifadə edilən sözlər belə burada verilməlidir. Bəziləri deyir ki, dialekt, köhnəlmiş sözlər bu lüğətdə yer almamalıdır. Lakin bu, düzgün yanaşma deyil. Biz həmin sözləri ona görə əlavə edirik ki, onlar itib-batmasın. Dialekt, şivə nümayəndəsi olan yaşlı nəsil dünyasını dəyişəndən sonra o sözləri haradan toplayacağıq. Ona görə də həmin sözlərin hamısını qeydə almalıyıq.
- Olmazmı ki, həmin dialektlər, arxaik sözlər ayrı lüğətdə verilsin?
- Əvvəl dialekt lüğəti yox idi. Bu lüğət ilk dəfə 1999-cu ildə Ankarada iki cilddə hazırlandı. 2006-cı illərdə Azərbaycanda da dialektoloji lüğət çap olundu. Ötən əsrin 30-cu illərində “Xalq şivələri lüğəti” cəmi iki hərf çap olunmuşdu. Azərbaycan dilinin tarixi lüğəti hələ də yoxdur. Bəziləri tarixi, arxaik ifadələrin “Orfoqrafiya” lüğətində verilməsinə qarşı çıxır. Bəs o sözləri harada verək? Hələ ki, tarixi sözlər lüğəti yoxdur, həmin sözlər bu lüğətdə saxlanmalı, yaşamalıdır. Yeni “Orfoqrafiya” lüğəti hazırlayanda dialekt sözlərin bəziləri çıxarıla bilər. Lakin tamamilə bütün dialektləri ixtisar edə bilmərik. Çünki bəzi sözlər var ki, onlar artıq ümumişləklik qazanıb, xalq dilinə uyğunlaşıb. Məsələn, baramaçılıq, dabbaqlıq, dulusçuluq etnoqrafiyada bir sahədir, lakin bunlar hamısı orfoqrafiya lüğətində olmalıdır. Çox adam kümdar, kümçü sözünün mənasını bilmir. Bunlar baramaçılıqla bağlıdır. Amma bu o demək deyil ki, həmin sözləri lüğətə salmamalıyıq. Lüğət çox qəliz məsələdir, bununla mütəxəssis məşğul olmalıdır. Yoxsa hansısa söz bura nə üçün salınıb deməklə iş bitmir.
- Amma sizi tənqid edənlər sıravi insanlar deyil. Onlar arasında dilçiliklə məşğul olanlar, ədəbiyyat adamları, jurnalistlər var. Bu yaxınlarda Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq Afaq Məsud lüğətlərlə bağlı iradını bildirmişdi. Yəni bu qədər tənqid edənlərin heç biri lüğət işini bilmir?
- Demirəm ki, bilmir. Sadəcə bəziləri lüğətin funksiyasından xəbərsizdir. Dildə, yazıda olan bütün sözlər “Orfoqrafiya” lüğətində olmalıdır. Qəzet, media verirsə, televiziya, kinoda bu sözləri eşidiriksə, onları lüğətdə verməmək bizim günahımız olar. 1960-cı illərdə “həndbol” sözü, “qandbol” kimi yazılırdı, illər sonra o formalaşdı, normaya uyğunlaşdı. Yəni lüğətdə sözlər tədricən, zamanla formalaşır. Hər adam lüğətçi ola bilməz. Afaq xanım müsahibəsində lüğətdə “Dartma yaxam cırıldı” birləşməsinin olduğunu demişdi. Amma mən lüğətə baxmışam, dediyi ifadə orada yoxdur. O, bəzi ifadələri bizə irad tutur, lakin həmin sözlər yazıçıların əsərlərində var. Bəlkə də geniş yayılmayıb, amma o söz olmazsa, lüğətə salınmaz ki. Biz də kitablardan bəhrələnirik.
- Bəs siz özünüz bu lüğətlərdə heç qüsur görmürsünüz?
- Lüğət zamandan geri qalır. Bəzən biz lüğəti hazırlayıb çapa verəndə bir müddət sonra yeni sözlər yaranır. Bu zaman yeni sözləri lüğətə salmamağımız bizə irad tutulur. Lüğət hazırlamaq paltar almaq deyil. Gərək sözləri topalayasan, yazasan, mənasını açasan ki, lüğətə salınsın. Bundan başqa, hər hansı söz diqqətdən qaça bilər. Bizə irad tuturlar ki, 2013-cü ilə “Orfoqrafiya” lüğətində “kompüter” sözü iki variantda verilib. Bu yanlış fikirdir. Lüğətdə söz yalnız bir - kompüter formasında verilib. Bu zaman da hımin söz Nazirlər Kabineti ilə razılaşdırılıb. Onun kimi şeir, feil sözləri də razılaşdırılaraq verilib. Dil inkişaf edir, yaddan çıxan da ola bilər. Bəzən korrektorun səhvinə görə, sözlər yanlış verilə bilir. 2004-cü ildə biz tabaşir yazmışdıq, 2013-cü ildə bu, təbaşir yazılıb. Korrektor özü bunu icad edib, sözü bu formada verib. Halbuki, ərəb dilində də söz tabaşir formasındadır. Söz “nəqərat” olmalıdır, amma lüğətdə “nəqarət” formasında verilib. Bu sözlər mən oxuyandan sonra korrektor tərəfindən dəyişdirilib. Bir kitabı neçə dəfə oxumalıyam? Mən səhifəyə qol çəkəndən sonra bir hərfi belə dəyişməyə ixtiyarları yoxdur.
- Bu, nəşriyyatda dəyişilib?
- Ola bilər korrektor edib, ya da tərtibçi dəyişib. 110 560 sözün içərisində redaktorun nəzərindən qaçan məqamların olması normaldır. Ağamusa Axundovun “Orfoqrafiya” lüğətində redaktor olduğu vaxtda müdrik, müdriklik kimi 8 söz yaddan çıxmışdı, 1975-ci ildə Əliheydər Orucovun hazırladığı lüğətdə stəkan sözü verilməmişdi, ucadan sözü var, amma ucadan yoxdur. Bu, bilməzlik deyil, sadəcə diqqətsizlikdən irəli gəlir.
- 2013-cü ildə sizin hazırladığınız lüğətdə belə unudulmuş sözlər varmı?
- Ola bilər. Amma çalışırıq ki, hər dəfə səhvlər bir qədər azalsın. 1975-cü il lüğətində yorğun və yorluq ikisi də verilmişdi. Yorğunu saxlamışıq, yorluğu çıxartmışıq. Çünki eyni mənanı ifadə etsələr də yorluq məhəllidir.
- Bayaq nəşriyyatın səhv etməsi məsələsinə toxundunuz. İnstitutun direktoru Möhsüm Nağısoylu da lüğətin “Şərq-Qərb” nəşriyyatı ilə birgə hazırlandığını demişdi. Dolayısı ilə səhvlərdə onların da rolu olduğunu vurğulamışdı. Amma nəşriyyat bu iradı qəbul etmədi.
- Nəşriyyatda korrektorlar səhv edə bilərlər. Səhvsiz iş olmur. Adi yazı yazanda da səhvlər ola bilər. Amma hər kəs bir-birinin üzərinə atır. Bu, doğru deyil. Səhvi kiminsə üzərinə atmaq yox, onları düzəltmək lazımdır. Tərcümə Mərkəzindən 700 yeni söz tapdıqlarını demişdilər. Lap yaxşı, həmin sözləri versinlər, biz də lüğətə əlavə edək. Təhsil Nazirliyindən bizə yeni sözlər təqdim etmişdilər, onlar lüğətə əlavə olundu. Bizim gözümüzdən qaçıbsa, lazımlı sözdürsə, onu bizə verdiklərinə görə ancaq “sağ ol” deyə bilərik. Açıq deyim bu qədər ali məktəb, televiziya, nəşriyyatlar var, ancaq bir nəfər gəlib 100-200 yeni söz təqdim etməyib ki, İsmayıl müəllim bu sözü tapmışıq lüğətə əlavə edin. Lakin ümumi danışırlar ki, lüğətdə 40 min qondarma söz var. İnsaf da yaxşı şeydir, o qədər qondarma söz ola bilməz axı. “İzahlı lüğət”in “Ab” sözü ilə başlamasını irad tuturlar. Özüm baxmışam, Türkiyədə də lüğət “ab” sözü ilə başlayır. Bu, o deməkdir ki, onların da lüğəti qondarmadır? Dilimizdə ab, abad kimi sözlər var. İzahlı lüğətdə bütün sözlərin izahı olmalıdır. Bu lüğət müasir dövrü əks etdirmir. Məsələn, gümrah sözü bir vaxtlar yolunu azmaq mənasında işlənib, bu gün isə sağlam kimi başlanılıb. Bu gün “alçaq” pis mənada işlənir. Dədə Qorqudda bu “Alçaq yerdə yapılıbdır, Tanrı evi”, yəni hündür yer mənasını verir. Yaxud “Filankəs özünü elə aparır ki, alçaq dağları bu yaradıb” burada da alçaq hündür mənasında işlənib. İllər ərzində sözlərin mənası çox dəyişib. Lüğətdə isə bunların hamısı olmalıdır.
- Yeni sözlərin təklif edilmədiyindən şikayətlənirsiniz. Bu yaxınlarda “ipəzor”, “geyçim” kimi sözlər təklif edilmişdi. Amma Dilçilik İnstitutu tərəfindən onlara münasibət birmənalı olmadı.
- Şəxsən mən özüm də o sözləri qəbul etmədim. Onlar məişətdə istifadə olunan sözlərdir. Gərək sözü dilçilər müəyyən etsin, çünki lüğəti onlar yaradır. Sözləri quraşdırıb yazmaq olmaz axı. “Ofisiant” sözünün qarşılığı kimi süfrəçi təklif edilmişdi. Dilimizdə xörək paylayan sözü olduğu halda, nə üçün süfrəçi işlətməliyik? Xörək paylayan pisdir?
- Pis deyil, amma bir sözlə ifadə olunsa, daha yaxşı olmazmı?
- Mümkün olduğu halda ifadə edə bilərik. Olmursa, yalanda söz yaratmağın mənası yoxdur. Stüardessa - təyyarə bələdçisi, aeroport - əvəzinə təyyarə meydanı istifadə etmək daha yaxşıdır. Başqa dildə bir sözlə ifadə olunması qarşılığının da elə olması mütləq deyil. Alpinizm əvəzinə dağçılıq sözü istifadə edilir. Bu, çox yaxşı haldır. Sərnişin əvəzinə yolçu sözü daha yaxşıdır. Qərbi Azərbaycanda biz bir vaxtlar kəndi (özü), qutlu (mübarək) sözü işlədirdik. İndi də o sözləri geri qaytara bilərik.
Publika.az olaraq bir daha İsmayıl Məmmədlini təbrik edir, yeni hazırlayacağı lüğətlərdə uğurlar arzulayırıq.